Pencere Takkıltısı (III)

24.09.2017 00:14

330 Kişi Okumuş

1 Yorum

Pencere Takkıltısı (III)

Hafiz Rüstem

Üçüncü ve son hisse

Fazil soyumaq bilməyən eyni inadkarlıqla əslində onu xırdalamağa təhrik etmiş Ağabalanın “yaxşılıq” etmək istədiyindən doğan hərəkətinin məğzini tam çılpaqlığı ilə qarşıya qoydu və heysiyyətinə bərk toxunmuş bu hərəkətin sahibindən şahidlərin qarşısında təmiz və bütöv cavab istədi:

-Tutaq ki, sən buradan pəncərəni döydün, mən də gözlənən “təhlükəni” hiss etdim, buna görə sənə gec də olsa təşəkkürümü bildirdim. Bəs sonrası? Səncə, mən direktorla qarşılaşmayım deyə, gizlənməyə özüm üçün siçan deşiyi satın almalıydım? – deyə Fazil yenə ona təkidlə binanın küçə tərəfdən olan həyətini göstərib sağ əli ilə havada qövs cızdı,

– Özü də hamının gözü qarşısında!

Ağabala lənətə gəlmiş küçə həyətinə baxa-baxa gözlərini döydü və şüurlu surətdə günaha yol verdiyini anladı: “Doğrudan da, ha! Bu meydan boyda geniş küçə həyətində bu boyda adlı-sanlı redaktorun qaçıb-gizlənməsi üçün heç əməllibaşlı siçan deşiyi də yoxdur”.

O, gözlərilə mırt üçün, məzə üçün həyətdə siçan deşiyi axtarmağa çalışdı, ancaq tapa bilmədi. Çünki özünün şənbə və bazar günlərinə haram qataraq evdə aparıb-oxuduğu, bu gün də redaksiyaya təhvil verdiyi 10 çap vərəqi həcmində mətbəədən təcili tələb olunan sifariş-korrekturalar gözlərini qabar edib sulandırmışdı. İndicə hiss etməyə başladı ki, gözləri tor görür. Onu da yəqin etdi ki, o boyda redaktor şeflə qarşılaşmasın deyə çəpəri aşıb seyrək sərv ağaclarının daldasında gizlənməyəcəkdi ki. Bunu görən olsa, onun barəsində nə düşünərdi? Bununla o, hamının gözləri qarşısında xar olub nüfuzdan düşməzdimi?

Bir də axı Ağabala yaxşı niyyətlə onu xəbərdar etmişdi. Bu xəbərdarlığı nəzərə almaq artıq onun şəxsi problemidir, qoy özü öz problemini necə bilir, eləcə də həll etsin, axı bizə nə dəxli var ki? O, dar macalda həmkarına yaxşılıq etmək istəmişdi, vəssalam, şüdtamam! Bunu kim necə başa düşür-düşsün qoy. Bu mənada nə qədər təhqiq etdisə, öz hərəkətlərində “cinayət tərkibi” tapa bilmədi. Bu, hələ onun yaxşılığının əvəzidir ki, bir müttəhim kimi bayaqdan bəri sorğusuala da tutulur? Ona deyən gərəkdi ki, ay axmaq, yaxşılıq etməyə adam qəhətdi? Özü də bilmədən ağzından bu sözləri qaçırtdı:

-Əşi, mənə nəye? Öz işindi! Məndən xəbərdarlıq etməkdi, etməmiş olum!

Fazili elə bil ildırım vurdu. Bu qəfil zərbədən sarsılıb yerində azacıq səndələsə də, özünü itirmədi, ayaqları üstə qəfil hücuma hazır vəziyyətdə daha da möhkəm dayandı. İçindən püskürüb qalxan qəzəb vulkanının tüstü-dumanı içindən naməlum bir sabaha doğru yenə də qırılmaz, qurtarmaz bir qırmızı üfüqi yol keçirdi. O, düzxətli hərəkət etdiyi bu əzablı həyat yolunda əyintilərə heç yerdə, heç vaxt dözə bilməmişdi. Başqalarından da bunu gözləmişdi. Ancaq əsasən gözlədiyinin əksi olmuşdu. Aldığı düzgün təlim-tərbiyəyə sədaqətdən doğan yüksək bir qayənin real həyatdan uzaq sevimli köləsi kimi yaşamaqdan əl çəkə bilməmişdi. “Zəmanə sənə bab olmasa, sən ol zəmanəyə bab” prinsipi ilə şəraitə uyğunlaşmağa çalışsa da, bunun ona bir faydası dəyməmişdi. Bunda da işə gecikdiyi kimi gecikmişdi. Məcazı mühafizəkar dərviş kimi haram şeyləri və hərəkətləri qəbul etməmişdi. O, büllur kimi saf, bütöv və kövrək yaranmışdı! O, heç cür özünü dəyişdirib hər fəsildə bir dona girə bilməzdi! Qarşısındakı cılız və sırtıq adam isə tipik şəraitin tipik övladı idi. Bu şərait adamlarının, bu hər cür çıxılmaz vəziyyətə dərhal adaptasiya olunan tiplərin, ünsürlərin yaratdığı eyni tutqun, boz fonda Fazil kimilər sanki yadplanetli, tənha və köməksiz idilər.

Fazilin cavabı elə ildırım kimi də çaxdı:

-Əgər sənə dəxli yoxdusa, xəbərdarlıq da etməyəydin! Mən də səni xəbərdar edirəm ki, bu yaxşılıq deyil, insanı kiçiltməkdir, alçaltmaqdır, aşağılamaqdır, yerlə yeksan etməkdir! Sən məni nə hesab edirsən? Özün kimi cılız, cansız-cəsədsiz, oyuncaq bir fiqurmu, heç bir mənliyi olmayan təlxəkmi, buyruqqulumu? Qapazaltı, zavallı, cırtdan bir məxluqmu?!!!

Fazil bir anda tanınmaz dərəcədə dəyişərək rəngi-ruhu pörtüb-qızarmış, adrenalin möcüzəli, yenilməz qəzəb və intiqam bahadırına çevrilmişdi. İçindən kükrəyib çıxan, çıxdıqca daha da gurlaşıb artan qüdrətli nifrət selabı – qazılan neft quyusundan gözlənilmədən partlayıb-fəvvarə vuran güclü, bulanıq neft fontanı kimi qarşısındakı bütün maneələri dəf edərək özünə sərbəst və rahat yol açırdı. Bu coşqun, dağıdıcı qüvvənin, bu fışqıran fontanın qarşısını hələlik heç bir qüvvə ala bilməzdi! Fazil insanda insanlığı öldürən qorxaqlıq virusuna, xofluluğa, biganəliyə, yadlığa, rəzalətə ultimativ meydan oxudu:

-Mən heç kəsdən qorxmuram! Bura nə Bayıl türməsidir, nə də Sibir sürgünxanası! Bura bir kollektivdə çalışdığımız, respublika əhəmiyyətli əlyazmaları – elmi-pedaqoji əsərləri, dərslikləri redaktə etdiyimiz, çapa imzaladığımız, bir-birimizlə dostluq, həmkarlıq münasibətində olduğumuz, həm də əsasən çörəkpulu qazandığımız iş yerimizdir! Bu qədər də insanı xırdalamazlar, cırlaşdırıb-cılızlaşdırmazlar! Mən tamhüquqlu, ləyaqətli bir vətəndaşam! Anam məni mərd doğub! Lazım gəlsə, ölümün üstünə də mərdanə gedəcəyəm! Mən kolkosda gizlənən oğullardan deyiləm! Mən heç kəsdən əskik oğul deyiləm! Heç kəsin də məni alçaltmasına yol vermərəm!

Fazil ağzını açıb gözlərini döyə-döyə ona tamaşa edən Ağabalanın simasında plan-göstəricilərə əsaslanan mövcud, köhnəlmiş əmək qanunvericiliyini ittiham edirdi:

-Bura kolxoz təsərrüfatı deyil ki, kolxoz sədri ancaq götürək iş qaydasından, əmək günündən, rüblük, illik kəmiyyət planlarının vaxtından əvvəl yerinə yetirilməsi barədə raport verəcəyindən, keçici bayraq alacağından və s-dən dəm vursun, kolxozçular da ancaq sürəkli alqışlarla ona dəstək olacaqlarını məcburən bildirsinlər! Bu müəssisə intellektual məhsullar buraxır, bu məhsullar – hər il nəşr edilən milyonlarla dərsliklər, dərs vəsaitləri, metodiki-pedaqoji ədəbiyyatlar respublikamızın bütün ibtidai, orta, ali və peşə məktəbləri üçün – minlərlə, onminlərlə müəllim, tələbə və şagird kontingentləri üçün nəzərdə tutulur. Bu müəssisədə hünər standart iş vaxtı və fiziki əməkdən çox zehniyyətlə, ədəbi-elmi təfəkkürlə ölçülür! Bu zehni fəaliyyətin üstünlük təşkil etdiyi sahəyə bürokrat icraçı yox, yaradıcı-istehsalatçı bir nəfər rəhbərlik etməlidir! Dahi Nizaminin bu misraları həmişə aktuallığını saxlayır:

Qüvvət elmdədir! Başqa cür heç kəs,
Heç kəsə üstünlük eləyə bilməz!

Elə buna görə də sizin təzə direktor layiq olmadığı postu bir oğru kimi tutduğuna görə ən azından mənəvi məsuliyyət daşıyır!

Fazilin birnəfəsə qopardığı üsyankar harayı bu otaqdan çıxıb dərhal başqa kabinetlərə yayılmağa başladı. Kənar redaksiya və şöbələrdən bu hay-harayın qopduğu redaksiyaya xeyli işçilər axışıb doluşmağa başladı. Hərənin ağzından bir avaz gəlirdi:

-Nə olub? Nə məsələdi? Nə davadı?.

-Bu da mədənimiz, ağzının danışığını itirib.

-Çox bilirsən, az danış! Yəqin Fazil də maniya veliçiya xəstəliyinə tutulub!

– O, elə əvvəllər də ipə-sapa yatmırdı!

-Günah təzədədi!

-Padumayeş, belə matah çıxıb, heç kəsi bəyənmir! Eqoistin biri, eqoist!.

Bu axırıncı sözləri Yasəmən xanım deyirdi. Fazillə Ağabalaya harayçılıq edənlər də tapılmışdı. Ancaq onlar vuruşmurdular. Ağabalanın tələbəlik illərində karate seksiyasına bir müddət müntəzəm məşqə gedərək şişirdib qabartdığı xüsusilə sağ yumruğunun oynaqları gidişsə də, “cuki”ni işə salmağa əsla bir lüzum görmürdü. Çünki Fazili Allah onsuz da vurmuşdu, yazıq affekt halına düşmüşdü. Nina Vasilyevna bütün vacib işlərini bir kənara qoyub hadisənin təfərrüatlarını öz bildiyi kimi maraqlananlara izah edərək, özü üçün də qaranlıq qalan bəzi müəmmalı nöqtələri aydınlaşdırmaq istəyirdi.

Haya özünü yetirən Bədii tərtibat şöbəsinin rəssamı Eldar dostu Fazilin qolundan tutaraq demək olar ki, ardınca sürüyə-sürüyə onu otaqdan – adamların arasından dəhlizə çıxarıb sakitləşdirməyə çalışırdı:

-Fazil, bəsdir! Sakitliyə riayət et! Burda, iş yerində dalaşmaq, hay-küy salmaq olmaz! Kişi ol, özünü ələ al! Dost var – düşmən var! Nə dəli-dəli qışqırırsan! Nə çoxdur mərdimazar, şikayət edərlər, rəsmiləşdirərlər, səni şərə salarlar! Ən azından səni işdən qovarlar, ya da ixtisara salarlar! Fazil, bu biabırçılığı qurtar!

Fazil isə qurtarmaq bilməyib dəhliz boyu Ağabalanın qarasınca qışqıra-qışqıra əslində məsələni bir az da yoğunlaşdırıbqəlizləşdirirdi:

-Məni heç kəs qorxuda bilməz! Bu qədər də insanın haqqını tapdamazlar! Heç tabelə də qol çəkməyəcəyəm! Qoy tabeli güdən sadiq alabaş duyuq düşsün, hürsün, qapsın, cumub yiyəsinə xəbər versin! Onun qabağında şələ quyruğunu bulasın! Mən azad, sərbəst insanam! O da adam olsun, adamını tanısın!

Fazil təlatümə gəlmiş dəniz kimi öz məcrasına sığmaq bilmirdi. Kükrəyən qeyzi, nifrəti coşqun, qüdrətli dalğalar kimi şahə qalxmışdı. Daxilən nə qədər çalışsa da, heç cür özünü ələ ala bilmirdi. Bir də bayaqdan bəri qulaqlarında səslənib getməyən, əksinə daha da şiddətlənən pəncərə taqqıltısı ona rahatlıq vermirdi. Bu taqqıltı bayırda qopan külək tufanının tez-tez qazılıb üstləri ala-bula örtülməkdən yamaq-yamaq olmuş çirkli mikrorayon küçələrinin qum-tozlarını, zirzibillərini havaya qaldırıb burada başqa ev və idarələrlə yanaşı duran beşmərtəbəli nəşriyyatın da pəncərələrinə qəzəblə çırpılır və qorxunc və dəhşətli gurultulara çevrilirdi. Bu taqqıltı-gurultular bir hüdudsuz həyəcan siqnalı – suri-İsrafil kimi bütün dünyanı bürümüşdü. Yaxınlıqdan keçən işıq və teleqraf dirəklərinin naqilləri vıyıldayırdı. Əcaib səslərdən Fazilin qulaqları da uğuldayırdı. Qiyamət günü idimi? Xasiyyətinə yaxşı bələd olan dostu Eldar onu idarədən bayıra çıxarıb külək tufanı içərisindən keçirərək yaxınlıqdakı çayxanaya doğru aparmalı oldu. Növbəti dəfə onun qolundan yapışıb irəli çəkəndə dostunun solğun üzünə baxarkən ürəyi ağrıdı. Fazilin arıq, çəlimsiz vücudu titrəyir, gözlərindən gilələnib tökülən hərəsi bir nar dənəsi boyda aramsız, isti yaşlar qansız yanaqları boyunca üzüaşağı diyirlənirdi. 1988

İlgili Terimler :

YORUMLAR

İsminiz

 

E-Posta Adresiniz

Yorumunuz

hafiz
24 Eylül 2017 - 17:04

Əsərin baş qəhrəmanı buyruq qullarından deyil. Bu adam öz işini peşəkarcasına bilən, öz ləyaqətini üstün tutan bir nəşriyyat redaktorudur. Adətən bu tip adamlar kollektivdə nə aşağılanmağı, nə də kim tərəfindənsə izzəti-nəfsinə toxunulmasını qəbul edər. Fazil işə gecikdiyinə görə şəxsiyyətinin alçaldılmasını görərək özünümüdafiəyə qalxır. Əslində bu ləyaqətin və şərəfin özünümüdafiəsidir. Hansı vəzifədə işləməsindən asılı olmayaraq şəxsiyyətin oyuncağa çevrilməsi, vəzifəli qarşısında, administrator qarşısında alçaldılması əxlaqi deqredasiyadan başqa bir şey deyildir. Nə qədər ki, işçi hüquqları qorunmur, nə qədər ki, işəgötürən işçiyə bir qul kimi yanaşır, bir o qədər də cəmiyyətin normal və ahəngdar inkişafı təmin olunmaz, azad əməyin təzahürü mümkün olmaz. İşçi şəxsiyyətinin və ləyaqətinin inzibati üsullarla alçaldılması insanın, bütövlükdə cəmiyyətin təklənməsinə, işəgötürənin daha da qəddarlaşmasına, despotların, şəxsiyyətə pərəstişin tüğyan etməsinə, zülmün şiddətlənməsinə münbit şərait yaradır. Beləliklə, demokratik hüquqlar tapdanır, bu minvalla despotlar qarşısında ayrı-ayrı fərdlər yox, bütöv cəmiyyət təklənir, insanlar kölələrə çevrilirlər.