Azərbaycan imperiya tələsində (Azerbaycan emperyal tuzakta)

30.06.2017 10:35

1.060 Kişi Okumuş

0 Yorum

Azərbaycan imperiya tələsində (Azerbaycan emperyal tuzakta)

Halik Bahadır / Azerbaycan

Azərbaycan bir ailənin tələsindədir. Bu, çoxdan qurulmuş, ölkə resurslarını pay-püşk etməklə dünyanın bir çox güclərinə bağlanmış bir tələdir. Xalq bu tələdən yalnız böyük birlik yoluyla qurtula bilər. Ancaq o birliyin yaranmasına yol verməmək üçün bəlli Ailə hakimiyəti başda olmaqla içdəki-dışdakı antiAzərbaycan gücləri durmadan çalışmaqdadır.
Putinçi-imperiya istəkli jurnalistlərin, siyasətçilərin, ideoloqların Azərbaycana gəliş-gedişi ara vermir. Kiselyovun ardınca Solovyov, Roqozinin ardınca Jirinovski, Duqinin ardınca Proxanov… ortalama ardıcıllıq belədir. Gəlirlər, prezidentlə, birinci vitse prezidentlə görüşür, istəkləri yetərincə qarşılandığından gerçəkliküstü bir aşırılıqla onları öyüb gedir, gedib öyürlər. Gerçəkliküstü olan nədir? Əliyevlərin İŞĞALÇI siyasətlərlə bütünlüklə bankrota uğratdıqları ölkəni, dövləti, dövlətçiliyi öyüb göylərə qaldırma faktı!

Qabakılarla bağlı az-çox sözümüzü demişik, indi Proxanovla bağlı yazmaq gərəyi yaranır. A.Proxanov Kremlə, imperialist Kreml ideologiyasına bağlı Rusiya yazıçı-ideoloqlarındandır. Yazıçı-ideoloq olaraq onun çalışmaları, demək olar, bütünlüklə Rusiyanı əski imperiya sınırlarına qaytarmağa yönəlikdir. Proxanov elə belə putinçilərdən deyil, KQB-FSB-yə bağlılığı quşqu doğurmayan kimsələrdəndir. Rusiyanın sınırlarını Əfqanıstanadək uzatmaq üçün bu adam əlində Kalaşnikov avtomatı əfqan xalqına qarşı vuruşub. İndi o, putinçi imperiya yalançısı olaraq Azərbaycana Putinin-hökumətin deyil, özünün istəyi ilə gəldiyini bildirir. Yalan danışır, yalan! Duqinin ardınca onu Azərbaycana Putin hökuməti göndərib: Əliyevlərin əlilə burada Kremlin imperiya planlarına bağlı hörümçək toru toxunur. Proxanovun danışdıqlarına baxın: İzbor klubu-filan…

Bir çox başqa ideya yoldaşları kimi Proxanov da prezident-vitse prezident Əliyevlərə aşırı öygülərlə yanaşı, Azərbaycanla da bağlı isti sözlər söyləməyə çalışır. Ancaq bunlar bütünlüklə yalançı sözlərdir. Başqa putinçi-imperiyaçılar kimi Proxanov da Qarabağın erməni işğalında qalmasını, eləcə də qalan Azərbaycanın əliyevçi İŞĞAL basqısı altında qalıb dirçəlməməsini iştəyənlərdəndir. Elə bu üzdən də Rusiyanın yardımı ilə 2018-ci ilin prezident seçkisini udmağa çalışan M.Əliyevanın aşağıdakı sözləri Proxanovun canına yağ kimi yayılır: “Heç vaxt yol vermərəm ki, Azərbaycan xalqında ermənilərin timsalında düşmən obrazı formalaşsın. Vaxt var idi ki, bu xalqlar birlikdə yaşayırdı, bir stol arxasında oturub şərab içirdi. O zamanlar geri dönməlidir”. Bu, Kremlin imperialist istəklərinə bağlı düşüncə-baxışdır. Əliyeva düz deyir, “vaxt var idi bu xalqlar birlikdə yaşayırdı”- Rusiyanın erməniləri yaxın-uzaq ölkələrdən Azərbaycana köçürməsindən sonra. Ermənilər yaxın-uzaq imperialist güclərin yardımıyla Azərbaycan coğrafiyasında özlərinə yer eləyəndən-bərkinəndən sonra Azərbaycan türklərini doğma yurd-yuvalarındaca qırmağa, qanlı qırğın, terror yoluyla onları doğma yurd-yuvalarından qovmağa başladılar. Beləliklə, Batı Azərbaycan “Ermənistana” çevrildi. Azərbaycan türkləri çox keçmədən olub-keçənləri unutmaqla ermənilərlə birlikdə dinc yaşamaq yoluna üstünlük verdilər. Bizim ulusal yaddaşsızlığımılzdan, ulusal prinsipsizliyimizdən qudurumuş ermənilər sonra Qarabağa da yiyələnməyə qalxdılar – yenə də qanlı qırğın, terror yoluyla!
Əliyevanın “Azərbaycan xalqında ermənilərin timsalında düşmən obrazı yaradılmasına HEÇ VAXT yol vermərəm” deməsinə gəlincə, bu, bütünlüklə suçsuz yerə qanlı erməni təcavüzünə uğramış xalqımızı açıq saymazlıq, özünün hakimiyət istəkləri üçün onu tapdayıb keçməkdir! Başqa bir yandan bu, aqressor ermənilərin Qarabağ üzərindəki hüquqlarının tanınması deməkdir. Ermənilərlə barışıqdan yalnız onlar özlərinin aqressiya istəklərindən, Qarabağın işğalı faktından geri çəkilərlərsə, danışmaq olar. Aqressiyaya-işğala uğrayanın barışıq istəyinin yalnız bir adı ola bilər yenilmə-təslimçilik! 2016-cı ilin Aprel döyüşləri ilə bağlı təkcə ön cəbhədə deyil, arxa cəbhədə də sərgilənən döyüşkənlik, savaşa qatılma canatımı Azərbaycan xalqının erməni aqressiyası ilə barışmadığının, barışmayacağının açıq görsənişi idi. Bu görsənişi gözardı etməyin bir adı var: xalqı saymamaq!
Azərbaycana gəlib-gedən Putin əlaltılarının Azərbaycandakı “yüksəlişi” öymələrinə gəlincə, bu, Əliyüvlər başçılığında Azərbaycanın gerçək uğursuzluqlarına sevinmək deməkdir. Böyük neft gəlirlərinin Əliyevlər başçılığında mənimsəndiyi, dağıdıldığı, göyə sovrulduğu Azərbaycan bu gün bütünlüklə bankrot durumdadır. Azərbaycan bu gün başında Əliyevlərin durduğu koloniya-türməyə çevrilib; burada bütün hüquqlar Kremlə bağlı bir ailəınin SUVEREN hüquqları yerindədir. Bu üzdən də Azərbaycanın qalxınmasını istəməyən bütün yaxın-uzaq imperialist güclər kimi Rusiya imperalistlərinin də Əliyevlərə, əliyevçi rejimə sayğıları, sevgiləri sonsuzdur…
P.S. 2017-ci ilin 6 ayındakı sosial gəlişmə göstəricisi: Gürcüstan – 53; “Ermənistan” – 59; Azərbaycan – 76-cı yer. Göründüyü kimi, doğal resurslarla dopdolu bir ölkə Əliyevlərin ANTİMİLLİ, ANTİDEMOKRATİK siyasətləri üzündən yoxsul doğal resurslu qonşularından qat-qat geri qalır. Bu isə Azərbaycanı asılılıqda saxlamağa çalışan Rusiya üçün (eləcə də bir sıra başqaları üçün) olduqca əlverişli faktordur. Ərzaq, dərnan güvənsizliyi başda olmaqla çeşidli güvənsizliklər ölkəni açıq-aydın soyqırıma uğratmaqdadır…

Azerbaycan Azadlıq Gazetesi

İlgili Terimler :

YORUMLAR