Pencere Takkıltısı (II)

Edebiyat - 16 Eylül 2017 19:59 A A

Hafiz Rüstem

İkinci Hisse

Fazilin sürətlə düşünən beyni daha dərinlərə baş vururdu: “Deyək ki, bu təzə işçi (o, Ağabalanı nəzərdə tuturdu) təzə direktorun çaldığı havaya ustalıqla uyğunlaşaraq əl-qol ata-ata, göz-qaş edə-edə oynamağa pis başlamayıb. Əslində bu, adıbəlli çox qədim, meydan sənəti olan, meyxana tipli, monoton, eyni mövzulu elə cazibədar havalardandır ki, bu havaları sifariş verənlərin hökmüylə – çırtma çalmaqla, ritm və qafiyə tutmaqla , bədahətən mədh və ya həcv deyilir. Meyxana iştirakçıları, heç bir ciddi şeyin fərqinə varmayan qara camaat, cahil kütlələr zahiri qulağa xoşgələn öymələrə və ya söymələrə ancaq əl çalır, bayağı zövq alır, hüsn-i təvəccöhlərini bildirirlər. Ancaq emosiyaları qızışdıran, insanı dərindən düşündürməyən, şeytani çağırışlar edən bu ritmik havacatların xeyir və ziyanını bütün dərinliyilə dərk etmirlər. “Südnən gələn sümüknən çıxar” deyiblər. Bu insan sümüyünə düşən qüdrətli və cazibədar havaların təlqin etdiyi mütləq bir ideya var – ƏLAHƏZRƏT AMİRLİK! Lap elə bizim yeni cəmiyyət qurmaq istədiyimiz hər hansı mərhələdə də ƏDALƏTLİ RƏHBƏRLİK təhrif olunub şüara çevriləndə onun yerini dərhal ƏLAHƏZRƏT AMİRLİK – avtoritar idarəçilik tutur. Odur ki, gərək vəzifə nərdivanının ən aşağı pilləsində duranlar ictimai fəallıq göstərib yuxarıların xidməti vəzifələrindən sui-istifadə etmələrinə, vəzifə səlahiyyətlərini aşmalarına laqeyd qalmasınlar, hər yerdə hər zaman öz demokratik hüquqlarının hər hansı formada pozulmasına qətiyyən yol verməsinlər. Əks-təqdirdə, yaltaqlıq, ağciyərlik, mütilik kimi kölə xüsusiyyətlərinə az qala analarının bətnlərində yiyələnmiş Ağabalaların yetişməsinə əlverişli zəmin yarana bilər”.

Fazil Azərbaycan dili və ədəbiyyatı redaksiyasının qapısını nə vaxt açdığını belə hiss etmədi. Ancaq həmkarlarını salamlamağı unutmadı. Otağın üzüküçəyə açılan sol pəncərəsi qarşısındakı stolun arxasında oturub hələlik səhər qəzetlərini nəzərdən keçirən Ağabalaya sarı döndü. Bu dəqiqə Fazilin hirsindən alacalanmış gözləri ondan başqa otaqda uzunburunlu stol kənarında başları bir-birilə qızışan söhbətə qarışmış nə redaksiya müdirini, nə də kiçik redaktoru görürdü. Fazil mümkün qədər özünü ələ almağa çalışaraq kənardan bir stul çəkib təklif gözləmədən Ağabala ilə üzbəüz oturdu. Qalanların diqqətini özünə cəlb etməməyə cəhd edib salam verməyi də unutmadı. Ancaq Ağabala Fazilin üzündən, fizianomiyasından nəsə sezibmiş kimi hələ də ona təəccüblə baxmaqda davam edərək nəzakətlə salamının cavabını qaytardı.

Fazilin bu idarədə işə girdiyi gündən indiyə qədər başı daşdan-daşa dəymişdi. Təcrübədən bilirdi ki, indi müsahibi ilə qışqıra-qışqıra söhbətə başlasaydı, özünə məchul qalan nataraz suallara yenə də aydın bir cavab tapa bilməyəcəkdi. Davadalaşla başlanan iş ən azı rəsmi töhmətlərlə nəticələnəcəkdi. Bundan hamıdan çox özünə mənəvi ziyan dəyəcəkdi. Ehtimal və zərurət qanunlarına görə, bayaqdan bəri içindən qopan qıyqışqırığı, harayı zorla susdurub Ağabalanın göz bəbəklərinə düşən özünün xırdaca əkslərinə baxa-baxa astadan soruşdu:

– Pəncərəni nə üçün döyürdün? Ağabalanın təəccübdən gözləri bir az da böyüdü:

– Necə yəni nə üçün? Səni xəbərdar etmək üçün!

– Nədən?

– Nədən yox, kimdən? Mübarək üzünü gördüyün direktordan!

– Hardan bildin ki, onunla rastlaşacağam?

– Sənə hesabat verməyə borcluyammı?

– Həmkarlıq borcu bəlkə bunu tələb edir?

– Bu başqa məsələ! – deyə Ağabala təfərrüata keçdi:

– Təsadüfən Bela (katibə) otağımıza təşrif gətirdi. Bilirsən də o, bir az o söz! Hamımıza elan etdi ki, kişini (direktoru) elə indicə qabağımca Nazirliyə “kişdədim”, arxayın ola bilərsiniz. Mən də o vaxt – əli ilə o biri pəncərəni göstərdi – o pəncərənin qabağında durub küçəyə baxarkən səni gördüm. Təxminən 15 dəqiqə işə gecikmişdin. Pəncərəni döyüb səni xəbərdar etmək istədim ki, Sərxan müəllimlə qarşılaşmayasan. İndi sənin bu qəribə suallarını mənə təşəkkürünün əvəzi hesab edimmi?

– Təşəkkür etməyə hələ vaxtımız olacaq. Fərz edək ki, Sərxan müəllim idarədən çıxıb Nazirliyə gedirdi. Mən də piyada işə gəlirdim. Avtobusun yarıtmazlığından işə gecikdim. Bilməmiş deyilsən ki şəxsi maşınım olmasa da, mən həmişə işə gecikən də deyiləm. Baxmayaraq ki, bizim yaradıcı işin keyfiyyəti vaxt arşını ilə ölçülmür. Məgər xidməti maşını sərəncamında olan direktor da işə vaxtında gəlirmi?

– O, rəhbərdir! İdarənin başçısıdır!

– Bəs mən nəçiyəm?

– Sən yüzdən yuxarı işçisi olan nəşriyyatın altı redaksiyasından birinin adi, sıravi bir redaktoru! Əcəb məzəli sual verirsən, dostum! Bu ki aydındır. Kimi ələ salırsan? –deyə Ağabala qaşlarını istehzayla çatdı.

– Bu sualı özünə versən, yaxşı olar. Yaxşı, Sarxan müəllimin nəyi bizdən artıqdır?

– Səlahiyyəti! Bunu deyərkən Ağabalanı istər-istəməz, qəribə bir maraq bürüdü. Qarşısındakı “çağrılmamış qonağın”, “persona non qratın” sərsəm suallar verməsi bir yana dursun, hələ özü haqqında da yüksək bir fikirdədir bu hərif! Bunun da deyəsən, ağlı – o söz! Təzə işçi olsa da, yaxşı tanımadığı köhnə işçini öz yerində oturtmaq niyyətilə əlverişli fürsəti əldən vermədi:

– O, Nazirliyin təyin etdiyi rəhbərimiz, ağamız!

– Mən də öz işimin ağasıyam!

– “ İki qoçun başı bir qazanda qaynamaz”!

– “Qoç döyüşünə qoç dözər”! Hər kəs öz layiqli işi-peşəsilə böyükdür. Özün bilməmiş deyilsən ki, burada işləyənlərin hamısı (makinaçıları, təsərrüfat işçilərini çıxmaq şərtilə) ali təhsillidir. Ancaq hamısına nəşriyyatın profilinə uyğun ali təhsilli demək olmaz. Elə yeni direktoru götürək.Məsələn, Sarxan müəllim sıravi redaktor işləyə bilərmi?

Ağabala çaşıb qaldı. Çünki özü də rus dilində olan ədəbiyyatlar üzrə redaktor idi. Fazil bir oxla iki hədəfi vurmuşdu, Ağabalanın ən ağrıyan nöqtəsinə toxunmuşdu. Kitab redaktəsinin işlədiyi qısa müddətdə nə qədər çətin və məsuliyyətli olduğunu görmüşdü. Nəinki görmüşdü, hələ üstəlik bir şiddətli töhmət də almışdı. Bunun belə bir tarixçəsi vardı.

Redaksiya müdiri ona Əbülqasım Hüseynzadənin topladığı irihəcmli “Atalar sözləri” kitabının əlyazmasını redaktə etməyi tapşırmışdı. Əlyazma Azərbaycan atalar sözlərinin rusca qarşılığından ibarət ikidilli lüğət idi. O, həm əsərin 90 yaşlı müəllifinin, həm də onun qarşılıqlı tərcüməsini hazırlamış hörmətli bir tərcüməçinin yaxından iştirakı ilə əlyazma variantı üzərində bir ay sərasər gərgin işləmişdi.

Qələmlə düzəlişlər etdiyi çirkli səhifələri təzədən makinada (o zaman müasir kompüter imkanları yox idi – H.R.) çap etdirmiş, sonra da bir əlində qayçı, digər əlində də kağız yapışqanı üzücü “kəs-yapışdır” əməliyyatı apararkən Hikmət Seyidovun düzüb-qoşduğu məşhur bir beytin nə demək olduğunu öz dərisi üzərində hiss etmişdi:

 Yıxmazdı məni bir dağ,
Yıxdı bu kəsib-yapışdırmaq!

Bu kəsib-yapışdırmaq onu da yıxmışdı. Kitabın çap olunub isti-isti satışa buraxılmasından heç bircə ay keçməmiş “Lit.qazeta”da – İttifaq mətbuatında həmin kitab haqqında bir mənfi rəy dərc olunmuş və həmin rəyə görə də şiddətli töhmətlə cəzalandırılmışdı. Redaksiya müdiri də, tərcüməçi də buraxılan səhvlərə eyni dərəcədə məsuliyyət daşımalarına baxmayaraq sudan quru çıxmışdılar. Həmin ədalətsiz cəzanın göynərtisi hələ də Ağabalanın canından çıxmamışdı. O, qəti yəqin etmişdi ki, müəllifin ən yaxın köməkçisi olan redaktor nəşrin ideya-məzmun, dil-üslub, orfoqrafik səhvlərinə, fikir təkrarlarına, plagiatlığına və hətta poliqrafik xətalarına cavabdehdir. Buna görə də nəşriyyatın kitab təsərrüfatının əsas ağırlığının redaktorun çiyinləri üzərinə düşdüyünü inkar etmək olmazdı. Doğrudan da özü kimi babat bir redaktor olmaq da zor işdir.

Sarxan müəllim isə mətbəə direktoru olmuşdu. Hansı səbəbdənsə, bəlkə də səhv olaraq sırf istehsalatdan əsasən yaradıcı təşkilata rəhbər irəli çəkilmişdi. O, nəşriyyat sistemində heç bir korrektor da işləməmişdi ki, bu zehni fəaliyyətin xarakteri haqqında müəyyən cüzi təsəvvürü olsun. Amma burada qarşısında oturub yerli-yersiz suallar verən Fazil müəllim – onun 35 yaşı olmasına baxmayaraq, bütün nəşriyyat işçiləri arasında səriştəli, peşəkar, öz işinin kamil ustası olan adlı- sanlı bir nəşriyyat redaktoru kimi tanınırdı. Bu, hər kəsə müyəssər olmayan, Şərəf ordeninə layiq şərəf işidir. Bu danılmaz həqiqəti nəzərə alan Ağabala şəhər uşaqlarına məxsus inadkarlıqla Fazilin bayaq səsləndirdiyi “Sarxan müəllim sıravi redaktor işləyə bilərmi?” sualına namüəyyən, ikibaşlı cavab verdi:

– Nə bilim? Deyə bilmərəm!

– Mən fakta əsaslanıb deyə bilərəm ki, o, redaktor işləyə bilməz, yəni məni əvəz etməyə hünəri çatmaz. Onda mənim necə, onu əvəz etməyə hünərim çatarmı? -deyə Fazil son sualına cavab almaq istədiyini bildirərək ayağa qalxdı.  Ağabala da qeyri-ixtiyari olaraq lap həqiqətən direktor qarşısında dik ayağa durmağa adətkərdə olanlar kimi onun qarşısında ayaq üstə, əmrə müntəzir durdu.

Fazil ondan ucaboy idi, hələ gənc olmasına baxmayaraq, saçları erkən ağarmağa başlamış təcrübəli bir mütəxəssis idi. Onun nüfuzedici qara gözləri Ağabaladan obyektiv cavab gözləyirdi. Ancaq bir çatışmayan cəhəti vardı ki, rusca zəif bilirdi. Məgər əsasən milli-rəsmi dövlət dilinin hökm sürdüyü bir ölkədə blinqvizmin (ikidilliliyin) mətləbə dəxli vardımı? “Yox, adamın başı üstə Allah var. Fazil peşəkardır, ictimai işlərin öhdəsindən də ləyaqətlə gəlib. O, nəinki direktorluğa, ondan da böyük vəzifələrə layiqdir:

-Hünərin çatar, beş də artıq, Fazil müəllim!

-Əgər mənim həm direktor, həm də redaktor işləməyə hünərim çatırsa, onda nə üçün təkcə direktor işləməyə gücü çatanın qarşısından dovşan kimi qorxub qaçmalıyam?

Artıq redaksiyanın qalan işçilərinin də diqqəti bu gərgin söhbətə cəlb olunmuşdu. Kiçik redaktor Nina Vasilyevna (hərçənd həmişə “Nina xanım” deyə ona müraciət edilməsini tələb edirdi) uzunburunlu stola yaxın küncdə yerləşmiş vəzifəsi kimi kiçik stolu arxasında öz işini yaxşı bilənlərsayağı müdirinin “əli altında” əmrə müntəzir elə bil ki, tikan üstə oturmuşdu. Müdiri Yasəmən xanımın bütün buyruqlarını cani-dildən yerinə yetirməkdə əvəzsiz idi. O, uzun müddət arzusunda olub can atdığı redaksiyaya axır ki, işə keçmişdi. Əsl dəftərxana adamı idi. Bütün günü əsasən stolunun üstünə tökdüyü kağız-kuğuzların içində eşələnərdi, redaksiyanın “divanxana” işlərini həm səylə, həm də səliqə-sahmanla görməkdən zövq alardı.

O, beynəlmiləl şəhərimiz Bakıda doğulsa da, yaşadığı respublikanın rəsmi dilinə, mədəniyyətinə, adət-ənənələrinə etina etmir, heç vecinə də almırdı. Çünki onun nəzərincə, “bu əbləh türklər öz xeyir-şərlərini bilməyən, dost-düşmənlərini tanımayan, bir-birlərinin ayağnın altını qazan, ictimai-milli təfəkkürü olmayan, rus imperiyasına sadiq , avam, həm də mədəni cəhətdən geri qalmış şərq xalqlarından biridir. İçərilərində bircə nəfər rus olsa, hamısı öz rəsmi ana dillərini unudub ancaq hakim rus dilində tutuquşular kimi qırıldamağa başlayırlar. Elə mən işlədiyim Azərbaycan dili və ədəbiyyatı redaksiyasında daha çox rusdilli, kütləvi tirajlı ədəbiyyatlar çapa hazırlanır. Elə buna görə də hələlik vəzifəm nə qədər kiçik olsa da, bir o qədər perspektivli və nüfuzluyam. Yasəmən xanım saysız-hesabsız rusca əlyazmaların redaktə və korrekturalarını məhz mənə həvalə etməyə başlayıb. Tezliklə bu redaksiyanın müdiri olmaq şansım da var. Artıq bu milli, rəsmi dili dərindən öyrənməyə və danışmağa da heç ehtiyac duymuram. Bu ölkədəki əhalinin əsas kütləsi hələlik tam assimilyasiyaya məruz qalmasalar da, onsuz da gec-tez ruslaşacaqlar, mənim dilimdə danışacaqlar”.

İndi o, şirin xəyallarından ayrılıb öz bucağından hərif Fazillə Ağabalanın ucundan tutub ucuzluğa gedən hardasa əsəbi danışıqlarına çox maraqla tamaşa edib nəsə fəhm etməyə çalışırdı. Həm də deyəsən, bu xoşagəlməz danışıqların uzanması redaksiyanın ümumi iş ahəngini pozur, hamının əhval-ruhiyyəsinə mənfi təsir göstərirdi.

Yasəmən xanım özünü eşitməməzliyə vursa da, qulaqları şəklənmişdi. Fazilin şəxsiyyətinə və savadına yaxşı bələd idi. Onun təzə yaradılmış Xarici dillər redaksiyasına müdir keçməyə yeganə namizəd olduğunu bilirdi. Ancaq direktorun məsləhəti və Yasəmən xanımın təqdimatı ilə yeni redaksiya müdirliyinə Fazil yox, korrektor Zakir irəli sürüldü. Bu adam nəinki redaksiya müdirliyinə, heç normal bir korrektor kimi işləməyə layiq deyildi. Əvvəla, tündməcaz idi, ikinci də öz kütlüyündən xəbəri olmayan, saysız-hesabsız diplomlu “savadlı”larımızdan biri idi. Təkcə partiya üzvü olduğundan illərlə redaksiyada bişib-bərkimiş bir redaktorun başı üstündən redaksiya müdiri seçilmişdi. Bu, kadrların seçilib-yerləşdirilməsində aparılan doqmatik-bürokratik idarəçilik siyasətinin növbəti saxtakarlığından biri idi.

Fazilin daxili iztirabları rəngi qaçmış surətinin bütün cizgilərində – geniş alnının hüdudlandığı gicgahlarındakı tez-tez çarpan göyümtül damarlarda, geniş açılmış qara gözlərinin alt yarımdairələrində əmələ gələn tutqun kölgələrdə, nazik, qara bığlarının altında qanı çəkilmiş solğun dodaqlarında özünü aydınca büruzə verirdi. Ağabala vəziyyətin bu cür ciddi şəkil alacağını gözləmirdi. Yox, o, Fazili qəti təhqir etmək niyyətində olmamışdı:

-Fazil müəllim, məlumatınız olsun ki, mən sizi qəti təhqir etmək fikrində olmamışam!

–Bu, deyək ki, məlumdur!- Fazilin hələ hirsi-hikkəsi azacıq da olsa soyumamışdı. O, şəhadət barmağını söhbətə vurulan yekunun axırında hökmən qoyulmalı olan nida işarəsi kimi yuxarı qaldırıb Ağabalanın az qala başı üstündə yellədərək hamının bildiyi və ancaq deməyə cəsarət etmədikləri bir həqiqəti dilinə gətirdi:

– Ancaq burası naməlumdur ki, Sərxan müəllimin həmin vəzifədə işləməyə nə dərəcədə haqqı çatır!

-Bax, bunu sən dedin ha, kolleqa, mən demədim!-deyə Ağabala da şəhadət barmağını tərəzi gözündə çəkiyə qoyulan yükün ağır gəldiyini göstərən əqrəb kimi Fazilin çənəsi altında ehtiyatkarlıqla yellədi:

-Əgər belədirsə, onda çəkidə, ölçüdə bir-birimizi aldatmayaq (Quran). Bu ədalət tərəzisinin gözlərində özünü də mənim kimi bir anlıq təsəvvür elə, zəhmət olmasa, bu pəncərənin qarşısına gəl! Burada vaxtını çox almayacağam.

Fazil özü də aşkar hiss edirdi ki, əndazədən xeyli kənara çıxmışdır.

Ağabala naəlac qalıb pəncərənin qənşərinə gəldi və oradan ikilikdə küçəyə baxmağa başladılar. Fazil hazırda tramvayın taqqatuqla keçdiyi yolun bəri üzündə qalan idarənin binasının küçəyə çıxan həyətini və həmin həyətdə binanın küçə qapısına on-on beş addım qalmış “hadisə yeri”ni göstərdi.

Geniş küçə ilə paralel beşmərtəbəli idarə binasının uzununa – onun bünövrəsinə bitişik bir metrlik eni olan səki boyunca təkəm-seyrək sərv ağacları ucalırdı ki, onların da əksəriyyəti zaman-zaman əsən sərt küləklərə davam gətirməyib sınıq-salxaq vəziyyətə düşmüşdü. Həmin ağaclar düzbucaq şəkilli dəmir çəpərlərlərlə əhatə olunmuşdu. Bu çəpərlər idarənin ümumi küçə qapısı bərabərində ortadan iki hissəyə bölünmüşdü. Məhz bu bölünən yerdən küçə qapısına enli yol gedirdi. Bu yolun on-on beş addımlığında küçə qapısına qovuşuq beşpilləli mərmər artırmadan əlavə gözə çarpacaq heç bir şey yox idi.

Ardı var…

Edebiyat - 19:59 A A
BENZER HABERLER

HABER LİSTESİ

  • 01
    MSB: TSK her türlü tehdit ve tehlikeyi bertaraf etmeye muktedirdir
    MSB kaynaklarından yapılan açıklamada, “TSK, bekamıza yönelen veya yönelebilecek her türlü tehdit ve tehlikeyi bertaraf etmeye muktedirdir” ifadeleri yer aldı. Milli Savunma Bakanlığı (MSB) Basın ve Halkla İlişkiler Müşaviri Tuğamiral Zeki Aktürk, MSB’nin son bir haftaki faaliyetlerine ilişkin bakanlıkta bilgilendirme toplantısı düzenledi. Aktürk, Türk Silahlı Kuvvetlerinin (TSK), kaynağında, sürekli ve kapsamlı olarak Irak ve Suriye’nin kuzeyinde gerçekleştirdiği […]
  • 02
    İstanbul’da okullarda 5 bin 500 yeni temizlik personeli göreve başladı
    İstanbul’daki okullarda Toplum Yararına Çalışma Programı kapsamında tam zamanlı 5 bin 500 kişilik yeni temizlik personeli çalışmaya başladı. Milli Eğitim Bakanlığı (MEB), son günlerde sosyal medya mecraları başta olmak üzere yazılı ve görsel basının gündeminde yer tutan ‘okullarda temizlik hizmetleri’ konusunda açıklama yapmış ve yeni temizlik personellerinin göreve başlayacağını duyurmuştu. İstanbul’da da bu kapsamda yeni temizlik personelinin […]
  • 03
    Mark Rutte: ‘Ukrayna NATO’ya her zamankinden daha yakın’
    Perşembe günü Ukrayna’nın başkentine habersiz bir ziyaret gerçekleştiren yeni NATO Genel Sekreteri Rutte, ittifakın Ukrayna’ya askeri ve mali destek sağlamaya devam etme taahhüdünü yineledi. Kuzey Atlantik Antlaşması Örgütü’nün (NATO) yeni Genel Sekreteri Mark Rutte göreve gelmesinin ardından ilk ziyaretini Perşembe günü Ukrayna’nın başkenti Kiev’e gerçekleştirdi. Burada yaptığı konuşmada Rutte, Rus işgaliyle mücadelede Ukrayna’ya desteğini sürdürme […]
  • 04
    Brüksel ‘egemenlik’ yasası nedeniyle Macaristan’ı mahkemeye veriyor
    Brüksel, Macaristan’ın ‘ulusal egemenlik yasasına’ karşı, çok çeşitli temel hakları ihlal ettiğini ileri sürerek yasal girişimlerini hızlandırdı. Avrupa Komisyonu, Budapeşte’nin “ulusal egemenliği” korumak için gerekli olduğunu söylediği, ancak sivil toplum kuruluşlarının muhalif sesleri hedef almak ve susturmak için tehlikeli bir araç olarak kınadığı oldukça tartışmalı bir yasa nedeniyle Macaristan’ı mahkemeye verdi. Perşembe günü öğleden sonra […]
  • 05
    Eylül ayı enflasyonu açıklandı
    Eylül ayında enflasyon uzun zaman sonra ilk defa yüzde 50’nin altına indi. Türkiye İstatistik Kurumu’nun (TÜİK) verilerine göre yıllık enflasyon yüzde 49,38 oldu. Böylelikle yıllık enflasyon üç yıl sonra ilk kez politika faizinin altına indi. Merkez Bankası, Eylül ayında politika faizini %50’de sabit tutmuştu. Enflasyon Araştırma Grubu’na (ENAG) göre ise enflasyon Eylül’de aylık yüzde 5,34, […]