Oğluma Mektup! (Hikâye)

22.09.2020 00:05

365 Kişi Okumuş

0 Yorum

Oğluma Mektup! (Hikâye)

Zaur Muradhanlı

Azerbaycan Hikâyeleri

2018, 29 sentyabr…

Atam ürək tutmasından dünyasını dəyişdi. Dəfn mərasimindən bir neçə gün keçmişdi. Evdə hər gün ona aid əşyaları görür, toxunduğu hər şeyi qoxluyur, əlilə qoyduğu heç nəyin yerin dəyişmək istəmir, bir-birimizə, “ona toxunma, atamın əli dəyib” deyə, xatirəsini yaşatmaq istəyirdik. Anam istəməsə də, paltarlarını göz yaşlarıyla qatlıyıb yığırdı. Bir sözlə atam hələ evimizdəydi, səsin-nəfəsin, sevgisin, qoxusun hissedirdik. 

Bir gün dolabın gözündə saralmış, biraz da əzilmiş və qat kəsmiş bir məktub keçdi əlimə, köhnə əsgər məktubunu xatırladırdı. 25 il əvvəl yazılmış məktub…

“Mən doğulmamışdan on iki il öncə atam savaşdan dönmüşdü…

Yaralananda ayaq barmaqlarını itirmiş, Don çayının sahilindəki Naxçıvan şəhərində hospitala yatarkən əsir düşmüşdü…

Və ləqəbi vardı atamın: “Plen köpoyoğlu”.

Onu belə çağırardı hər kəs, kolxoz sədri də, kənd soveti sədri də… Sonralar öyrəndim ki, “plen” bizim dildə “əsir” deməkdi.

İyirmi bir günlük əsirliyinin bədəlini həyatının sonunadək işə alınmayaraq, xor görülərək ödədi…

Hər cümə KQB-nin (MTN-nin) rayon şöbəsinə kəsik barmaqlı şikəst ayaqları ilə ziyarətə getdiyində kimsə eşşəyini verməzdi…

Cavab qısa və konkret idi:

– Mən plenə eşşək vermirəm….

Və atam iyirmi kilometrlik yolu çarıqlı şikəst ayaqlarla gedib döndükdən sonra kolxoz sədri, ya da bir başqası yarımçıq qalmış kolxoz işi üçün kəndin ta o başından bağırardı:

– Məhiiii! Ə plen köpoyoğlu, bu gün işə çıxmayacaqsan?

Amma həmin günü atama əmək günü yazılmazdı… 

“Plen köpoyoğlu” sözcüyü onun qulaqlarını cırmaqlayaraq ta iliklərinə qədər sızıldatsa da susurdu, çünki məmurların nomenklaturaya sadiqlər arasından seçildiyini və cavab qaytararsa, yolunun ta Sibirin qar səhralarınadək uzanacağını anlayırdı…

Xeybər kişinin anasının samanlığında böyük qardaşım Novruz siqaret çəkib köz salaraq yanğın çıxardanda da boyunduruq sapı ilə döyülməsinin səbəbi də atasının plen olması idi… Çünki orada başqaları da vardı, amma tək Novruz döyülmüşdü.

Yeddi yaşım vardı, məktəbə gedəcəkdim. Anam sətin parçadan mənə paltar tikmişdi. İynədalı tikməkdə heç kim onunla yarışa bilməzdi… 

On yaşım olardı. Atam Rostov ətrafında gedən döyüşlərdə Messerşmit mərmilərindən qorunmaq üçün qar qalağının altında gizlənərkən Kərbəlaya dediyi dana qurbanının kəffarəsini öyrənmək üçün şəhər məscidinə axundun yanına getmişdi. Axund da “Yetmiş manat gətir, bir dana alıb Kərbəla niyyətinə kəsib paylayarıq” – deyə onu aldadıb beş ilə topladığı pulunu əlindən almışdı…

On iki yaşımda apkomun (vilayət komitəsinin) önündəki növbətçi milis nəfərinin “Şikayətini mənə de, evinə get!” – sözünə atamın verdiyi cavab zərb-məsələ çevrildi: 

– Qapıda durana söz deməzlər!

Və altıncı sinifdə oxuyanda həyatımın ən gözəl gününü yaşadım: Bənəniyar kəndindəki bibim üzüm göndərdiyi qabın ağzına uşaqlarından birinin köhnə pencəyini bağlamışdı…

Artıq mənim də, plen Məhinin, kəndin kəsik ayaqlı möhrə atanının oğlunun da pencəyi vardı!

Atam, kəndin camaatı ev, təndir, daxma, tövlə tikdirəndə palçığa keçi qəzili qatıb suyla qarışdırıb çiy kərpic kəsər, qazancı ancaq boğaz toxluğuna hesablanardı. Yeməyin suyuna çörək doğrayıb özü yeyər, dən-düşünü dürməkləyib “Novruz!”, – deyə çağırar, böyük qardaşıma verərdi…

İldə bir girvənkə qənd alar, hər payız tövləmizdəki vur-tut üç keçidən birini kəsib qovurar, anam gələn payızadək ən çoxu gündə bir dəfə bişirdiyi yeməklərə o qovurmadan atardı. Beləcə, anam on kiloluq keçinin qovurmasıyla  doqquz baş külfəti bir il dolandırıdı. Hey fikirləşirdim, axı necə olur ki, anam hər gün bizə yemək bişirir, amma küpdən ət qurtarmır. Yəqin sehirli küpdür, gözümün qabağında hər gün anam ordan ət çıxarır, amma bitmir… 

Hərdən qonağımız gələr, evdə qənd olmadıqda anam məni qonşuya borca “bir maşın tikəsi” qənd almağa göndərərdi…

Artıq ağlım kəsirdi, onbeşlikdim. Küpün heç də sehirli olmadığını dərk edirdim. Yazıq anam bizə ət bişirmir, hər gün yeməyin suyuna birn çəngə ət atıb suyun dadın dəyişirmiş. Hər şeyin səbəbini anlayırdım artıq, yoxluğun da, yoxsulluğun da… Bir qarın ac, bir qarın tox dolanan qonşularımızın bizi “qara kasıb” adlandırmasının səbəblərini də…

Və qərar verdim, oxuyacaq, adam olacaqdım, öncə özümü, sonra ailəmizi, sonra millətimizi aydınladacaq, bu zillətdən çəkib çıxaracaqdım…

Gecəmi gündüzümə qatıb dərslərimi oxumağa, yay tətillərində dağa gedib oba quraraq gəvən deşməyə, topladığım yağı satıb pulunu birikdirməyə başladım…

On yeddimdə isə təkbaşına Bakıya gəldim. Səhərin alaqaranlığında yastı damlı möhrə evimizdən çıxıb avtobus dayanacağına yollanarkən atam məni son dəfə qucaqladı, yoxsulluğun xəcalətindən yerə baxan gözlərini qaldırıb ətrafına nəzər saldı, kimsənin dinləmədiyinə əmin olub qulağıma: kaş ki, almanlar o vaxt bizə quru qan yedirtməsəydilər – deyə pıçıldayıb dolan gözlərini gizlətməkçün dönüb iti addımlarla uzaqlaşdı….

Aylar sonra atamın “quru qan” dediyi şokolad sayəsində  hospitaldakı əsirlərdən bir neçəsinin ölmədiyini öyrənəcəkdim…

Qızılbarmaq Rantikin kürəkəninin evində, yəni qardaşım Novruzun Kubinkada kirayə qaldığı evdə imtahan verdim və geri döndüyümdə Naxçıvan Pedaqoji İnstitutunun Tarix Fakültəsinin tələbəsi idim artıq.

Anam məni qürurla “Bayram müəllim!” çağıracaqdı, ta  həyatının sonuna qədər…

İlk qış tətilimdə həyətdə qar kürəyirdim… Atam yanıma yaxınlaşıb asta səslə: qırx birin sonlarıydı, almanlar qovur, bizsə silah-sursatımızı hara gəldi atıb yerli camaata qarışaraq can hayında qaçır, qurtulmaqdan başqa bir şey düşünmürdük…. O nava kimi bir yerdəydik – deyib başının işarəsi ilə evimizin söykəndiyi təpənin arxasında olan iki tilin arasındakı düzənliyi göstərdi – alman təyyarəsi gəldi, öncə başımızın üzərində bir dövrə vurub aşağı endi, sonra pilot bizi barmağı ilə hədələyib uzaqlaşdı və bombalarını bir kilometr aralıya töküb getdi…

Anlamışdım artıq atamın qəlbindəki hüdudsuz Sovet nifrətinin səbəbini…

Asanmıydı oxumaq? Deyildi, hələ bir kəsik ayaqlı plenin oğlu üçün əsla…

Hər yay tətilini gəvən yağı toplayıb kiçik bacı-qardaşıma dərslik, əyin-baş alardım, qalan pulumu da aybaay təqaüdümün üstünə qoyub ötüşməyə çalışa-çalışa hesab yapmaqdan riyaziyyat professoru olmuşdum…

Min doqquz yüz yetmiş beşinci il… Artıq müəllim olsam da, qayğılar bitməmişdi. Pay torpağı almaq üçün kolxoz sədrinə yüz manat rüşvət vermək lazım idi, hələ evlənməyin, ev tikməyin xərcini demirəm…

Min doqquz yüz yetmiş yeddinci ilin yay tətili. Dağda gəvən deşirdim, xəbər gəldi ki, Arif səni görmək istəyir… 

O, dayımgilin qonşuları idi və hələ uşaqlıqdan tanış idik. Zamanla tanışlığımız dostluğa, qardaşlığa çevrilmişdi…

 İşimi yarımçıq qoyub şəhərə yollandım, öncə Böyük bağda görüşüb bir çay içdik, sonra da evlərinə getdik…

Döndüyümdə artıq gizli təşkilatın üzvü idim.

Və Sovet hökümətinin insanlıqdışı zülmlərinə, basqılarına qarşı mübarizəm başlandı…

Ta iyirminci illərdən üzü bəri qətl edilən aydınlarımızın, ağsaqqallarımızın, xeyriyyəçi milyonçularımızın, savaş dövrü və sonrasında iş bitmədən dikəlməsinlər deyə bellərinə löpük adlı yastı çay daşı qoyulub çalışdırılan xanımlarımızın, hər şey vergi adına toplandığı üçün acından ölən on minlərcə körpələrimizin, talan edilən sərvətimizin, məhv edilən milli dəyərlərimizin öcünü alma zamanı yetişmişdi…

Təşkilatımız üçlük qruplardan təşkil olunsa da, bəzi hallarda beşlik ve yeddilik qruplar da var idi. Sadəcə idarə heyətinin toplandığı qrup doqquzluq idi…

Normal görüşlərimizlə yanaşı, ildə bir-iki yol da ümumi toplantımız olardı. Bu toplantılarda həm söhbətlərimizi edər, həm də yerə açdığımız süfrəyə yemək-içmək qoyardıq. İçki məclisi kimi görünsün deyə söhbətin sonunda ağzımızdan spirt iyi gəlməsi üçün azacıq araqdan və ya çaxırdan da içərdik. Bu toplantılara şəhər və rayonlardan məsul üzvlər qatılardı. Naxçıvandakı Köhnəqalada, Uzunoba meşəsində, Şəkərabad meşəsində, Xalxal meşəsində, Şahbuzdakı Qaraqayada, Ordubadın Üstüpü kəndindəki Şəfa bulağı başında və başqa yerlərdə keçirdiyimiz belə ümumi toplantılarda görülmüş işləri müzakirə edər, görüləcək işlərimizi planlayardıq. 

Və kiçik qeydlər tutardıq hər toplantıda…  

Səksən altıncı ildə təşkilatımız Xalxal meşəsində toplanıb Qorbaçovun yeni siyasətindən doğan durumu və bu durumda görə biləcəyimiz işləri müzakirə etdi. Yenidənqurma və aşkarlıq bizim üçün əla fürsətlər yaratmışdı, gizli təşkilatın yan qurumları olan açıq cəmiyyətlər qurduq. Onlardan ilki Asəf Quliyevin çalışdığı Naxçıvan Tarix Diyarşünaslıq Muzeyinin nəzdindəki “Yurd” cəmiyyəti oldu, sədrliyinə isə Arif seçildi…

Səksən səkkizinci ildə Qarabağ məsələsinə görə Azərbaycanın hər yerində xalq meydanlara axışdı. Naxçıvanda hardasa yüzə yaxın üzvü olan gizli təşkilatımız daha gizlilikdən çıxıb Xalq Hərəkatına öncüllük etməyə başladı. Ancaq unutmayaq ki, Sovet hökumətinin də Azərbaycanda çox saylı kommunist nomenklaturası və DTK-nın iki yüz minə yaxın əməkdaşı, agenti, inanılmış adamı vardı…

Meydan hərəkatı başlandı, nə başlandı… Qarşısıalınmaz qasırğa kimi öncə bir milləti ikiyə bölən dəmir pərdəni, sonra da bütün SSRİ-də ilk dəfə Naxçıvanda Sovet hakimiyyətini süpürüb atdı. 20 Yanvar qırğınından sonra Naxçıvan Ali Sovetinin qərarı ilə Naxçıvan Muxtar Respublikası Sovet imperiyasının zəncirlərini qırdı və özünün SSRİ-dən ayrıldığını elan etdi. Ali Sovetin sədri Səkinə Əliyevanın mərdliyi, örnək cəsarəti ilə səkkiz gün müstəqil yaşadıq və Naxçıvan TV-si ilə səkkiz dildə verilişlər oldu…

Və vətən tarixində ilk və son dəfə keçirilən demokratik seçkilərdən sonra gizli təşkilatımızın qurucusu, həyatını milli azadlıq mübarizəsinə adamış Elçibəy prezident seçildi…

Ancaq bir il sonra xarici düşmənlərlə birləşən daxili bədxahlar Milli Hakimiyyətimizi devirdilər.

Əlbəttə, bu işdə rus səfirinin doxsan ikinci ilin payızında Moskvaya yazdığı məktubun da rolu var idi, dekabrda Londonda görüşən rus və ingilis heyətlərinin də, İslam inqilabını ixrac etmək istəyən İranın da,  Milli Hökumətin podratçı şirkətlərə neftdən təklif etdiyi faizlə razılaşmaq istəməyən Amerikanın da, İngiltərənin də, hətta qardaş sandığımız, amma dar gündə yardım əlini uzatmayan, Milli Hakimiyyətə qarşı olan müəyyən güclərə isə yüz milyon dollar yardım edən qardaş Türkiyə iqtidarının baş nazirinin də…

Bəs bizim günahımız yoxmuydu? Əlbəttə ki, vardı… Məsələn, altı mindən artıq kilid postun sadəcə iki minini milli kadrlarla dəyişdirdik, qala Sovet kadrlarına isə dəymədik. Təbliğatı boş verdik, ideoloji işləri önəmsəmədik…

Bir də unutmayaq ki, xalq hərəkatı Sovet imperiyasını yıxmaq üçün kodlanmışdı və şübhəsiz, yenini qurma işini birdən-birə yox, yavaş-yavaş öyrənə bilərdik…  

Və doxsan üçüncü ildən başlanan qiyamçıların həm cəbhədə, həm də cəbhə arxasında aktivləşməsi… Kəlbəcərin işğalı, daha sonra Milli Hakimiyyətin devrilməsi və ondan sonra digər rayonlarımızın işğalı ilə başa çatdı…

Əziz oğlum, sonrakı dönəm baş verənləri yaxşı xatırlayırsan…

Sənin minlərcə azadlıq fədaisindən biri, millət vəkili, rayonda fövqəladə vəziyyət rejiminin hərbi komendantı, polkovnik-leytanant, həyatının heç bir dönəmində korrupsiya çirkabına bulaşmamış atanla sonsuzadək qürur duyacağından əminəm…

Biz sadəcə dövlətimizi sevdik, millətimizə ağalıq deyil, xidmət etməyə çalışdıq…” 

Atamın məktubu burda bitirdi. Babamla atamın və atamla mənim yaşadığımız həyatı düşünə-düşünə oturub yerimdə qalmışdım. 

Və qərar verdim, bir kitab yazacaqdım; bir ömrün hekayəsi…

İlgili Terimler :

YORUMLAR