ANA DİLİM – TÜRK DİLİM

10.10.2017 11:28

292 Kişi Okumuş

2 Yorum

ANA DİLİM – TÜRK DİLİM

Hafiz Rüstem

hafiz.1951@mail.ru

Mən bədbinlərdən və şəkkaklardan fərqli olaraq optimistəm. Böyük və keşməkeşli tarixi yol keçib, assimilyasiyalardan, yad təsirlərdən, küncə sıxışdırılmalardan, hətta öz doğma düşmənlərindən qurtularaq üzügələcəyə əzəmət və qüdrətlə addımlayan doğma dilimi dəlicəsinə sevdiyimi gizlətmirəm. O, mənim Leylim, mən onun Məcnunuyam. Ancaq ictimai-milli, ümumbəşəri bir hadisə olan bu dili şəxsi məhəbbətlə məhdudlaşdırmaq olmaz.
Ana dilimiz əsrlərcə bu dildə danışmış, indi də bu dildə danışan, gələcəkdə də bu dildə danışacaq eynidilli sələf və xələflərin zaman və məkan ölçülərinə sığmayan, qiyamət gününəcən yaşamağa hesablanmış qüdrətli nitq və təmas dilidir.
Bu dil təkcə gözlə görünən, toxunmaqla hiss olunan obyekt və hadisələrin adlarını bildirmir. Bu dil eyni zamanda insan ürəyinin adi gözlə görünməyən ən dərin, möcüzəli qatlarını, solmaz, dilbər guşələrini canlı, olduğu və göründüyü kimi göstərir. Mənim dilim bu məchul, müqəddəs yerlərin ən bakirə, ən məsum gözəlliklərini güldən daha zərif və təravətli, bülbüldən daha şaqraq, daha incə və məlahətli təsvir və ifadə etmək gücündədir.
Həm azəri-türk, həm də fars ədəbiyyatında müştərək işlənən iki məşhur obraza müraciət edək: Gül, Bülbül. Hələ bu sözlərlə həmqafiyə olan məhz bizim dilə məxsus “könül” sözünü demirəm.
Əvvəlcə bir həqiqəti də bildirim ki, əruzda yazılan poetik nümunələrdə fars dilinə məxsus izafətlər – ismi birləşmələr həmin vəznin ahəngdar təqtilərini, xüsusilə qəzəllərin ramolmaz, hər sözə uyuşmaz bəhrlərini yaratmaqda müəyyən üstünlüyə malikdir.
Bir-birilə kök həmqafiyə olan gül, bülbül sözlərində təbiətin möcüzəsi kimi könül oxşayan cingiltili samitlərlə dodaqlanan, incə saitlər bu sözlərdə təkcə cingiltili və incə səslənmir, sanki bir-birinə sadiq, bir-birinə yaraşan sevgililər kimi öpüşməyə hazırlaşırlar. Tələffüz edərkən gül bülbüllə sanki öpüşür. Elə buna görə də qəlbən sevən iki şöhrətli aşiqin busələri qədər zərif və dadlıdır bu sözlər. Bu sözlər qüdrətdən gözəllik taxtında əyləşiblər.
Şəkər dilli farslar gülə – qol, bülbülə – bolbol deməklə hər iki xalq üçün ortaq olan bu sözlərin qapalı saitlərini açıq saitlərə çevirir, cingiltili samitlərin həmin qapalı, sanki naməhrəmlərdən gizlənən, zərif, incədən-incə saitlərlə harmonik sintezini pozur, bu sözlərin ümumi ahənginə xələl gətirir. Məhz fars dilinin fonetik qanunlarından irəli gələrək bu şahanə sözlər gözəllik taxtından sanki zorla, kobud şəkildə aşağı endirilir.
***
Mən millətçiliyin, şovinizmin qəti əleyhdarı olaraq öz millətimi və millətimin danışdığı musiqili, məzmunlu, işlək, bütün funksional üslublarda geniş ifadə imkanlarına malik olan, incə və qüdrətli ana dilimlə fəxr edirəm. Bu dilin təsir dairəsində olan azsaylı xalqlar, millətlər onu hakim dil olmaqdan daha çox qeyri-azərbaycanlıları, qeyri-müsəlmanları da birləşdirən, doğmalaşdıran, Şərq, İslam və ümumiyyətlə, dünya mədəniyyətinə qovuşduran, öyrənən, öyrədən, öyrənilən, sülh və nizam yaradan ikinci bir ana dili kimi həmişə sevmiş və həmişə də sevəcəklər. Çünki bu dil həm də məhdud milli çərçivədən çoxdan kənara çıxmış beynəlxalq ünsiyyət vasitəsidir.
S.D.Neçayev: “İndi Avropada fransız dili kimi tatar dili də (yəni azəri türkcəsi – H.R.) Qafqaz xalqları arasında hamının işlətdiyi dildir”.
A.Bestujev-Marlinski: “Qafqaz diyarının tatar dili türk dilindən az fərqlənir və fransızcanı bilib Avropanı başdan-başa gəzmək mümkün olduğu kimi, tatar dilini bilməklə də bütün Asiyanın o başından vurub bu başından çıxmaq olar”.
M.Y.Lermontov: “Tatarcanı öyrənməyə başlamışam. Burada və ümumiyyətlə, Asiyada bu dil Avropada fransız dili kimi zəruridir”.
A.Fon-Qeksthayzen: “Bu dil Cənubi Qafqazda xalqlar arasında rabitə, ticarət və qarşılıqlı anlaşma dilidir. Bu mənada onu Avropada fransız dili ilə müqayisə etmək olar”.
Bu, mövcud milli sərhədləri çoxdan aşmış Azəri dilini sevməmək günahdır:

Ölməz “Türk divanı” – Füzuli dili,
Nəsildən-nəsilə qaldın yadigar.
Ölkəmin köhnəli, təzəli dili –
Çox ulu, çox qədim bir keçmişin var!

Qranit köksünü tarixə yenə
Gərmisən Qobustan qayaları tək.
Qorqud yarandığı gündən bu günə
Gəlib sözlərindən libas geyərək.

Dövrandan-dövrana keçib izlərin…
Gah Orxon-Yenisey, gah Kaşğaridən
Dirilik suyunu içən sözlərin
Kobud türk ləhcəsi sayılmış bəzən.

Adlayıb gəlmisən yüzillikləri
Vuruşa-vuruşa sən Babək kimi.
Əsatir, əfsanə gözəllikləri
Asılıb boynundan bir çələng kimi.

Bəzən Nəsimi tək sən öz dərindən
Soyula-soyula gəlmisən bəri.
Yurdumun Xətai üfüqlərindən
Saçmısan günəş tək al şəfəqləri.

Yenə cövlan edən Çənlibelimdə
Qıratlı, Düratlı qəhrəmanımsan.
O taylı-bu taylı doğma elimdə
Taysız taleyimsən, tərcümanımsan.

Bütöv nifrətimin, məhəbbətimin
Kəskin dili sənsən, şux dili sənsən!
Saralıb-solmayan söz sənətimin
ƏZƏLİ,
AXIRI,
ÖZÜLÜ sənsən!

Səndədir qüdrətli söz ehtiyatı,
Dünya dillərindən birisən, dilim!
Səndədir millətin müqəddəratı,
Həmişə canlısan, dirisən, dilim!

Bu başı bəlalı doğma vətənə
Ana südüm qədər təmiz, görk dilim!
Azərbaycan dili deyirlər sənə,
Mənim ana dilim – doğma türk dilim!

***
AYƏTULLAH XAMENEİDƏN TÜRKCƏ BİLMƏYİN VACİBLİYİ BARƏDƏ TÖVSİYƏ – Video
İranın Ali dini rəhbəri Ayətullah Əli Xameneinin Tehranda azərbaycanlı (türk) şəhid ailəsini ziyarəti zamanı şəhidin oğlu ilə maraqlı dialoqu olub.
Seyid Əli Xamenei uşaqla söhbətinin sonunda ondan türk, ya fars olduğunu soruşur. Xameneinin “Türksən, ya fars?” sualına uşağın anası övadının türk dilini bilmədiyini, amma deyilən sözləri başa düşdüyünü qeyd edir.
Ayətullah Xamenei isə uşaqlarla türk dilində danışmağın vacibliyini vurğulayır.
İran rəhbərinin şəhid ailəsi ilə maraqlı dialoqunu təqdim edirik:

 

 

İlgili Terimler :

YORUMLAR

İsminiz

 

E-Posta Adresiniz

Yorumunuz

hafiz
10 Ekim 2017 - 13:29

Bəli, mən ana dilimizə, türkün sözünə dəlicəsinə aşiqəm. Necə ola bilər ki, dünyaya misilsiz, tarixin özü qədər yaşlı “Kitab-i Dədə Qorqud”u bəxş edən dilimiz sevilməsin? Necə ola bilər ki, bu qüdrətli dilin varisi olasan, harda olursa-olsun öz dilində danışmayasan, dəbdə olan dillərə ancaq rəğbət göstərəsən? Yuxarıdakı məqalədə təkzibedilməz dəlillərlə Avropada fransız dili necə ümumişləksə, Asiyada eyni dərəcədə populyar olan ana dilimizin qüdrətli bir beynəlxalq dil olduğunu sübut etməyə çalışmışam. Ar olsun özgə dilləri mənimsəyən, öz dilini unudan bu cür miskin, tutuquşu adamlara! Görürsünüzmü İİR-nin dini rəhbəri, türk mənşəli Ayətullah öz övladını ana dilində yaxşı öyrətməyən türk kökənli anaya irad tutur ki, fars dili ilə yanaşı ilk növbədə doğma dil öyrədilməlidir. Halal olsun İran inqilabının rəhbərinə! İranda ən yüksək vəzifəli bu ağsaqqal şəhid ailəsi ilə təkcə türkcə danışmır, həm də onlara öz dillərində rəsmən danışmağı məsləhət görür.

hafiz
10 Ekim 2017 - 13:38

Yuxarıda “Ana dilim – türk dilim” şerim öz ana dilimə sonsuz sevgidən, müqəddəs milli duyğularımdan yarandı. Yeri gəlmişkən qeyd edim ki, gec-tez haqq öz yerini tutacaq, bizim millətə sırınan qondarma coğrafi “azərbaycanlı” adı türk adı ilə əvəz olunacaqdır. Bir sözlə, dinimiz – İSLAM, dilimiz – TÜRK dilidir.