AMEA’nın Rehberliğine Açık Mektup!

20.01.2018 00:12

Kişi Okumuş

1 Yorum

AMEA’nın Rehberliğine Açık Mektup!

Hafiz Rüstem

(Dilçilik İnstitutunun rəhbərliyinə vaxtilə (15 iyul 2015) yazdığım, elə indi də aktuallığını itirməyən vacib bir məsələdən bəhs edən aşağıdakı məktubumu indi də AMEA-nın rəhbərliyinə ünvanlayıram).

Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin (Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyevin başı üstündən!!! Onda T.Hacıyev hələ sağ idi. Allah rəhmət eləsin! – H.R) irəli sürdüyü eynicinsli qoşa yy ilə yazılan sözlərin yalnız bir y ilə yazılması barədə təklifinə münasibətiniz necədir? Bilirsiniz ki, lüğət fondumuzda külli miqdarda bu tipli ərəbizmlər işlənməkdədir. Hələ onu da yəqin bilməmiş deyilsiniz ki, qəbul edilmiş orfoepik normaya görə, eynicinsli qoşa yy ilə yazılan sözlərdən bəziləri bir y ilə (vəziyət, ədəbiyat, şəxsiyət və s.), bəziləri isə qoşa yy ilə (hədiyyə, səyyar, qəyyum, səhiyyə və s.) tələffüz olunur ki, bu da şagirdlərimizin onsuz da çaşbaş qalmasına münbit şərait yaradır. Belə çıxır ki, bu təkliflə eynicinsli qoşa kk, pp, tt və qq hərflərilə yazılan sözlərdə ikinci kar samit onun cingiltili qarşılığı kimi tələffüz olunacaq. Məsələn səkkiz – səkgiz, tappıltı – tapbıltı, Səttar – Sətdar, diqqət – dikqət və s., eyni zamanda həmin qaydayla qoşasaitli sözlərin yazılışları tələffüzləri ilə əvəz olunacaq. Hələ onu demirəm ki, eynicinsli qoşa samitlərdən biri ixtisar olunarkən həm də biabırçı və anlaşılmaz sözlərin meydana gəlməsi qaçılmaz olar (Məs.: sikkə və s.).
Heç bilirsinizmi, bu “yenilik” orfoqrafiyada, həm də orfoepiyada necə bir idarəolunmaz və islaholunmaz bir xaosun yaranmasına səbəb ola bilər ki, sonralar uzun müddətə bu xaosun qarşısını almaq mümkün olmaz. Aydın görünür ki, hansısa gizli düşmən qüvvələr qabaqcadan hazırladıqları xain və məkrli planla dilçilik sarayımızın qızıl kərpiccikləri olan fonetikaya ağır bir zərbə vurub onu darmadağın etməyə təşəbbüs göstərir.
Bütün dillərdə, o cümlədən mənim mütəxəssisi olduğum fars dilində İran dilçiləri fars dilinin orfoqrafiyasını onun orfoepiyasına qurban verməyi heç ağıllarına da gətirmirlər. Məsələn: ədəbiyyat , hakimiyyət, ünsiyyət və s. eynən eyni orfoqrafiyada fars dilində də işlənir – loru, saya, dialektdə danışan farslar həmin eynicinsli qoşa yy samiti ilə yazılan sözləri bir y ilə də tələffüz edirlər. Ancaq heç də bu əsas vermir ki, ədəbi dilin orfoqrafik norması pozulsun. Bizdə də kim qara kütlənin dilində, rayon şivələrində danışmaq istəyirsə öz curları arasında danışsın. Ancaq heç kəsin yüksək ədəbi-elitar yazı dil normasını – orfoqrafik qaydaları oyuncağa çevirməyə haqqı yoxdur. Məncə, bu addım bütün sahələrdə olduğu kimi indi də dilçiliyin fonetika bəhsində növbəti təxribatdan başqa bir şey deyildir. Xahiş edirəm ki, bu konkret məsələyə rəyinizi bildirəsiniz. P.S.: Hələ “Maarif” nəşriyyatının baş redaktoru olduğum 2000-ci illərdə Dilçilik İnstitutunun direktoru Ağamusa Axundova şəxsən zəng edib apostrofun ləğv edilməsinə münasibətini soruşdum. O boyda akademik qorxa-qorxa, həyəcanla (sanki məhşər ayağına çəkmişdim) bir məmur buyruqçusu kimi bildirdi ki, bilirsiniz yuxarıların qərar və göstərişlərinə qarşı çıxa bilmərik. Bu elmi yox, siyasi-rəsmi sifarişin diktəsilə verilən cəfəngiyyat cavab idi.
Mən vaxtilə 5 iyul 2003-cü il tarixdə bir qəzetə verdiyim müsahibədə bildirmişdim: “1992-ci ildən yeni latın qrafikasına keçməyimizlə əlaqədar olaraq apostrof işarəsinin ləğvi (sabiq təhsil naziri F.Cəlilovun zamanında kiminsə ağılsız təşəbbüsü ilə bu işarə ləğv edilib – H.R.) bununla bağlı sözlərin oxunuşunda xeyli çətinliklər əmələ gətirmişdir. Bu işarə məlum olduğu kimi dilimizə keçmiş təxminən 100-ə yaxın ərəb sözlərindəki spesifik boğaz saitlərini bildirmək üçün uzun müddət işlədilmiş və özünü doğrultmuşdur. Məsələn, Quran, bəzən, əla, şəri, nərə, səy, fel, şer, tənə, nəşə və s. sözləri apostrofsuz işlədəndə bunlar həm omonimlərə çevrilir, həm də tələffüzləri çətinləşir. Məgər dilimizə keçmiş ərəb mənşəli sözləri asanlıqla müəyyənləşdirən, onların tələffüzünü dəqiqləşdirən bu işarənin ləğvi əlifbamızı əcnəbi təsirlərdən qorumağa xidmət edir? Əksinə, zənnimcə, nə qədər ki, dilimizdə əsasən birinci, bəzən də ikinci hecasında uzanan spesifik ə, e, ö saitlərindən biri olan sözlər var, apostroflu sözlər də olacaq”.
Üstündən illər keçəndən sonra bu yaxınlarda Dövlət Dil Komissiyasının üzvü İ.Məmmədov bildirib ki, apostrofun qalması Azərbaycan dilini öyrənənlərə bu dili daha dərindən, incəliklərinə qədər öyrətməyə imkan verərdi: “Tədris işində apostrof həm hecaya ayırma, həm məna fərqləndirməsi, həm də tələffüz zamanı bəzi sait səslərin uzanmasına xidmət edirdi. Məsələn, şölə, şöbə, məna sözlərində birinci sait səslər uzanırdı. Yaxud “bəzən” (zərf – bəzi vaxtlarda) və “bəzənmək” sözlərində məna fərqlidir, apostrof olmadığına görə məna təhrifinə yol verilir. Apostrof olanda isə bu fərq bilinirdi. Apostrof götürüldüyü üçün indi şagirddə, dinləyicidə hazırlıq o qədər güclü olmalıdır ki, bu fərqləri özü bilsin. Amma bu, heç bir mənbədə yoxdursa, bu qayda da çıxardılıbsa, şagird bunu haradan bilər?! Akademiklər, professorlar bu detalları bilirlər, amma orta məktəbdə dilin qanunlarını öyrənən uşaqlar bunu bilmirlər. Dili, yazını, tələffüzü öyrənən adam da bu məsələlərdə çətinlik çəkir”.
Yuxarıda dediklərimi nəzərə alıb təklif edirəm ki, sözlərin yuxarıdakı bəzi orfoepik normaları orfoqrafik normalara şamil edilməsin, eyni zamanda dilimizdə vətəndaşlıq hüququ qazanmış bəzi ərəb mənşəli sözlərin yazılışını və oxunuşunu asanlaşdıran apostrof işarəsi bərpa edilsin.

Hafiz Rüstəm
“Kövsər” nəşriyyatının baş redaktoru,
Şair-tərcüməçi,
ədəbiyyatşünas-tədqiqatçı

İlgili Terimler :

YORUMLAR