Demokratiya: Gedilesi qısa yol

11.08.2017 20:57

578 Kişi Okumuş

0 Yorum

Demokratiya: Gedilesi qısa yol

Tofik Yaqublu

Doxsanıncı illərin sonlarında müxalifətçi demokratların ən çox oxuduğu kitab gərək ki, Hikmət Hacızadənin “Demokratiya: Gediləsi uzun bir yol” kitabıydı. Bəlkə də elə deyil, amma mənə elə gəlir. Yadımdadır ki, çox sevilirdi və hamı ondan danışırdı. Bəli, bəşəriyyət demokratiyanın indiki səviyyəsinədək, uzun, özü də çox çətin bir yol keçib. Başqa cür də ola bilməzdi. Çünki, bu yolun başında duranlar sanki qaranlıq və ətrafda bədheybət yırtıcılarla dolu bir cəngəllikdə idilər. Eyni zamanda, onlar özləri də indiki mükəmməl demokratiya haqqında heç nə bilmirdilər. İstədikləri o idi ki, dayandıqları tikanlı,  üfunətli və palçıqlı  yerdən heç olmazsa bir-iki addım işıq gələn tərəfə addım atsınlar. Amma onlardan qabaqda   kimsə yox idi ki, yardım əlini uzatsın.  İzi onlar açırdılar.  Dəhşətli çətinliklərlə müşahidə olunan həmin bir-iki addım atılanadək bir-neçə nəsil sıradan çıxırdı.Və beləliklə, addım-addım nəhayət indiki yerə gəlib çıxıldı. Amma  indi dünyada  elə vəziyyət yaranıb ki, demokratiya üçün uzun yol getməyə ehtiyac yoxdur, sadəcə gərəkən  bircə addım atmaq lazımdır. Bircə addım!!! Və nəzərə almaq lazımdır ki,  bu yolda səndən qabaqda  olub, sənə yardım əlini uzatmağa hazır olanlar çoxdur. Soruşa bilərsiniz, yəni, doğrudanmı bircə addım atmaqla tam demokratiyaya qovuşmaq mümkündür? Mümkündür! Bunun hamının şahidi olduğu nümunələri də var. SSRİ dağılandan sonra 3 Baltikyanı dövlət – Latviya, Litva və Estoniya – işıq gələn tərəfə cəmi bircə addım atmaqla, özlərini  demokratiyanın ağuşunda gördülər. Sanki, bu addım bir göz qırpımında baş verdi.  Kimsə bunu, onların köhnə Avropaya coğrafi yaxınlığı ilə izah edə bilər və burada xeyli həqiqət payı olacaq. Amma onlarla təxminən eyni coğrafi məkanı bölüşən Belarusun vəziyyəti bambaşqadır.  Əlbəttə ki, coğrafi mövqeyi, hakimiyyətin amansızlığını, dünyada gedən siyasi və iqtisadi proseslərin vektorlarının   ölkədən keçməsi və ya orada kəsişməsi kimi faktorlar,  cəmiyyətin demokratiya yolunun uzunluğunun ölçüsünə təsir edir. Amma əsacs məsələ cəmiyyətin düşüncəsindədir. Demokratiya gedən yolun uzunluğunu, həlledici dərəcədə cəmiyyətin onun vacibliyini dərk etməsi səviyyəsi   müəyən edir.  Təəssüf ki, bizim cəmiyyət də bir addımlıq yolu çox uzun edən cəmiyyətlərdəndir. Burada, bəlkə də hamının əzbər bildiyi məşhur idman aforizmini xatırlatmaya bilməyəcəm: “Hər bir komanda, rəqibinin imkan verdiyi qədər yaxşı oynayır” Bu aforizm siyasət üçün də keçərlidir. Azərbaycanda Əliyevlər hakimiyyəti  düşündüyümüz kimi güclü deyil, cəmiyyət çox zəifdir. Cəmiyyətimiz rəqibin yaxşı oynamasına tam imkan yaradıb. Sadə bir misal çəkim. Necə düşünürsünüz, Ermənistan (mən heç demokratik ölkələri demirəm) prezidenti hakimiyyəti oğluna ötürə və ya arvadını birinci vitse-prezident təyin edə bilərdimi?  Qətiyyən yox! Çünki cəmiyyətdən qorxardı və yaxud da buna cəhd etsəydi cəmiyyət “ta bu qədər də ağ eləmək olmaz” deyib kükrəyərdi. Amma, belə şey bizdə çox asanlıqla baş verir.  Hər kəs çətin və hüquqsuz yaşayışdan narazıdır, şikayət edir, di gəl ki, onun iztirablarına demokratiyanın son qoya biləcəyini başa düşmür. Ölkə əhalisinin sayı təxminən 10 milyon nəfərdir. Onun bir faizi 100 min adam edir, 0,5 faizi 50 min adam edir. Bir razılaşdırılmış mintinqə yarım faizin gəlməsi kifayətdir ki, proses ölü nöqtədən tərpənsin. Cəmi yarım faiz! Demokratiya dedikdə inkişaf etmiş Qərb başa düşülür. (Əlbəttə Qərbdə olmayıb, amma firavan və azad cmiyyət qurmuş bir neçı ölkə də var) Qərb dedikdə isə demokratiya yada düşür. Demokratiya insanların azad və firavan yaşaması üçün lazımdır, bu da ki, Qərbdə mövcuddur. Bizim insanlar da azad və firavan yaşamaq istəyirlər. Onları Qərbin timsalında çox sadə misallarla demokratiyaya inandırmaq lazımdır. İnandırmaq lazımdır ki, sən də İsveçdəki kimi rahat və təminatlı yaşamaq istəyirsənsə, öz ölkəndə də həmin sistemdən qurmalısan. Onlara izah edilməlidir ki, bəşər övladı toplum halında rahat və firavan yaşamaq üçün demokratiyadan mükəmməl bir şey düşünə bilməyib. İstənilən başqa sistem insanları xoşbəxt edə bilməyəcək. Əgər cəngəlliyin içindən şəhərə doğru bircə yol varsa, məhz o yolla getməlisən.  O yoldan başqa, üzünü hansı tərəfə tutub irəliləsən, azmağa və qurda-quşa rast gəlib məhv olmağa məhkumsan. “Heç kəs bizim daxili işlərimizə qarışmasın və ağıl öyrətməsin, bizim öz yolumuz var”  tipli gic və sərsəm bəyanatlar, məhz cəngəlliyin dərinliyində yeganə xilas yolunu qoyub, üzünü başqa səmtə tutmaqdan başqa bir şey deyil. Sanki, insanlar heç bir siyasi təhlil aparmadan, demokratiyanın necə gözəl nemət olduğunu  intuisiya ilə dərk edirlər. Fikir verin, heç bir savadı olmayan, xəritədə Avropanın yerini göstərə bilməyən insanlar, dünyanın hər yerindən dənizlərdə bata-bata, qarlı dağlarda dona-dona, tikanlı məftillərə ilişə-ilişə Qərbə axın eyləyirlər. Təzəcə anadan olmuş buzov, öz instinkti ilə  gözüyumulu anasının əmcəyini tapan kimi.  Bu axın, Qərbi söyənlərə, ən ağlagəlməz ittihamlara qərq edənlərə,  dağıdıb məhv eləmək ehtirası ilə yaşayanlara və s. tarixin çox parlaq cavabıdır. Kiminsə Qərbdən Pakistana, Çinə, Rusiyaya, Türkiyəyə, İrana və s. yaşamağa gəlməsinin şahidi olubsunuzmu? Amma dəhşətli əks axın var. Baxmayaraq ki, bu ölkələrdə rəsmi təbliğat (bəzi ölkələrdə həmdə dini) Qərbi söyməklə məşğuldur. Alman xalqına kimin nə sözü? Berlin divarı yıxılanadək, almanlar ölüm riski altında  Şərqi Berlindən Qərqi Berlinə qaçırdılar. Köhnə sovet respublikalarına bir də nəzər salaq. Hansı ölkələrdə ki, azad seçki keçirilir, yəni xalqın mövqeyi ortadadır, onlar birmənalı olaraq Qərbə üz tuturlar. O, ölkələrdə ki, seçki yoxdur, hər şeyi hakimiyyətin mövqeyi həll edir, həmin xalqlar nədənsə Kremli daha çox “sevirlər”. Bu, bir daha sübut edir ki, xalq azad oldumu, dərhal Qərbi seçəcək. Bayaq cəngəllikdən xilas üçün bircə yolun olduğu misalında olduğu kimi. Çünki, seçiləcək başqa səmt yoxdur.  Qərbi seçmək isə, ölkəni dalına şələləyib Qərbə aparmaq deyil. Qərbi ölkəyə gətirməlisən, yəni Qərb dəyərlərini ölkəyə gətirdinsə, artıq Qərbdəsən. Bunun üçünsə, əsrlərlə öncəyə dönüb, hər şeyi sıfırdan başlayıb,  əzablarla dolu uzun yolu keçməyə ehtiyac yoxdur. Elə olduğumuz yerdəncə çox qısa – cəmi bir addımlıq – yolu qət eləmək lazımdır. Çox qısa. Odur ki, Hikmət bəydən fərqli olaraq mən də belə deyirəm:Demokratiya: Gediləsi  qısa yol!

Azerbaycan Azadlıq Gazetesi

İlgili Terimler :

YORUMLAR