EY MISIRLI YAZAR!

19.06.2017 10:13

455 Kişi Okumuş

0 Yorum

EY MISIRLI YAZAR!

Hafiz Rüstem
Azerbaycan

 

Bu gün (16 iyun 2017) imsaqdan sonra bir az dan yeri ağararkən, təxminən saat 5 radələrində bizim evin yaxınlığında, M.Hüseynzadə ilə Qalubiyyə küçələrinin kəsişdiyi yerdə olan “ Azərbaycan – Misir dostluq parkı”na baş çəkdim. Buna qısaca “Misir parkı” da deyilir. Parkda məndən başqa heç kəs yox idi. Parkın mərkəzində həmişə yanından keçdiyim, ancaq fikir vermədiyim bu heykəlin üstündəki lövhəni yaxından oxuyanda bu dəfə çox heyrətləndim: “ Qədim Misirdə bardaş qurmuş yazar e.ə. 2700-cü il”. Deməli, bu heykəl bizim era da daxil olmaqla ən azından 4700 il bundan əvvəl yaradılmışdır – yəni fironların hakimiyyəti dövrlərində. Tarixi müqayisələr apardım – 5000 illik uzun bir tarixi mərhələdə bu günəcən hakimiyyətlə xalq arasında antaqonizmdən başqa prinsipial demokratik bir fərq görmədim.
(Bizim binanın zədələnmiş kabeli dünən təmir edilərkən, xəbərdarlıq edilmədiyindən qəflətən gələn güclü cərəyan şiddəti nəticəsində televizor, paltaryuyan maşın və Wi-Fi (modem) yanıb xarab oldu – xeyli ziyana düşdük. Hələ də bu məişət əşyaları təmir olunub-qurtarmayıb).
Əruzun rəməl bəhrinin bir sınıq növündə aşağıdakı misralar yarandı bu ramazan ayının 21-ci günündə. Bu şerin əsas obrazı olan Misir parkının şəkillərini sübh tezdən özüm əl telefonumun kamerası ilə çəkmişəm. Görünür, fironların da Allahı yasaq olan bu mücərrəd siyasi mövzuya toxunduğum üçün məni qabaqcadan cəzalandırdı. Allah dalısından saxlasın!
Dünən səhər (18 iyun 2017) bizim şəhərin internet şəbəkəsinə zəng etmişəm ki, nümayəndə göndərsin, bizim modemi işə salsın. Hərçənd bu modemin yanıb xarab olmuş adaptırını artıq 10 manata yenisi ilə əvəzləmişəm.
Beləliklə, dörd gün ərzində internet işləmədiyindən fb-yə qoşula bilməmişdim.
Vikipedik məlumata görə bu haqqında bəhs etdiyimiz yazarın dövrü haqqında aşağıdakılar bildirilir:
Vahid dövlətin yaranması (I-II sülalələr, e.ə. 3000 — 2778 illər)[redaktə | əsas redaktə]
Misirin şimal və cənubu birləşəndən sonra, birləşmiş ölkə fironlar tərəfindən idarə olunurdu. Onlar çox vaxt tanrılaşdırılmış və Horus tanrısının təcəssümü kimi təsəvvür edilirdilər. Fironların ölkənin hər iki hissəsini simvolizə edən ağ və qırmızı rəngli iki tacı olmuşdur. Onların çoxlu sayda məmurları, canişinləri, xidmətçiləri də var idi. Onlar dövlət işlərini aparmışdırlar.
Rəvayətlərə görə, ola bilsin ki, vahid Misirin birinci hökmdarı Menes olmuşdur. O cənublu idi və şimal çarlığa qalib gəlib, ölkəni birləşdirə bilmişdir. Bəlkə də o 1-ci sülalənin yaradıcısı olmuşdur. Ancaq başqa rəvayətlərə görə, hələ 1-ci sulalə bərqərar olmamışdan öncə, Misir artıq birləşmişdi. Ola bilsin ki, 1-ci sülalədən öncə ölkədə birləşmə prosesləri başlanmış, və birinci fironlar dövründə başa çatmışdır. Yenə rəvayətə görə Menes birləşmiş Misirin baş şəhəri olmuş Memfisi inşa etmişdir. Ancaq qədim bir abidənin üzərində şimali Misirə qalib gələn və ölkəni birləşdirən adamın adı Narmerdir. Bəlkə də Menesi həm də Narmer çağırırdılar. Hər halda bu məsələ aydın deyil.
II-ci sülalənin fironları özlərini Horusun deyil, Set tanrısının təcəssümü kimi ifadə edirdilər. Bu sülalənin sonuncu fironları isə hər iki tanrını öz himayədarları kimi qəbul etmişdirlər.

Ey misirli, nə qurubsan bardaş?
Nə yazırsan, nə pozursan, qardaş?
Axı yazmaqla nə qismət dəyişir,
Nə bəsit bir mədəniyyət dəyişir.
Ötüşüb əhdi-ətiq, əhdi-cədid,
Heç sabahkı günə də yoxdur ümid.
Kim bilir, bəlkə sən ilk əhli-qələm?
Səninlə parkda indi üz-üzəyəm.
Qoyublar burda sənin heykəlini,
Nümayiş etdirirlər əməlini.
Üz-gözündən elə bil, nur tökülür,
Sanasan gün çıxacaq, dan sökülür.
Gön dəri, ya papirusdur kağızın?
Köçürürsən yəqin əlyazma üzün.
Qoymusan qarşına gil lövhəsini,
Çəkəsən yoxsa həyat səhnəsini?
Yazdığın bizlərə bir namədimi?
Cüngdü, təzkirədi, salnamədimi?
Sən kitab əhli – bir arifsən özün,
Bəlkə ilk canlı müəllifsən özün.
Köksü ləlilə, göhərlə dolusan,
İlk yazı, yaxud əsərtək ulusan.
Görünür, bəlkə cavan bir şeyxsən?
Təkcə tarixçi deyil, tarixsən.
Doğru sözdür, riyadan iyrənirik,
Səndən antik zamanı öyrənirik.
Bəlkə baş mirzəsən fironlar üçün?
Çalışırsan qəlp hegemonlar üçün.
Görəsən, hökmdarın Menes olub,
Ya da ki, Narmer olub, Ramzes olub?
Sənin dövrün, ya bizim dövr qalır,
Hakimiyyət dəyişib, cövr qalır,
Nə ədalət, yenə nə haqq vardır,
Hakimə səcdə qılan xalq vardır.
Yenə dünya doludur bütlər ilə,
Baş əyən aclar ilə, lütlər ilə.
Yenə sahibdi pula axmaqlar,
Yenə meydan sulayır yaltaqlar.
Bəlkə zalım əlində alətsən?
Sən də buyruq qulusan, bir fərdsən.
Yenə yaddan çıxıbmı Allah elə?
Bizi bu tapmacadan agah elə.
Nə üçün Haqq həmişə susdurulur?
Haqq deyənlər niyə qan qusdurulur?
Niyə baş qaldıranın başı hədəf?
Niyə mərdlər əzilir söylə, sələf?
Qorxu ilə məgər heç hörmət olar?
Mənbəyi xalq olmayan dövlət olar?
Dünən Hüsni Mübarək çox zor idi,
O da firon kimi diktator idi.
Sələfindən götürüb ibrətini,
Atdı təhlükəyə şan-şöhrətini.
Niyə hər yerdə tiranlar yetişir?
Beşbetər yeni fironlar yetişir?
Ölkənin var-yoxun talan eləyir,
Xalqın mal-mülkünü viran eləyir.
Daşıyır xaricə xalq sərvətini,
Düşünür şəxsi hakimiyyətini.
Bu işsizlik, bu kasıblıq bitmir,
Tutan o ali postu tərk etmir!
Nə İlahi, nə də ki bəndə sayır,
Hakimi-mütləq özün öndə sayır.
Nə illətdi, nə qorxu-hürkü bilir,
Allahın mülkünü öz mülkü bilir.
Kim müxalifdi, o xaindi, demək,
Püskürən nifrət ilə kindi, demək.
Özündən başqa camaat tanımır,
Nə azadlıq, nə müsavat tanımır.
Çoxluğa hökm eləyən azlıqdır,
Seçkilər ancaq oyunbazlıqdır.
Nə qədər gəlib-keçir dövranlar,
Yenə zülm içindədir insanlar.
Hər yerdə diktatura qalib olur,
Həmişə demokratiya məğlub olur.
***
Ey misirli, nə qurubsan bardaş?
Nə yazırsan, nə pozursan, qardaş?
Axı yazmaqla nə qismət dəyişir,
Nə bəsit bir mədəniyyət dəyişir.
Nə fağır, köhnə cəmiyyət düzəlir,
Nə pis adət, nə də xislət düzəlir.
Şeytan oğlu bic olur, şeytan olur,
İnsan oğlu böyüyür insan olur.
Hafiz RÜSTƏM
16 iyun 2017

İlgili Terimler :

YORUMLAR