Kahramanlık Destanı (Azerbaycan Türkçesi)

21.01.2021 11:30

275 Kişi Okumuş

1 Yorum

Kahramanlık Destanı (Azerbaycan Türkçesi)

Zaur Muradhanlı

1990-cı il, Yanvar…

Sayımız yeddi milyon üç yüz mindi…

Lenin meydanında milyon yarımdıq…

Millətcə ayaqdaydıq…

Qışdı, soyuqdu, külək iliklərimizə qədər dondururdu…

Amma üşümürdük…

Azadlıq atəşi isidirdi ruhumuzu…

Bir millətdik o günlərdə, gerçək bir millət…

Elə bir millət ki, dünyanın qarşısında tir-tir əsdiyi sovet imperiyasının dəmir yumruğunun önündəki dimdik duruşumuza görə, BMT bizi ondörd ay öncə ilin xalqı elan etmişdi…

Elə bir millət ki, nə DTK, nə Lefortova sındıra bilmədi mübarizə əzmimizi…

Və hər kəsin bir amalı vardı:

istiqlal!

Tribunada liderlərimiz vardı, meydanda yüz minlər…

Bir də Zurufçu vardı…

Ayrılıq şarkısıyla bütöv bir xalqın hissini, həyəcanını, istəyini dilə gətirən Zurufçu…

Qışdı, soyuqdu, külək iliklərimizə qədər dondururdu…

Amma üşümürdük…

Azadlıq atəşi isidirdi ruhumuzu…

Bir millətdik o günlərdə, gerçək bir millət…

Ayrısı-qayrısı olmayan, bir-birinə omuz verib ayaqda qalan bir millət…

Qəfəsdəki Bozqurd kimiydik o günlərdə, ruhunu hürriyyət atəşi sarmış, güneydəki parasına qovuşmaqçün yanıb-tutuşan, budanmış ətrafından qanlar süzülən Bozqurd…

Sərhəd hərəkatıyla Naxçıvanda dəmir pərdəni yerlə bir etmiş, belimizədək Xan Araza girib doya-doya içmişdik milyonların göz yaşından yaranan buz kimi büllur sularından…

Qorbaçov özünü yeyib tökmüş, generallar gəlib məmurlar getmiş, amma heç biri qarşısında dura bilməmişdi ehtirasımızın istiqlal eşqiylə qabaran dalğasının…

Və həmrəylik günü doğulmuşdu sonucunda…

Mixailin bir qrup narkoman dediyi yüzminlərin bətnindən… 

Qışdı, soyuqdu, külək iliklərimizə qədər dondururdu…

Amma üşümürdük…

Azadlıq atəşi isidirdi ruhumuzu…

Bir millətdik o günlərdə, gerçək bir millət…

Öncə imperiyanın dəmir pəncəsindən qurtulub, sonra yüzillərdir gənə kimi qanımızı əmən haylardan qurtulmaqdı istəyimiz…

Bir də onillərdir Qərbdən Şərqə sürülənlərin heyfini çıxmaq, onları ata yurdlarına qaytarmaqdı niyyətimiz…

 Sayımız yeddi milyon üç yüz mindi…

Lenin meydanında milyon yarımdıq…

Millətcə ayaqdaydıq…

Qışdı, soyuqdu, külək iliklərimizə qədər dondururdu…

Amma üşümürdük…

Azadlıq atəşi isidirdi ruhumuzu…

Bir millətdik o günlərdə, gerçək bir millət…

Rusların silahlandırdığı hayların qarşısında əliyalın qalmışdıq…

Müxtəlif zorluqlarla əldə etdiyimiz silahları gizlincə azadlıq fədailərinə paylayırdıq… 

Və hiss edirdik…

Azərbaycan səmalarında getdikcə sıxlaşıb qatılaşan qara buludları da, havadakı barıt qoxusunu da…

Və Qorbaçovun əmr qulları Bakıya gəlib-gedirdilər…

Fırtına xəbərçisi qağayılar kimi…

Primakovdan Geraşinkoya…

Və ayın onsəkkizi Bakıya ordu yeridiləcəyi də bəlli idi, qan töküləcəyi də…

Salyan yerləşgəsində və şəhər ətrafında toplaşan sovet tankları üzünü Bakıya doğru çevirmişdi. Barrikadalar qurulurdu, Zığ şosesində, Əzizbəyov və Onbirinci qızıl ordu dairələrində. 

Amma qərarlıydı Azadlığa təşnə xalqım, qandan qorxmaq yerinə, istiqlalı və istiqrarı üçün dirigözlü ölümə meydan oxuyaraq, küçələrə, yollara axışıb əliqanlı rus əsgərlərini gözləyiri…

Və gəldilər yanvarın ondoqquzundan iyirmisinə keçən gecə…

Həm də görünməmiş amansızlıqla, misilsiz qəddarlıqla…

Öncə barrikadaları dağıdıb keçdilər, sonra iki tərəfdən şəhərə girdilər…

Önlərinə keçəni tankların altında əzərək, qaçmağa çalışanları güllələyərək…

Bir də Bakı Buxtasında bir gəmi vardı; Sabit Orucov.

Bütün təhdidlərə, gülləborana, batırılma təhlükəsinə baxmayaraq, kapitanları Mövlud, Müzəffərvə Kərəm dünyaya “Bakı yanır” siqnalı ötürürdülər…

Və marşal Yazovla onların dialoqu tarixə düşəcəkdi:

-Siz tətil edirdiniz?

– Tətil yox, yoldaş marşal, etiraz!

  • Zabit şərəfimə and olsun ki, Məmmədov, səni güllələyəcəyəm! Əliyev, sənə onbeş il iş verdirəcəyəm!

Və o gün yenidən işğal edildi Bakı…

Yüzotuzsəkkiz şəhid, yüzlərcə qazi…

Və komendant saatı, bölgələrə basqınlar, cəzalandırılan cəbhəçilər və daha nələr, nələr…

Bütün olanlara baxmayaraq millətcə ayaqdaydıq…

Bir millətdik o günlərdə, gerçək bir millət…

Şəkili, lənkəranlı, qubalı, qarabağlı, bakılı, naxçıvanlı kimi yığışdığımız meydanda azərbaycanlı kimi qucaqlaşıb var olduq, eynən min doqquz yüz on səkkizdəki kimi…

Və Birlikdən dirilik doğdu, istəyimizə nail olduq sonunda…

Qovuşduq hürriyyətimizə, bərpa etdik istiqlalımızı…

Öncə Naxçıvanda səkkiz günlük, sonra Azərbaycanda ilələbət…

 Lenin meydanını Azadlıq Meydanı etdik, Azadlığımızın, Qələbə Paradımızın  Meydanı.  

İlgili Terimler :

YORUMLAR