YAĞMUR (Azerbaycan Hikâyeleri)
Zaur Bayramoğlu
I
Yorğanını kənara itələyərək ufuldaya-ufuldaya doğrulub oturdu, dərindən nəfəs alıb ciyərlərində toplanmış havanı ağrı-acısını qovmaq istəyirmiş kimi uzaqlara üfürdü. Aldığı nəfəsin ardınca gələn davamlı öskürəkdən güclə imkan tapıb yatağının baş tərəfindəki dolabın üstündən götürdüyü bardaqdan iki qurtum su içdi, əlini sinəsinə qoydu. Kürəyindən qəlbinə saplanan oxun ucunu tutacaqmış kimi sol döşünü ovuclayıb sıxaraq nəfəsini bir anlıq tutub dayandı… Lakin az sonra taqətsiz əli yanına düşdü…
Nəfəs darlığından beyninə gedən qan kifayət qədər oksigen daşıya bilmədiyindən ürək döyüntüsü və başgicəllənmə yaradırdı. Qalxıb mətbəxə getmək, bir tikə yemək yeyib dərmanlarını içmək istədi. Lakin getdikcə şiddətlənən halsızlıq və başgicəllənmə o həddə çatmışdı ki, ayağa qalxarsa yıxılıb qalacağını bildiyindən dönüb çəkməcəyə baxdı, ürəyində, – lənət olsun, acqarına içəcəm, – deyib dolabın çəkməcəsini açaraq dərman qutusunu götürdü, flakondan çıxardığı kapsulu dərman qutusundan götürdüyü qutucuğun içinə qoyub qapağını örtdü, yan tərəfindəki düyməni sıxaraq kapsulu partlatdı, qutucuğun ucundakı borucuğu ağzına salıb içindəki tozu sümürdü. Bir neçə saniyə nəfəsini tutub dayandıqdan sonra qutucuğun qapağını açaraq boş kapsulu çıxarıb külqabına atdı, flakonla birlikdə dərman qutusuna yerləşdirib çəkməcəyə qoydu
Dərman ani təsir göstərmiş, bronxları açılmışdı, “Tanrım kimsəni nəfəssiz qoyma”, – deyib çəkələklərini ayağına keçirərək yatağından qalxdı, taqətsiz addımlarla yaxınlaşıb pərdəni çəkdi, pəncərənin altlığına söykənib əllərini sinəsində qovuşduraraq bayğın gözlərlə yağan çiskinli yağmuru izləyə-izləyə astadan zümzümə etməyə başladı:
Bir güz günü…
Yarpaqların qızıl rənginə döndüyü zaman
Çiskinli bir axşamda…
Ağacların altında…
Əlindən tutub yürümək istərdim…
Xəzəllərin üstündə
sarılıb öpüşdüyümüzdə
dodaqlarından qəlbimə axan şəhvətlə
adını anmaq istərdim…
Evə gəlincə xəstələnmək…
Qızdırmadan yanarkən
adını sayıqlamaq istərdim…
Sübhün ilk işıqlarıyla
dayanıb pəncərəmin önündə…
Günəşin doğuşunu seyr edərkən
saralmış dodaqlarımla
adını anmaq istərdim.
Qeyri-ixtiyari gülümsədi, üzünə xəfif təbəssüm yayıldı… Sağ əlinin işarət barmağı ilə şüşəni ahənglə döyəcləyərək onun adını yazdı – Səbinə…
Qayıdıb yatağına uzananda telefonunu götürdü. Ekranına baxıb uzun-uzadı bir fit çalaraq dikəldi, “bu qız səhərə qədər yatmayıb ki…” – deyib yastığını dirsəyinin altına itələyərək “buraxılmış zənglər” bölməsindən sonuncu zəngi geri yığıb telefonu qulağına tutdu. İkinci çağırışdan sonra telefonun digər ucundan sevgilisinin hədəsini eşitdi:
- Yuri, öldürəcəm səni!
- Ay qız, dayan görək, hara öldürürsən? Bir “salam” al, “sabahın xeyir” elə, sonra baxarıq da, məsləhət olsa, öldürərsən.
- Nə salamı e? Bir telefona bax, səhərə qədər yüz əlli dəfə zəng vurmuşam sənə, niyə cavab vermirdin?
Sevgilisinin səsindəki incikliyi hiss etdiyindən onun könlünü almaq üçün:
- Sabişkam, qurban sənə, heç bilirsən gecə nə haldaydım? Səhərə qədər qızdırmadan yanmışam, ürəyim də bir tərəfdən ağrıyır, bilmirəm ürək tutmasıdı, ya qulunc batır.
– Of, Yuriiii!!! Sənin hər zaman bəhanən var da… Nə olardı ki, telefon özünü yeyib-tökəndə açıb bircə kəlmə necə olduğunu desəydin?
– Nə bəhanəsi, Sabişkam, bilirsən ki, mən gecələr telefonu səssizə qoyuram, ona görə xəbərim olmayıb. Bu gecə də elə gündəydim ki, başım özümə qarışmışdı, ona görə zəng olub-olmadığına baxa bilməmişəm. Görmürsən, səsim nə gündədi? Nəfəsim də çıxmır, – deyib öskürdü, sinəsini arıtlayıb davam etdi, – elə bil sinəmin üstündə qaya var, öləcəm belə getsə…
Telefonun digər ucundakı qəzəbli səs bir anda ana nəvazişinə büründü.
– Yuri, niyə təcili yardım çağırmamısan?
– Dünəndən çağırmışam e, ay qız, hələ gəlib çıxmayıb.
Səbinə:
– TƏBİB-imizin maşallahı var da, – deyib əlavə etdi, – Allah göstərməsin, birdən Covid olarsan.
– Yox, əşi, məndə o bəxt hardandır?
– Zarafat eləmə, Yurim!
– Sabişkam, gedim yuyunum, səni yığaram, olarmı?
– Əlbəttə, əzizim.
– Hələlik.
– Öpdüm, özündən muğayat ol.
– Öpdüm sənin nəfəsindən, uzaqlardan…
Səbinə nazlanaraq:
– Niyə uzaqlardan? Hər zaman yanağımdan, dodağımdan öpərdin.
– Axı Covid ola bilərəm, sənə keçməsin deyə.
– Qorxma, Yurişkam, peyvənd olunmuşam.
– Onda üç yüz otuz üç de.
Qulaqlıqdan Səbinənin ehtiras dolu pıçıltısı eşidildi:
– Üç yüz otuz üç…
Məhərrəm sevgilisinin dodaqlarından öpüb zümzümə etməyə başladı:
Yayılıb aləmə fəryadım
Bir ümidim olsun, hər zaman arayım
Oxşayım telini, saçını darayım
Öpüm şirin-şirin yanaqlarından
Nə bilsin ağlamaq çarəmi, həllimi…
Öləcəm, qalacam, bu, səncə, bəllimi?
Səbinə gülümsəyərək pıçıldadı:
- Yurişkam, ölürəm də bu mahnıyçün…
- Hə, Sarışınım, gözəl mahnıdır.
- Bunu “zəngimsellimə” qoyduracam.
Məhərrəm: – İnşallah, – deyib əlavə etdi, – Sarışınım, mən bir duş alım danışarıq, olurmu?
– Əlbəttə, canım.
Sağollaşdıqdan sonra Məhərrəm telefonu qulağından çəkib qalereyaya girdi, iki gün öncə Səbinə ilə meşədə çəkdirdikləri fotoşəkillərə tamaşa edə-edə öz-özünə: “Kukladı da canı- yanmış”, – deyib ayağa qalxdı, hamama girib duş aldı, saçlarını qurulaya-qurulaya çıxıb mətbəxə keçdi, soyuducudan süd çıxarıb qızdırdı, stəkana tökərək içinə bir qaşıq bal və yumurta əlavə etdi, qarışdıra-qarışdıra qonaq otağına keçərkən dəhlizdəki bədənnüma güzgüdən özünə baxıb: “İki günə çökmüşəm ki…” – deyərək burnunu çəkdi.
Divanda əyləşdi, “qüvvət məcunu” dediyi qarışığı içib qalxdı, yataq otağına keçdi, hamam xalatını soyunub yatağına uzandı, gözlərini tavana zilləyib düşünməyə başladı…
II
Məhərrəmin sinif yoldaşları vaxtaşırı “Daş dövrü” kafesində yığışırdılar. Budəfəki görüşdə digərlərindən fərqli olaraq, oğlanlardan Məhərrəmdən başqa heç kim yox idi, qızlardansa paralel sinifdə oxuyan bir neçəsi iştirak edirdi.
Söhbətin şirin yerində Səbinə:
– Məhərrəm, indiyə qədər həyatımda bir tək səni sevdim, sənsə heç məni sevmədin, – deyib işvəli gözlərini onun gözlərinə dikdi. Səbinənin gözlənilməz etirafı qarşısında nə deyəcəyini bilməyən oğlan yerindəcə donub qaldı…
Kafedən çıxıb dağılışanda Səbinəni evlərinədək ötürdü. Yolboyu artıq çox arxada qalmış məktəb illərini xatırlayır, unuda bilmədikləri hadisələrdən danışıb-gülür, uşaqlıq, gənclik xatirələrini yad edirdilər.
Məhərrəm orta məktəbdə “b”, Səbinə isə paralel “c” sinfində oxuyurdu. Bu qız məktəbdə diqqətini çəkmədiyindən nəinki ortaq xatirələri yox idi, hətta onunla bağlı çox az şey xatırlayırdı. Səbinə isə onun hansı gündə nə geyindiyinə qədər bütün incəliklərini xatırlayır, hətta Məhərrəmin özünün belə unutduğu hadisələri onun yadına salırdı…
Mənzil başına çatdıqda artıq gecə yarı olmuşdu. Kilometrlərcə yolu piyada gəlsələr də, saat yarıma yaxın zaman onlarçün bir göz qırpımında keçmişdi. İkisinə də elə gəlirdi ki, kafedən indicə çıxıblar.
Binanın alaqapısında Səbinə dayandı, illər sonra ilk dəfə ona məktəbdə müraciət etdikləri kimi çağıraraq:
– Maqa, sən qayıt, daha gec oldu, – dedi.
Məhərrəm onun əlindən tutaraq:
– Yaxşı, Səbinə, burada gözləyirəm, sən evə qalx, sonra gedərəm, -deyə onu arxayın etdi.
Səbinə: – Oldu, Maqa, görüşənədək, – deyib əlini Məhərrəmin əlindən çəkdi, ani hərəkətlə pəncələrinin üstünə qalxaraq Məhərrəmin yanağından öpdü, dönüb sürətli addımlarla, az qala qaçaraq uzaqlaşdı…
Məhərrəm onun arxasınca qeyri-ixtiyari iki addım atıb dayandı, əlini qızın öpdüyü yerə qoydu, gözlərindən başlayan xəfif təbəssüm öncə dodaqlarına, ardınca üzünə yayıldı, qəlbinə axaraq bütün bədənini sardı. Astadan qeyri-iradi: “Sabişkam”, – deyə pıçıldayaraq dönüb zümzümə edə-edə uzaqlaşdı:
Yandırdın qəlbimi aman
Ey qaşları kaman
Bu sevgimə inan, yar…
Evə gəldi, pencəyini soyunub stulun söykənəcəyinə asdı, özünü üzüqoylu divanın üstünə atdı, əllərini çənəsinin altında qovuşduraraq gözlərini yumub düşünməyə başladı…
Səbinəni gözlərinin önünə gətirdi, öz-özünə: “Off, Səbinə, Səbinə… Necə olub ki, bu illər boyu səni heç fərq etməmişəm?” – deyə soruşdu.
III
İsti duşun və “qüvvət qarışımı”nın təsiri artıq özünü göstərməyə başlamış, dünəndən heysizləşmiş bədəni dirçəlmiş, Məhərrəm xeyli özünə gəlmişdi. Əlini atıb yatağın baş tərəfindən telefonunu götürdü, qalereyanı açıb Səbinə ilə çəkdirdikləri şəkillərə baxmağa başladı. Onlardan birini xüsusilə sevirdi. Səbinə qısa şortla çiyinləri ipli kofta geyinmişdi. Dizlərinə qədər dənizə girərək suyun içində oynayır, köpüklü dalğalardan ovucladığı suyu səmaya atır, balaca uşaq təki gülüb-əyləndikcə dənizdən əsən külək qızılı ipək saçlarını dalğalandırırdı…
Məhərrəm gizlincə çəkdiyi fotoşəkli izləyib saralmış dodaqlarının arasından: “Sarışınım”, – deyə pıçıldadı…
IV
Keçən həftəsonu istirahət üçün şimal bölgəsinə getmişdilər.
Çay kənarındakı kotteclərdən birini iki günlük kirayələyərək əşyalarını yerləşdirib öncə şam yeməyi üçün restorana, oradan da sahilə gəzməyə getdilər.
Onlar sahildə gah əl-ələ tutub gəzir, gah da Məhərrəm əlini qızın belinə salaraq yanınca irəliləyir, qızın şıltaq uşaq təki etdiyi hərəkətlərə baxıb gülümsünürdü. Səbinə Məhərrəmin qolundaykən qollarını qüruba getməkdə olan günəşə doğru açıb günəşə səsləndi:
Bizi qoyub getmə, günəş,
Qaranlığa tərk etmə, günəş
İşığını alsan bizdən
De neylərik sənsizlikdən?…
Məhərrəm əllərini bir-birinə vuraraq çəpik çalıb:
– Əhsən Sarışınıma, sən əməlli-başlı şairəymişsən ki? – dedi və əyilərək qızın yanağından öpdü.
Bədahətən ağlına gələn şeirdən özü də məst olan Səbinə pıçıldadı:
– Maqa, sənin yanında bir başqa oluram,
– Necə bir başqa?
– Buludların üstündə və dünya da ayağımın altında…
– Bilirsənmi niyə buludların üstündə olursan?
Səbinə dalğın-dalğın:
– Niyə, Maqa?-deyə gözəl bir təbəssümlə soruşdu.
– Çünki səni mən göy aləminə qaldırıram, – deyib başını qaldırdı, leylək buludların süzülüb getdiyi səmaya baxaraq davam etdi, – qaldırıram ki, ulduzları toplayıb saçlarına çələng hörəm, günəşdən boynuna boyunbağı, aydan qoluna bilərzik düzəldəm…
Səbinə əllərini Məhərrəmin onun belinə dolanmış qolunun üstünə qoyub, əllərini oxşayaraq böyrünə qısıldı, asta səslə:
– Bilirsənmi, Maqa, mən illər boyu sənə olan sevgimi açıb-ağarda bilmədim… Hətta ən yaxın rəfiqələrimdən belə gizli tutdum… Qorxurdum ki, kimsə bilsə, o sevgini çalar məndən… Elə hey səni gözlədim, – deyib ah çəkdi, sevgilisinin əlinin üstündən bir şapalaq vurub, – amma sən elə bil kor olmuşdun, gözlərin hamını görürdü, bir məndən başqa, – dedi.
Məhərrəm:
– Hə, Sarışınım, mən bu illər boyu gerçəkdən də koruymuşam, – deyib qaşlarını çatdı, anidən dayanıb sevgilisini özünə tərəf çevirərək yanaqlarını oxşadı, qulaqlarının altından keçirtdiyi əllərini boynuna doğru sürüşdürərək kürəyinə dağılmış saçlarını toplayıb aşağı çəkd,i qızın yuxarı qalxaraq açılan dodaqlarından öpdü, – artıq gözlərim açıldı, həm də onları sən açdın, – deyib saçlarını buraxdı, aşağı doğru sürüşdürdüyü əlləri ilə qızın çiyinlərini oxşadı, çəkib sinəsinə sıxaraq ona sarıldı, saçlarından öpərək, – Tanrım ayırmasın, – deyə özündən araladı, gəl gözümün işığı, bir az da gəzək, – dedi.
Onlar sahildə, islaq qumların üstü ilə gəzişərkən Xəzərin ilıq ləpələri sanki aşiqləri qoynuna çağırırmış kimi ayaqlarına vurub çəkilir, onları dənizə girməyə təhrik edirdi.
Ləpələrin çağırışına uyan Səbinə anidən Məhərrəmin əlini buraxıb dizlərinədək suyun içinə girdi, dalğaların köpüklü sularından ovuclayıb səmaya ataraq haradansa ağlına gələn mahnını oxumağa başladı:
Göylərdəki ayam mən, ya da ki, dan ulduzu,
Sevgilimi gözləyir, bəxtimə göz vururam.
Qapqaranlıq kosmosda yapa-yalnız qalmışam,
Sevgilimi gözləyir, Yurimi axtarıram…
Onun başı rəqs etməyə qarışmışkən Məhərrəm cəld telefonunu çıxarıb bir neçə şəklini çəkmişdi…
Səbinə oynayıb yorulduqdan sonra sahilə döndü, Məhərrəm sevgilisinin incə belini qucaqlayıb yanağından öpdü, gülümsəyərək: “Sən qaranlıq kosmosdun, Yurini gözləyirdin, öncə yanına Layka gəldi, bax artıq Yurin yanındadır”, – deyib dodaqlarından öpdü.
Əllərini sevgilisinin boynunun ardında daraqlayan Səbinə:
– Hər zaman yanımda ol, – deyə ehtirasla pıçıldadı.
Məhərrəm:
– Sonsuzadək yanındayam, – deyib əlavə etdi, – Kosmosum!
– Haycan.
– Gedək kottecimizə.
– Niyə, Yuri, bura yaxşıdı.
– Kosmosumu fəth etmək istəyirəm.
– Qorxmursan, Layka dişləyər səni?
– Dişlərini qıraram onun, – deyib ani hərəkətlə sevgilisini qucağına aldı. Səbinə çabalayıb enmək istəsə də, Məhərrəmin güclü qolları onu bərk-bərk tutub saxlamışdı. Və saçlarından tutub çəkişdirən qızın: – Burax, dəli, məni hara aparırsan? – deyə etirazlarına fikir vermədən onu qucağında yuxarı qaldırıb açıqda qalan göbəyindən öpərək:
– Cənnətimizə mələyim, – deyə cavabladı… Səbinənin Məhərrəmin saçlarını çəkişdirib-qarışdıran əlləri onun gicgahlarından sürüşüb yanaqlarını oxşadı, sol əlinin üç barmağı ilə çənəsini sərt bir şəkildə oxşayıb:
– Yurişkam, – deyə ehtiras dolu səslə pıçıldadı, sözünün sonu dənizdən əsən xəfif mehə qarışıb uçdu, quruyan dodaqları cümləsini tamamlaya bilmədi…
Ertəsi gün günəşin gözlərinə dolan şəfəqləri Məhərrəmi yuxudan oyadanda sağına döndü, dirsəklənərək Səbinənin yastığa dağılmış qızılı saçlarına, məsumca bir təbəssümlə büzülmüş qaymaq dodaqlarına, nəfəs aldıqca xəfifdən qalxıb-enən sinəsinə, uzun, düz ayaqlarına baxıb: “Mona Liza qədər gözəlsən, Sarışınım”, – dedi və qızın sürüşmüş yorğanını çəkib üstünü örtdü. Yastığın üstünə dağılmış ipək saçlarından öpüb ayağa qalxdı, əynini geyinib hamama girdi. Duş alıb çıxanda qapıdan boylandı, sevgilisinin hələ də yuxuda olduğunu görüb mətbəxə keçdi, su qızdırıb qəhvə hazırladı, dolabdan şirniyyat götürərək məcməyiyə, qəhvə fincanlarının yanına qoyub yataq otağına gəldi. Səbinənin dodaqlarından öpərək oyandırıb: “Qalx, həyatım, bax səninçün nə gətirmişəm”, – dedi.
Qəhvələrini içdikdən sonra idman formalarını geyinib dənizin kənarına yürüşə çıxdılar. Ayaqlarının altında xışıldayan islaq qumda qalan ləpirləri arxalarınca boylanır, əl-ələ tutmuş iki aşiqin kölgəsi isə önlərincə qaçırdı…
Səbinənin dənizdən əsən küləyin uçuşdurduğu saçları Məhərrəmin boynuna-boğazına dolanır, şən qəhqəhələrində qaymaq dodaqlarının gizlədiyi inci dişləri görünürdü…
Anidən dayanan Məhərrəm Səbinəni özünə doğru çəkdi. Yerində fırlanaraq yıxılmamaq üçün sevgilisini qucaqlayan Səbinə tövşüyən nəfəsini tənzimləmək üçün dərindən nəfəs alarkən çırpınan qəlbini sinəsinin sağ tərəfində hiss edən Məhərrəm onun çənəsini qaldırıb dodaqlarından öpdü, saçlarını oxşayaraq:
– Yoruldunmu, həyatım? – deyə soruşdu.
– Yorulmamışam, Yurim, istəyirsənsə, bir az da qaçaq, – deyərək yarım addım aralandı.
Qızın əlini qaldıraraq barmaqlarından öpən Məhərrəm:
– Yox, həyatım, qaçmaq istəmirəm, bilirsənmi nə istəyirəm? – deyib gözlərini qızın gözlərinə dikərək:
– İstəyirəm zaman dursun, dəqiqələr donsun, saniyələr axmasın, Sarışınım, sonsuzadək elə buradaca dayanaq, günəşin şəfəqləri ala gözlərinə dolsun, külək ipək saçlarını uçuşdursun, dənizin dalğaları ayaqlarını yalayıb islatsın, mən də gözəllik ilahəmə, eşq tanrıçama tamaşa eləyim…
Və Müşfiqdən iki misra oxudu:
– Arzuya bax, sevgilim,
Tellərindən incəmi?
Söylə, ürəyincəmi?
Səbinə onun boynuna sarılaraq:
– Əlbəttə, ürəyimcədir, Yurim, qoy elə zaman dursun, dəqiqələr, saniyələr axmasın, biz ikimiz sonsuzadək sarılaq bir-birimizə…
Məhərrəm sevgilisinin belini qucaqlayan qollarını sıxıb özünə çəkdi… Bir-birilərinin qoxularını içlərinə çəkərək eşqin və şəhvətin bir-birinə qarışmış xoş rayihəsindən məst olaraq yerlərindəcə donub qalmışdılar…
V
Dənizin kənarında bir az daha gəzişərək otelin həyətindəki restoranda qəlyanaltı edib kotteclərinə döndülər.
Otağa girər-girməz divardakı saata baxan Məhərrəm:
– On ikiyə qalıb ki, tələsmək lazımdır, sən içəri keç, Sabişkam, çantamızı gətirim, əşyalarımızı yığaq, – deyib dolabın qapısını açaraq yol çantalarını çıxardı.
Məhərrəmin gətirdiyi əşya çantasına bir az ərzaq və yataq kisələri ilə petlərini qoydular. Beşatılanı da üzlüyündən çıxarıb quraşdıran Məhərrəm yol çantasından götürdüyü mərmilərdən beşini tüfəngin sandıqçasına, səkkizini isə qundağın üzlüyündəki mərmi yuvalarına doldurub divara söykədi. Əşya çantasını kürəyinə geyinib tüfəngini çiyninə asaraq bayaqdan maraqlı gözlərlə onu izləyən Səbinəyə:
– Gəl, həyatım, bu gecəni harada olacağımızı bir biz biləcəyik, bir də dağlar, – dedi.
Səbinə:
– Ayaqla gedəcəyik? – deyə soruşdu.
– Bəs necə? Sənin “Opel”in dağların zirvəsinə dırmana bilsəydi, onunla gedərdik.
– Yaxşı, Yuri, gedək, ancaq yorulsam, məni qucağında daşıyacaqsan.
– İstəyirsən, indidən qucağıma alım.
Gülüşdülər…
Yollarını qısaltmaq üçün mövsüm artıq payıza döndüyündən suyu xeyli azalan çayı bir qədər aralıdakı körpüdən deyil, yaxınlıqdakı adlamaclardan (çayın eninə bir-birindən yetmiş-səksən santimetr aralı qoyulmuş iri daşlar və ya qaya parçaları) adlayaraq yolu keçib meşəyə doğru addımladılar.
Dağların dənizə baxan meşəli yamaclarına dırmaşarkən Məhərrəm zarafatından qalmır, tez-tez sevgilisini şit zarafatlarla özündən çıxarır, Səbinə heyfini çıxmaq üçün üzərinə yürüdükdə cəld qaçaraq cəzalanmaqdan canını qurtarırdı. Təxminən iki saat yürümüşdülər ki, əldən düşən Səbinə:
– Yuri, hələ çox gedəcəyikmi? – deyə soruşdu.
Məhərrəm qızı daha da cinləndirmək üçün əli ilə uzaqları göstərərək:
– Bax, Sarışınım, o dağları görürsənmi? Gərək gün batmadan onların arxasına keçək ki, heç olmasa kəklikdən, qırqovuldan bir şey vuraq. Yoxsa axşama yavan çörək yeyib, sabaha ac qayıdacağıq.
Heyrətdən bərəlmiş gözlərlə ona baxan Səbinə:
– Nə danışırsan? Bəs deyirdin, yamacı aşan kimi ov quşları olur, – deyə dodaqlarını büzüb ağlamsındı, – Yuri, mən oralara gedə bilmərəm, ölərəm e, Yurişka…
Məhərrəm onun könlünü almaqçün belini qucaqlayıb yanağından öpdü: – Yox, ay qız, zarafat eləyirəm, yamacı aşdıq, bitdi. İstəyirsən, buralarda bir yerdə əyləşib dincələk.
– Yox, istəmirəm, dağın üstündə dayanarıq ki, həm şəkil çəkdirək, həm də mən oradan dənizi çəkim.
Məhərrəm:
– Yaxşı, onda tələs, – deyib önə düşdü.
Yamacı çıxıb meşənin bitdiyi yerə gələndə Məhərrəm sonuncu ağacın altına gələrək tüfəngi ağaca söykəyib əşya çantasını çıxardı, yumrulayaraq çantanın qapaq bağlarının altına keçirtdiyi petləri və yataq kisələrini çıxarıb yerə sərdi, yorulub əldən düşən Səbinənin oturmasına kömək edib cib yaylığı ilə onun alnından, gicgahlarından, boyun-boğazından axan təri quruladı, idman köynəyini də çiyninə atıb: – Sən iki dəqiqə dincəl, mən yeməyimizi hazırlayım, – deyib süfrə açaraq yanlarında gətirdikləri ərzaqdan bir salxım üzüm, iki pomidor, xiyar, iki dilim pendir çıxarıb plastik qablara düzdü. Dilimlənmiş çörək torbasını da önlərinə qoyub Səbinəyə:
– Gəl, canım, bir qismət yemək ye, – deyə təklif etdi.
Səbinə:
– Bu nəydi belə, Yurişkam, tamam xamladım, ayaqlarım özümü saxlamır, yolumuz bitmədimi daha?
Məhərrəm:
– Bitdi sayılır, gözümün işığı, yemək yeyək, o tilin arxasına keçəcəyik, – deyib əli ilə qarşını göstərdi.
– Onda bir az dincələk, sonra yeyərik.
Məhərrəm Səbinəyə yaxınlaşaraq qarşısında diz çökdü: – Ayaqlarını uzat, həyatım, – deyib, daha onun nə etmək istədiyini anlamasına macal vermədən idman ayaqqabılarını dabanlarından tutaraq çəkib çıxardı, – uzan, uzan, – deyərək sinəsindən yüngülcə basıb uzatdı və qızın ayaqlarını masaj etməyə başladı.
Özünü itirən Səbinə mane olmağa çalışaraq: – Yuri, neyləyirsən, ehtiyac yoxdur, – deyə mane olmaq istəsə də, Məhərrəm cəld hərəkətlərlə qızın bud, baldır və topuq əzələlərini masaj edə-edə: – Sakit dur, həyatım, əzələlərdə qan dövranını sürətləndirmək lazımdır ki, səni incitməsin, – deyib əlavə etdi: – Asfaltda o qədər onluq dikdabanla gəzirsən ki, “qruntovoya” düşən kimi xamlayırsan.
Masajı bitirdikdən sonra qızın yanından bir şapalaq vuraraq:
– Dur otur, çörəyimizi yeyək, əməlli-başlı acmışam.
Səbinə:
– Elə mənim də ürəyim üzülür, – deyib süfrəyə göz gəzdirdi, pomidordan birini götürüb dişləyərək çeynəyə-çeynəyə:
– Yurişkam, şəhərdə tərəvəzlə pendir çörək getmir, adamın gözü xörək axtarır, amma təbiətin qoynunda tam başqadır, burada günlərcə göy-göyərti, tərəvəzi şor-pendirlə ye, heç xörək yada da düşməz.
Məhərrəm onu başı ilə təsdiqləyib ağzındakı tikəsini uddu, sonra da filosof ədası ilə izahat verməyə başladı:
– Bilirsənmi, quzum, burada təbiətin tamlığını pozacaq heç nə yoxdur, havada nə zavodların dumanı, nə də avtomobillərin tüstüsü var. Heç səs kirliliyi də yoxdur, diqqətlə dinlə, bu dağlarda quşların səsindən, yarpaqların xışıltısından, bir də küləyin vıyıltısından başqa bir şey eşidə bilməzsən. Bir qalır radiodalğaların canlı təbiətə təsiri ki, ondan da qaçmaq mümkün deyildir. Amma, Sabişkam, səni inandırım, təbiətə ən çox zərər verən də elə səs və dalğa kirliliyidir. Təbiət yaşıllıq və küləklər vasitəsi ilə baş verən hava yerdəyişmələri nəticəsində toz-dumanı neytrallaşdıra bilir, səs və radio dalğaları üçünsə, təəssüf ki, bu mümkün deyildir. Hava təmiz olduqda istixana effekti olmadığından günəşin şəfəqləri yerə daha yaxşı nüfuz edir, nəticədə həm bitki örtüyündə fotosintez prosesi, həm də mikroorqanizmlərin inkişafı sürətlənir. Biz də özümüzə düşən payı D vitamini olaraq alırıq. Yağmur da ki öz yerində, göydən nə düşürsə, torpaq canına çəkir, daha navalçalardan süzülüb kollektorlarla dənizə axmır.
Səbinə əl hərəkəti ilə bu mövzularda daha da irəli getmək istəmədiyini göstərərək, – Yurişkam, mənə tüfəng atmağı öyrədəcəksənmi?-deyə sordu.
– Əlbəttə, birdənəm, ovdan sonra neçə güllə qaldı, sənindir.
Çörəklərini yedikdən sonra Məhərrəm ətrafdan tapıb gətirdiyi yastı daşları aypara şəklində düzüb, onların ortasına qoyduğu quru spirtləri yandıraraq, yanlarında gətirdikləri su ilə doldurduğu turist çaydanını ocağın üstünə qoydu.
Səbinə:
– Yuri, indi bu balaca şeylər o çaydanı qaynadacaqmı? – deyə soruşdu, bu ona çox maraqlı gəlmişdi.
– Əlbəttə, əzizim, üç quru spirt bir çaydanı qaynadır. İnanmırsan, bax, – dedi.
Durduqları yerdən görünən mənzərənin gözəlliyinə valeh olan Səbinə gah dağların fotoşəkillərini, gah da özçəkimlə özlərini çəkirdi. Çaydan qaynadıqda Məhərrəmin toplayıb gətirdiyi kəklikotunu yuyaraq çaydanın içinə atıb dəmlədi.
Çaylarını içdikdən sonra Məhərrəm sevgilisinə:
– Qalx, əşyalarımızı toplayaq, yolçu yolunda gərək, – dedi.
Onlar dağın qərb yamacına keçdiklərində günəş qüruba üz tutmuş, günortanın istisində daldalandıqları yerdən çıxan kəkliklər daşdan-daşa səkərək, kiçik qayalıqlarda oxumağa başlamışdılar. Səbinənin oturub ətrafı rahatca izləyə biləcəyi bir yer seçən Məhərrəm tüfəngini və əşya çantasını çiynindən çıxarıb yerə qoydu, qapağını açaraq içindən bir ədəd pet və yataq kisəsi çıxararaq yerə sərib Səbinəyə:
– Sən burada uzan dincəl, mən gedim görüm, o kəkliklərdən vura bilirəmmi? – dedi.
– Məni tək qoyub gedirsən?
– Nə olacaq, ay qız? Sən “İnstaqram”da bir az başını qat, uzağı bir saata dönəcəyəm.
– Mən də gəlirəm, – deyə Səbinə oturduğu daşın üstündən qalxdı.
– Sən gəlib nə edəcəksən, Sarışınım, uzaqbaşı quşları ürküdərsən, – deyib nəvazişlə əlavə etdi, – günəş batmadan dönəcəyəm, oldumu? Və qızı qucaqlayıb yataq kisəsinin üstündə oturtdu, uzun barmaqlı incə əllərindən öpərək, – darıxsan, səslən, oldumu, həyatım? – deyib yerdən tüfəngini götürdü.
Səbinə:
– Bəs o dağın arxasına getmirsənmi? Səslənsəm, necə eşidəcəksən?– deyib əli ilə qarşıdakı yamacı göstərdi.
Sevgilisinin qaranlıqdan qorxan uşaq təki yalnız qalmaqdan çəkindiyini görüb gülümsədi, onu ürəkləndirmək üçün təbəssümlə:
– Bəbəyim, al bunu, – deyib saçından çəkdii teli ona uzatdı, – nə vaxt darıxsan yandır, bir saniyəyə yanında olacam.
Səbinə gözlərini bərəldərək zarafatyana qışqırdı:
– Dolamısan e… Öldürərəm səni, Yurişkam!
–Zarafat-zad başa düşmür e bu da, qızım, nə vaxt darıxdın, çağrı at, qaça-qaça gələcəyəm.
Çarəsiz razılaşan Səbinə dodaqlarını büzüb:
– Yaxşı, get, amma geciksən, küsəcəyəm, – dedi.
Məhərrəm tilin ardında yenicə itmişdi ki, ard-arda iki güllə səsi gəldi, on dəqiqə sonra daha bir güllə açıldı. Nəhayət, getdiyi istiqamətdən onun başı görünəndə dayandığı yerdə səbirsizliklə ayağının birini götürüb o birini qoyan Səbinə ona doğru qaçdı. Məhərrəm sevgilisinin gəldiyini görüb qürurla əlindəki kəklikləri yuxarı qaldırıb:
– Gördünmü, bir saata qalmaz, dönəcəyəm, demişdim, hərəmizə birini vurub döndüm.
Səbinə:
– Yuri, halaldı sənə, nə tez vurdun bunları? – deyib kəklikləri Məhərrəmdən aldı, əlindəki cansız quşlara bir az tamaşa edib, – əcəb gözəldirlər, adamın lap heyfi gəlir, – deyə əlavə etdi.
– Əlbəttə, gözəldirlər, hələ sən onların dırnaqlarına fikir ver, elə bil həna yaxmısan, amma Allah bu gözəllikləri bizimçün yaradıb…
Əşyalarının yanına döndükdə, Məhərrəm on addım irəliyə bir ağac sancdı, yanında gətirdiyi boş plastik qabı ağzıaşağı ağacın başına keçirərək Səbinənin yanına dönüb:
– Gəl, Sarışınım, indi səninlə atəş hazırlığına başlayırıq, – dedi.
Öncə tüfəngi necə tutmaq lazım olduğunu və nişanalma qaydasını göstərdi:
– Bax, qızım, iri addım atırmışsan kimi sol ayağını önə qoy, amma ağırlığını sağ ayağının üstünə sal, tüfəngin qundağını körpücük sümüyünlə çiyninin arasında qalan boşluğa qoyub özünə sıxırsan ki, atəş açdığında silah oynamasın, yoxsa geritəpmə qüvvəsinin təkanı çiynini zədələyə, hətta səni yıxa bilər. Nişan alarkən də lülənin sonundakı çıxıntını görürsənmi? Bu çıxıntının adına “arpacıq”, lülənin başlanğıcındakı yarığın adına isə “gəz” deyirlər.nişan alarkən sol gözünü yumub baxacaqsan, arpacıq yarığın tən ortasında və onunla eyni səviyyədə, hədəfsə arpacığın üstündə olmalıdır. Aydın olmayan bir şey qaldımı? – deyə soruşaraq silahı Səbinəyə verdi.
– Yox, aydındır, həm də hava ilə olan olsa da, tüfəng atmışam da, ay Maqa, – deyən Səbinə tüfəngi alıb çiyninə söykədi, o, nişan alarkən, silahın geritəpmə qüvvəti qızı yıxmasın deyə lülənin altından tutub digər əlini kürəyinə söykəyən Məhərrəm: “İndi hədəfi nişan al və atəş aç”, – dedi. İlk atışda olmasa da, sonrakı atışlarda hədəfi vuran Səbinənin sevincini görməyə dəyərdi. Sol əlini tüfəngdən çəkib yumruğunu havada yelləyir, “yaşasın”, – deyə bağırır, atlanıb-düşürdü…
– Ehtiyatlı ol, ay qız, indi əlində açılar, məni vurarsan, – deyə xəbərdarlıq etsə də, həyatında ilk dəfə tüfəngdən atəş açan Səbinənin vecinə də deyildi…
Tüfəngin sandıqçasındakı güllələr bitdikdən sonra əşyalarını da götürüb gəldikləri istiqamətdə qayıdaraq dağın zirvəsinə çıxdılar. Toran düşdükcə ayaqlarının altındakı qəsəbənin, hotellərin ikibir-üçbir yanaraq sayrışan işıqlarına tamaşa edə-edə söhbət etməyə başladılar.
Axşam küləyinin təsiri ilə getdikcə toplanıb sıxlaşan buludlardan yağmur dənəcikləri səpələnməyə başladıqda qalxıb əşyalarını götürərək meşəyə girdilər. Kottecləri cəmi-cümlətanı iki saat yarımlıq məsafədə olsa da, yağmurlu havada meşədə, açıq havada qalmağın ləzzəti bir başqa idi…
Səbinə tərəddüdlə:
– Yuri, bəlkə, kottecə gedək? – deyə soruşdu.
– Niyə, Sarışınım?
– Görmürsənmi, yağmur yağır?
– Bu yağış deyil, qurd balalayır.
– Nə? Haradan bilirsən?
Məhərrəm onun “qurd balalayır” sözünü ciddiyə alıb, həqiqətən, canavarın küçüklədiyini sandığına görüb əlini-əlinə vuraraq qəhqəhə çəkdi, heyrətlə ona baxan Səbinəyə:
– Sabişkam, sən elə bildin ki, doğrudan, qurd balalayır? Belə yağış yağanda deyərlər ki, qurd balalayır, narahat olma, az sonra kəsəcək, – deyə izahat verdi.
Səbinə təbəssümlə:
– Yuri… Səndə də elə sözlər var ki… Mən haradan bilim? – deyə çaşqın halda cavab verdi.
Məhərrəm gecələmək üçün palıd ağaclarının arasında nisbətən düz yer seçib əşyalarını yaxınlıqdakı ağacın dibinə qoydu, ov bıçağını çıxararaq ortalıqda çuxur açdı, çır-çırpı toplayıb ocaq qaladı. O, telefonun fanarının işığında ocaq qalamaqla məşğulkən, Səbinə də kəklikləri təmizləməklə məşğul idi. Ocaq əməlli-başlı alışıb köz saldıqdan sonra Məhərrəm kəklikləri ağac budaqlarından hazırladığı şişlərə düzüb kabab çəkdi. O, əti bişirərkən, Səbinə də ocağın kənarında süfrə açmış, çörəyi və pomidor-xiyarı doğrayaraq plastik qablarda ortalığa qoymuşdu… Məhərrəm ocağın başında şişləri son dəfə çevirərək: – Yeməyimiz hazırdır, – deyə səslənəndə Səbinə də çaxır şüşəsini və plastik stəkanları gətirdi…
Yeməklərini yedikdən sonra süfrəni toplayan Məhərrəm çır-çırpı ataraq qızışdırdığı ocağa ətrafdan toplayıb gətirərək bir ucundan tutub digər ucunu çəpinə yerə söykədiyi qol yoğunluğundakı quru budaqları ayağı ilə ortalarından basıb sındırdı, konus formasında yığıb, – bu da bizim “çoban atəşi”miz – deyə əlavə etdi, – bilirsənmi, Sabişkam, bu atəş formasının digər adı da “Türk ocağı”dır. Bizim ata-babalarımız at belində dünyanı dolandıqları vaxt həm yemək hazırlamaq, həm də qızınmaq üçün hazırlanması daha rahat, tez alışan və istiliyi dağılmadan qalaraq eyni mərkəzdə toplanan ocağa ehtiyac duyurlarmış. Elə o vaxtlar köçərilər üçün ən ideal olan bu ocaq formasını da onlar icad ediblər.
– Hə, Yurişkam, bilirəm, – deyən Səbinə ocağın yaxınlığında bardaş qurub əyləşdi.
Məhərrəm ocağı hazırlayıb bitirdikdən sonra yaxınlaşaraq Səbinənin yanında əyləşdi, qolunu qızın incə belinə dolayaraq özünə çəkdi, içkinin təsirindən allanan yanağından öpüb dodaqlarını qulağına yaxınlaşdıraraq ehtiras dolu pıçıltı ilə:
– Sarışınım, istəyirəm, bir qızımız olsun, – dedi.
Səbinə doğru eşidib-eşitmədiyini anlamaq üçün Məhərrəmin gözlərinə baxdı, onun ciddi olduğunu anladığında qıp-qırmızı oldu, ardınca üzünə yayılan xoş təbəssümlə Məhərrəmin böyrünə qısılaraq:
– Tək istəmirəm, Yurişkam, əkiz olsun, adları da…
Məhərrəm barmağını sevgilisinin dodaqlarına qoyaraq onu susdurub: – “Adları Sevgi və Simgə olsun, sevgimizin simgəsi”, – dedi.
Səbinə sevgilisinin əlini dodaqlarından götürərək ovuclarında bərk-bərk sıxıb dizlərinin üstünə qoydu…
Məhərrəm:
– Sarışınım, daha öncə açıq havada gecələmişdinmi? – deyə soruşdu.
– Yoo, birinci dəfədir, – deyə qız xumarlanan işvəli gözlərlə onu süzdü.
– Onda özünü gözlə, canavarlar gəlsə, mən qaçacağam.
– Qorxutma, Yurim, – deyə Səbinə dodaqlarını büzüb kənara çəkilmək istədikdə, Məhərrəm onu özünə sıxıb:
- Canavara ehtiyac olmayacaq, Sarışınım, səni özüm yeyəcəm, – deyib onu dişləyəcəkmiş kimi ağzını açdı…
Gecəyarısı yatmağa hazırlaşdıqlarında çiskin ard-arda çaxan şimşəklərin müşayiəti ilə artıq leysana çevrildi…
Səbinə ürkmüş gözlərlə ildırımın alovlu oxlarının səmanı bölüb parçalamasına, yaranan işıqda buludların bir görünüb, bir itən heybətli burulğanına baxır, ardınca qulaqları sağır edən dəhşətli gurultuya diksinərək Məhərrəmin sinəsinə sıxılırdı…
Məhərrəm bardaqdan boşalırcasına yağan yağmura baxıb:
– Belə yerdə deyirlər e, tut ucundan çıx göyə… Bu nədi, İlahi, elə bil hava da bizi gözləyirdi…
Səbinə:
– Yuri, kottecimizə dönəkmi? – deyə soruşdu.
– Gecdir, Sarışınım, biz çatana leysan dayanacaq.
Məhərrəmin qucağında oturan Səbinə onun boynunu bərk-bərk qucaqlayıb yağmurdan islanmış saçlarının qoxusunu içinə çəkdi.
Sevgilisinin ürəyinin döyüntüsünü sinəsində hiss edən Məhərrəm onu cəsarətləndirmək üçün:
– Nə qorxaq qızmışsan, mənim sevgilim ürəkli olmalıdır, – deyib yanından ehmalca bir şapalaq vurdu.
Bu anda ətrafı aydınladan ildırımın şəfəqindən diksinərək gözlərini yumub üzünü Məhərrəmin boynuna gömən Səbinə:
– Mənə qorxaq demə, küsərəm, Yuri, – deyə nazlandı.
Məhərrəm qızın başını çiynindən çəkib çənəsini özünə tərəf çevirdi, yanağından öpüb-oxşayaraq:
– Qorxma, həyatım, mən həmişə, hər an səninləyəm, – dedi.
Əllərini Məhərrəmin saçlarında daraqlayan Səbinə asta səslə pıçıldadı:
– Sən dəlisən, Yurim, mənim dəlim…
Məhərrəm:
– Dəli olmasam, kosmosa gələrdimmi? – deyib sevgilisinin dodaqlarından öpdü…
– Yuri…
– Haycan!
– Bəlkə, qalsın otelimizə? – deyib Məhərrəmin köynəyinin altındakı əlini tutub qucağından qalxmaq istədi.
– Yox, Sarışınım, qalmasın, – deyən Məhərrəm ani hərəkətlə digər əlini də qızın köynəyinin altından keçirib belini qucaqlayaraq özünə çəkdi…
Altında oturduqları ağac səhərə qədər, bəlkə, bir daha görməyəcəyi səhnələri görmüş, duymayacağı sevgi dolu sözləri eşitmişdi…
Saatlarca dayanmaq bilməyən leysan onları əməlli-başlı islatdı. Yataq kisələrindən birinin üzərində oturub digərini plaş kimi çiyinlərinə atsalar da, şiddətli yağmurdan qorunmaq mümkün deyildi…
Yağmur zəifləyib leysan yenidən çiskinə döndüyündə, Məhərrəm ayağa qalxıb odun toplamaq üçün yollandı. Ətrafdan toplayıb gətirdiyi quru odunlarla qaladığı ocaqda islanmış paltarlarını qurudaraq geyinib yola düşdülər.
Əl-ələ tutaraq yürüdükləri yolda ayaqları gedir, ruhları meşəyə, qonaqladıqları yerə qayıtmaq, sonsuzadək orada qalmaq istəyirdi… Meşədən çıxanda Səbinə başını qaldırıb səmaya, doğmaqda olan günəşin qızılı rəngə boyadığı buludlara baxıb: – İlahi, necə də gözəl mənzərədir, Yuri, bir dəqiqə ayaq saxla, – deyib telefonunu çıxardı. Onun nə etmək istədiyini anlayan Məhərrəm:
– Quzum, tələsmə, körpünün üstünə çataq, oradan çox daha gözəl görünür, həm sağımızdakı qayalara vuran günəş onları qızılı rəngə boyayır, onların da rəsmini çəkərsən.
– Hansı qayalıq?
– Buradan görünmür, balım, gəl gedək, körpünün tən ortasında göstərəcəm, – deyib qızın əlindən tutdu.
Onlar sağa doğru yüz əlli-iki yüz metr irəliləyərək körpüyə çatdıqda Məhərrəm:
– Burada solumuza dönsən, günəşin doğuşunu, sağımıza dönsən, günəşin şəfəqlərinin qızılı rəngə boyadığı qayalıqları çəkə bilərsən. Bir də körpünün sürahisinə söykənib özçəkimlə fotomuzu çəkərik, çay da düşər, –dedi.
– Əla, Maqa, dur, öncə bir neçə şəkil çəkim, sonra özümüzü çəkərik, – deyən Səbinə günəşin gözlərinə dolan şəfəqlərini uzaqlaşdırmaq istəyirmişcəsinə gözlərini qıyıb qızılı rəngə boyanmış pambıq topası kimi ağappaq buludların şəklini çəkdi. O, qızılı rəngdəki qayaların da şəklini çəkdikdən sonra bayaqdan sürahiyə söykənərək onu izləyən Məhərrəmin yanına gəlib:
– Yurişkam, bu biri tərəfə keç ki, özçəkim şəklimizdə boyunbağım da düşsün,- deyə günəşi göstərdi.
Məhərrəm:
– Bu dəqiqə, həyatım, – deyərək körpünün digər tərəfinə keçdi, sürahiyə söykənərək qolunu yaxınlaşan Səbinənin belinə dolayıb başını ona tərəf əydi, bir neçə şəkil çəkdirdikdən sonra onlardan xatirə qalsın deyə sürahinin üstünə ov bıçağı ilə adlarının baş hərflərini və sevgi simgəsini qazıdı: M+S=S.
VI
Bir tərəfdən ocağın hisi paltarlarına çökmüş, digər tərəfdən də dönüş yolunda idman ayaqqabılarından sıçrayan palçıq üst-başlarını batırmışdı…
Kottecə çatan kimi çirklənmiş paltarlarını soyunub çantaya yığdılar, duş alıb səhər çayını içərək yatdılar.
Dünənki yürüş və yağmurun altında gecələmələri ikisini də yorğun salmış, bir də hələ axşamdan Səbinəni quru saxlamağa çalışarkən özü islanan Məhərrəmi isə əməlli-başlı soyuq tutmuşdu.
Günorta yuxudan oyanıb yaxınlıqdakı restorana getdilər, nahar etdikdən sonra əşyalarını toplayaraq Bakıya doğru yola düşdülər…
Hələ yoldaykən Məhərrəmi öskürək tutmuş, təngnəfəslik başlamışdı. Evə gəldiyində isə istiliyi qalxmışdı. Onda sonradan yaranan bronxitdən və bu xəstəlik üzündən soyuqlamaları necə ağır keçirdiyindən isə Səbinənin xəbəri yox idi.
Əgər xəbəri olsa, onu xəstəxanaya yerləşdirmək üçün əlindən gələni edər, bu mümkün olmasa belə, ən azından evdə tək buraxmaz, nəyin bahasına olursa-olsun, canından çox sevdiyi Yurisini yalnız buraxmaz, özü qulluğunda durub sağaldardı…
VII
Qapı zənginin səsinə diksinib ayılan Məhərrəm boynunun ardında qovuşdurduğu əllərini çəkərkən qıc olmuş çiyinlərinin ağrısından ufuldadı, qarnının üstündən sürüşən telefonu havadaca qamarlayıb ayağa qalxarkən Səbinənin ondan zəng gözlədiyini xatırlayıb ovcunun içi ilə alnına vurdu: – Baş qalmayıb ki, – deyə donquldanıb idman şalvarını əyninə keçirib qapıya doğru yönəldi. Aramsız çalan qapı zənginə əsəbiləşib: “Partlama, gəldim”, – deyərək köynəyini geyinməkdən vaz keçdi, onu paltar dolabının açıq qapısından içəri atıb addımlarını yeyinlətdi. Deyinə-deyinə əlini qapının cəftəsinə atıb özünə doğru çəkəndə yerindəcə donub qaldı… Boynuna atılan Səbinə hıçqırıqlara boğularaq çətinliklə: “Yurim, o leysanda paltarlarını mənə verməsəydin, islanıb soyuqlamayacaq, indi də xəstələnməyəcəkdin…” – deyə bildi.
Səbinəni özünə tərəf çəkərək qapını örtdü, sevgilisinin uzun ipək saçlarını oxşayaraq:
– Keçdi, Sarışınım, keçdi, bax artıq yaxşıyam, hər şey də öz qaydasındadır, – deyib qeyri-ixtiyari əşyaların, pal-paltarların necə gəldi atıldığı otağa göz gəzdirib səliqəsizliyindən utandı, Səbinəni divanın yanınadək müşayiət edib əyləşməsini rica etdi, köynəyini götürmək üçün dolaba doğru addımladı…
VIII
Səbinə Məhərrəm köynəyini geyinib gələnədək qadın marağı ilə mətbəxdən vanna otağınadək bütün evə göz gəzdirib:
– Yuri, sən iki dəqiqə burada qal, – deyib yataq otağına keçdi.
Məhərrəm üst-başını düzəldə-düzəldə:
– Yenə nə düşünürsən, Sarışınım, – deyərək gülümsədi.
– Divanda əyləş, gəlirəm, – deyə Səbinə çantasını da götürüb yataq otağına keçdi. Əynini dəyişərək yır-yığışa başladı. Öncə yataq otağını qaydaya salıb qırış-bürüş olmuş mələfəni, yorğan üzlüyünü dəyişdi, yataq mebeli və paltar dolabının tozunu alaraq otağı tozsoranla təmizləyib qonaq otağına keçdi:
– Qalx, Maqa, get uzan yerinə, beş dəqiqəyə gəlirəm, – deyib onu yataq otağına göndərdi.
Məhərrəm utanmış halda:
– Üzrlü say, Sarışınım, elə vəziyyətimdə gəldin ki… Heç olmasa gələcəyini bilsəydim, evə əl gəzdirərdim.
Səbinə gülümsünərək onu tələsdirdi:
– Cəld ol, Maqa, işə gedəcəm.
Məhərrəm bir söz demədən yataq otağına keçib özünü üzüaşağı yatağın üstünə atdı, qonşu otaqdan gələn səsləri dinləyərək sevgilisinin gördüyü işləri təxmin etməyə çalışır, bir tərəfdən də səliqəsizliyindən utanıb öz-özünü danlayırdı.
Yarım saat sonra gələn Səbinə:
– Yurişkam, evə yüngülvari əl gəzdirdim, qabları yaxaladım, paltarları da atdım maşına, qaynatmaya qoymuşam, dayananda özün götürüb atarsan şəridə, qurusunlar, sabah axşam növbədən çıxanda gəlib dibdən-başdan təmizləyəcəm.
Məhərrəm:
– Çox sağ ol, həyatım.
– İndi keçək sənə, – deyən Səbinə çantasını gətirib açdı, içindən götürdüyü termometri Məhərrəmin alnına söykəyib, – qızdırman var, əzizim. İndi isə qolunu çirmələ, – deyib öncə təzyiqini ölçdü. Sonra da: – köynəyini qaldır,– deyərək qulağına qoyduğu fonendoskopla sinəsini, kürəyini dinlədi. Arabir: “Dərindən nəfəs al, nəfəsini tut, indi burax, öskür, – dedikcə onun istəklərini yerinə yetirən Məhərrəm sakitcə sevgilisinin işini bitirməsini gözləyirdi. Səbinə fonendoskopu çantaya qoymaq üçün bir addım aralananda köynəyini aşağı salan Məhərrəm onun dalğın üzünə baxıb köks ötürdü, dodağının altından: – Ah, Sabişkam, yağışa düşməsəydik, dünyadan xəbərin olmayacaqdı, – deyə deyindi.
Səbinə gəlib yanında əyləşərək:
– Yurişkam, vəziyyətin yaxşı deyil, təcili xəstəxanaya getməlisən, – dedi.
– Mən hər şeyin fərqindəyəm, əzizim.
Səbinə heyrətdən bərəlmiş gözlərlə ona baxaraq:
– Necə yəni, Məhərrəm? – deyə soruşdu.
Məhərrəm gözlərini Səbinənin gözlərindən çəkib yerə dikərək: – Dörd il öncə bronxit oldum, – deyə ah çəkdi.
– Bronxit olduğunu görürəm, Maqa, amma de görüm, nə vaxt xəstələndin, axı sən yığmada deyilmiydin?
– Yığmadaydım, elə hər şey də orada başıma gəldi…
– Çatlatma adamı, Maqa, nə gəldi başına?
– Heç nə, yarışa hazırlaşırdıq, qışın günü hər gün məşqdən sonra duş alıb çıxırdım küçəyə, buz kimi “redbul”, “bizon”, nə bilim əlimə keçəndən alıb içə-içə piyada gəlirdim evə…
Səbinə:
– Sonra? – deyə səbirsizləndiyini göstərməkçün barmaqlarını burub şaqqıldatdı…
– Sonrası yoxdu, xəstələndim, öncə yığmadan çıxardılar, sonra da idmanı atdım. Amma indi yaz-payız müalicə alıram.
Səbinə onun saçlarını oxşayaraq:
– Canın sağ olsun, Maqa, sən hər zaman mənim çempionumsan. Səhhəttinçün də üzülmə, işə gedən kimi maraqlanacam, səni Türkiyəyə, lazım olsa Avropaya göndərərik, ən qısa müddətdə əvvəlki kimi sapasağlam olacaqsan,- deyə gülümsədi.
Məhərrəm də gülümsünərək qızın əlini öpüb yanağına söykədi:
– Birdənəmsən, Sabişkam, amma lütfən bu mövzuya bir daha qayıtmayaq, oldumu? – dedi…
– Yaxşı, əzizim, necə istəsən.
Bir an susub göz-gözə baxışdılar…
Mövzunu dəyişmək ehtiyacı hiss edən Səbinə: – Maqa, mən bir çaya baxım, – deyə yeyin addımlarla mətbəxə yönəldikdən az sonra səsləndi:
– Çayın hazırdı, əzizim, gəl çörəyini ye.
Məhərrəm əllərini dizlərinə dəstək verərək oturduğu yerdən qalxıb taqətsiz addımlarla mətbəxə yönəldi, kətildə əyləşib əlini çənəsinin altına dəstək verərək sevgilisinin cəld hərəkətlərlə süfrəni hazırlamasına, çayına şəkər tozu salıb qarışdırmasına, yağ-pendiri çörəyin üstünə çəkərək onunçün dürmək hazırlamasına baxır, öz-özünə düşünürdü: – Tay-tuşların uşaqlarının əlindən tutub məktəbə aparır, sən hələ yerində say…
Səbinə onun çənəsinə dəstək verdiyi əlinə toxunaraq:
– Nə olub, Maqa, nə düşünürsən?-deyə sordu.
– Heç… – deyə Səbinənin uzanılı qalmış əlindən dürməyini aldı, çayını qabağına çəkərək yeməyə başladı.
İndi tamaşa etmək növbəsi Səbinənin idi. Sol qolunu uzadıb əlini sağ əlinin bazusuna söykəmiş, sağ yumruğunu çənəsinin altına dəstək verərək Məhərrəmin yemək yeməyinə baxırdı.
Onun baxışını fərq edən Məhərrəm bir anlıq dayandı, gözlərini sevgilisinin gözlərinə zilləyib:
– O qədər gözəlsən ki, birdənəm… Hələ bu məğrur duruşun var ha, səni insandan daha çox mələklərə, tanrıçaya bənzədir, qarşında durarkən özümü cənnətdə zənn edirəm.
– Yaxşı, Maqa, komplimentlərə başlama yenə, yeməyini ye.
Məhərrəm davam edirdi:
– Bu yaşıma qədər dünyanın yarısını gəzdim, amma sənin kimi ikinci bir gözəl görmədim.
Səbinənin gülümsəməsindən ilhama gəlib daha bir kompliment söylədi:
– Təbəssüm sizə çox gözəl yaraşır, şahzadəm.
Səbinə:
– Maqa, yeməyini ye, gedək səni xəstəxanaya yatızdırım, oradan da gedərəm işə, – deyə onu tələsdirdi.
– Ehtiyac yoxdu, birdənəm, gəldiyinçün çox sağ ol, amma işə get, gecikmisən onsuz da.
– Dərd etdiyi şeyə bax, zəng vurub şöbə müdirinə xəbər eləmişəm, nə vaxt istəsəm, onda gedəcəm.
– Olsun, Səbinə, mənimçün narahat olma, adi soyuqdəymədi, keçib gedəcək, – deyib öskürdü, sinəsindən gələn bəlğəmi təmizləməkçün qalxıb cəld addımlarla hamama keçərkən Səbinə ardınca:
– Offff, Maqa! Sən adamı öldürərsən! Bu qədər səhlənkarlıq olar? Deyirəm, gedirik xəstəxanaya!
Geri dönən Məhərrəm:
– Gözümün işığı, bu, birinci dəfə deyil ki… Həm mənim müalicə həkimim var, nəsə problem olanda onun yanına gedirəm. Uşaq deyiləm ki… Görsəm yaxşı deyiləm, bir taksi çağırıb gedəcəm onun qəbuluna.
Səbinə çarəsiz razılaşaraq:
– Yaxşı, Maqa, – deyib əyləşdiyi kətildən qalxdı, – sən yeməyini ye, mən dərmanlarını gətirim, – deyərək qonaq otağına yönəldi, az sonra əlində polietilen torba ilə dönərək:
– Bunlar soyuqdəymə dərmanlarıdır, səninçün gətirmişəm, içərsən.
– Nə ehtiyac vardı ki? Evdə hər şey var, Sarışınım.
– Olsun, bunları da qoy yanlarına, daha da çox olsun, – deyib torbadan götürdüyü həblərdən birini ona uzatdı:
– Öncə bunu iç, həm hərarətini endirəcək, həm də qandurulducu təsiri göstərəcək.
Məhərrəm: – Baş üstə, – deyərək qızdan aldığı həbi içib torbadan çıxardığı dərmanları incələyə-incələyə:
– Quzum, sən aptekdə dərman qoymamısan ki… Əlinə keçəni yığıb gətirmisən, – dedi.
Səbinə süfrəni toplaya-toplaya:
– Termosda yarpız, kəklikotu, qantəpər və solmazçiçəyini qarışdırıb dəmləmişəm, bu gün başqa çay içmə. Oldumu, Maqa, susadıqca bol-bol içərsən, – dedi.
– Baş üstə, həyatım, başqa əmrin?
– Başqa, sənin sağlığın, – deyib ortalıqdan topladığı qab-qacağı yaxalamağa başladı.
Məhərrəm:
– Sabişkam, sənin bu dərmanların nə vaxta sağaldar məni?– deyə fikirli-fikirli soruşdu.
– Darıxma Maqa, əllərimi qurulayım, hərarətini bir daha ölçəcəyəm, qızdırman olmasa, kürəyini, sinəni yodla kletkalayacam, inşallah, ən qısa müddətdə olacaqsan anadangəlmə sapasağlam.
Məhərrəm önündəki bitki çayından bir qurtum alaraq:
– Qurban sənə, evdə oturmaq mənə görə deyil, az qalır bağrım çatlasın… –deyə mızıldandı.
– Nə olub sənə, Maqa? Görən də deyər, ayların, illərin xəstəsisən, bu qədər səbirsiz olma.
– Boğuluram e evdə, birdənəm.
Səbinə əllərini qurulaya-qurulaya gedib istilikölçəni gətirdi, Məhərrəmin alnına söykəyib:
– Otuz yeddi yarım, elə bir istiliyin yoxdu, sadəcə otuz yeddi bir az narahatlıq verən qızdırmadı, əzginliyin də ondandır, – deyib dərman torbasından yodu götürərək:
– Qulaq çöpü almaq yaddan çıxıb, evdə varındımı? – deyə soruşdu.
– Əlbəttə var, – deyə cavab verən Məhərrəm cəld qalxaraq gedib qutunu gətirdi, içindən birini çıxarıb ona uzatdı. Çöpü alan Səbinə pambıqlı uclarından birini yod şüşəsinə salaraq, – köynəyini qaldır, – deyə ona yaxınlaşdı. Məhərrəm kətildə arxası qıza tərəf əyləşib sakitcə köynəyini yuxarı qaldırdı. Səbinə sanki toxunmağa qıymırmış kimi ehtiyatla və hər toxunuşunda nəvazişlə onun kürəyinə qəhvəyi xətlər çəkdikcə səbirsizlənən Məhərrəm:
– Ay qız, cədvəl çəkmirsən, bir az əlli ol, qıdıqlanıram, – dedi.
Səbinə onun kürəyini kletkaladıqdan sonra: – Üzünü mənə döndər, – deyib sinəsini də eyni qaydada yodladı, çöpü zibil qabına atıb şüşənin ağzını bağlayaraq dərman torbasına atdı, torbanı soyuducuya qoyaraq, – iki dəqiqə gözlə, – deyərək cəld addımlarla mətbəxdən çıxdı, yataq otağına keçərək əynini dəyişib gəldi. Mətbəxə daxil olanda oturduğu yerdəcə kürəyini, sinəsini qaşımağa çalışan Məhərrəmə baxıb gülərək:
– Qıdıqlamaq belə olur, Maqa, daha bayaqkı kimi yox, – deyib əyilərək yanağından öpdü, di hələlik, mən getdim, sabah növbədən çıxıb gələcəm. Dərmanlarını reseptdə yazdığım kimi, vaxtlı-vaxtında qəbul et, bol-bol bitki çayı içməyi də unutma. Termos bitdikdən sonra özün dəmləyərsən, – deyib qapıya doğru yönəldi.
Ardınca gələn Məhərrəm sevgilisinin ayaqqabılarını geyinməsini gözləyərək qapıdan çıxmadan onu son dəfə qucaqladı, sinəsinə sıxıb:
– Yaxşı ki, varsan, həyatım, tanrım səni mənə çox görməsin, – dedi.
Səbinə:
– Dediklərimi unutma, Maqa, sabah səni sapsağlam görəcəm, oldumu, – deyə pəncələrinin üstündə qalxdı, sevgilisinin yanağından öpərək dönüb qapıdan çıxdı, iti addımlarla, az qala qaçaraq pillələri enib uzaqlaşdı… Ardınca baxan Məhərrəm qeyri-ixtiyari iki addım atıb dayandı, əlini sevgilisinin öpdüyü yerə qoydu, gözlərindən başlayan təbəssüm dodaqlarına, oradan da sifətinə yayıldı, axıb qəlbini dolduraraq bütün bədənini sardı. Hələ də sevgilisinin getdiyi istiqamətdən gözlərini çəkə bilməyən Məhərrəm dodaqlarının altından “dejau” – deyə söyləndi, eynən keçən il bu vaxtkı kimi…
Tək fərqlə, keçən il pillələri qaça-qaça qalxmışdı, bu il qaça-qaça endi… Və yenə eynən keçən il olduğu kimi, zümzümə edə-edə dönüb evə girdi:
Yandırdın qəlbimi aman,
Ey qaşları kaman,
Bu sevgimə inan, yar…
Tək fərqlə: indi dodağının altından deyil, daha ucadan oxuyurdu…
IX
Səbinəni yola salan Məhərrəm yataq otağına keçərək özünü taxtın üstünə atdı. Üzüaşağı uzanaraq əllərini çənəsinin altında birləşdirib gözlərini yumdu, sevgilisinin onu öpərək uzaqlaşdığı anı gözlərinin önünə gətirərək təkrar-təkrar yaşayırdı… “Ah, Sabişkam! Sabişkam! Şeytansan, şeytan!” – deyib ayağa qalxdı, otaqda o baş-bu başa gəzişib yatağının yanına döndü, soyunub paltarlarını çəkməcənin üstünə ataraq yorğanın altına girdi.
Qubadan döndükdən sonra axşam yemək yeməmiş, gecəni də ağrı-acı içində keçirmişdi. İndi sevgilisinin sayəsində həm nahar etmiş, həm də onun gətirdiyi dərmanlardan istifadə etdiyindən bir az özünə gəlmişdi. Həm qızdırması düşmüş, həm də ağrıları dayanmışdı.
Gözləri yuxuyla xumarlanarkən beyni hələ də Səbinəni düşünürdü. Arabir əlini başının altından çəkib bayaq qızın öpdüyü yerə toxunduğunda onun dodaqlarının istiliyini yanağında hiss edirdi. “Səbinəm, mənim Səbinəm…” – deyib köks ötürdü, üzüaşağı çevrilib yorğanını çiyinlərinə çəkərək gözlərini yumdu…
Bayaq, Səbinə evdə yır-yığış edərkən o yatağında uzanıb sabah Səbinə işdən çıxarkən ona evlilik təklif etməyi düşünürdü. Öz-özünə: “Bir insan evlənərkən qarşı tərəfdə nə axtarar? – deyə soruşmuşdu…- əlbəttə, sevgi, sayqı, vəfa… bunların da hamısı Səbinədə var. Üstəlik boy-buxun, gözəllik, təhsil, iş-güc… indiyədək tanıdığım qadınlar heç onun əlinə su tökməyə də layiq deyillər…. Bir də qız illər boyu evlənməyib məni gözləyib… Ərə getmək istəsəydi, illər öncədən evlənərdi…”_deyə düşünürdü.
– İnşallah, sabah olsun, evlənməyi təklif edəcəm, hər halda o da məndən bunu gözləyir, – deyə öz-özlüyündə artıq fikrini qətiləşdirmişdi…
Bayaq Səbinə evin girişində pəncələrinin üzərinə qalxaraq onun yanağından öpəndə artıq qərarını vermişdi və indi sabah ona edəcəyi sürprizi düşünüb hazırlayırdı. Xəyallarında evlilik təklif etməyin müxtəlif yollarını düşünür, bir-birindən maraqlı və romantik planlar qururdu. Nəhayət, bu planlardan birinin üstündə qərarlaşdı.
Erkəndən bərbərə gedib təraş olacaq, saç-saqqalını qaydaya saldırıb Neftçilər prospektinə enərək zərgərlik mağazasından qızıl üzük seçəcək, daha sonra gül dükanlarından birində düz yüz bir çiçəklik buket bağladaraq xəstəxananın parkına gələcək, sevgilisinin avtomobilini qırmızı lentlərlə, üzərinə “səni sevirəm” yazılmış rəngli şarlarla və zərlərlə bəzəyəcək, saat beş tamamda Səbinənin iş otağının önünə gələrək onun çıxmasını gözləyəcəkdi.
Qız iş otağından çıxarkən qapını açanda böyük gül dəstəsi ilə qarşılaşacağından çaşıb qalacaq və gül dəstəsinin arxasında gizlənmiş Məhərrəm onun çaşqınlığının keçməsinə imkan vermədən digər əlindəki üzüyü uzadaraq:
– Sən bu günümün şükrü, sabahımın duasısan… Bəzən insan həyatındakı təsadüflərə minnətdar olmalı olur, çünki bu təsadüflər zərurət doğurur… Həyatımın zərurətinin bərqərar olması üçün mənimlə izdivaca razı olarsanmı?- deyərək evlənmək təklifi edəcəkdi…
Bu düşüncələrlə də yuxusuzluqdan ağırlaşan göz qapaqları qapandı…
X
Evdən çıxarkən son dəfə bədənnüma güzgünün önündə dayanıb saçlarından ayaqqabılarınadək göz gəzdirdi, güzgüdəki əksinə göz qırparaq: “ Amma yaraşıqlı oğlansan”, – deyib sağdışına döndü, gedək, – deyərək qapıdan çıxdı. Səbinə ilə birlikdə seçdikləri bəy kostyumu ona yaraşırdı. Ayaqqabısından köynəyinə, qalstukundan kəmərinə bütün paltarları bir-birini tamamlayır, onu daha da yaraşıqlı göstərirdi. Xüsusən saç düzümündən saqqal təraşınadək hər şey Səbinənin istədiyi kimi olmuşdu…
Binanın alaqapısından çıxıb onu gözləyən “Ferrari”yə mindi, müşayiət edən avtomobillərlə birlikdə Səbinəgilin yaşadıqları binanın önünə gələrək avtomobildən enib içəri keçdi.
Gəlinin hazırlaşdığı otağa daxil olduğunda çevrəsindəki qızlarla birlikdə dayanıb onu gözləyən Səbinənin gözəlliyi qarşısında donub qaldı, heyran-heyran: “Tanrıçam”, – deyə pıçıldayaraq ətrafındakı insanların maraqlı nəzərləri altında sevgilisinə yaxınlaşaraq salam verdi, əlindən öpərək gözlərinə baxdığında dəhşətlə bağıraraq geri sıçradı… Səbinənin əzilib-parçalanmış sifətində bir cüt oyuğa bənzəyən göz yuvaları qanlar içində qalmış, ovxalanmış üst çənəsindən və sınıb sallanan alt çənəsindən şoralanıb axan qan sinəsini, gəlinliyini isladırdı…
XI
Səbinə binanın alaqapısından çıxarkən haşiyəli cib yaylığı ilə gözlərinin nəmini qurulayıb avtomobilinə tələsdi. Sürücü qapısını açıb yerində əyləşərkən gözucu qolundakı saata göz atıb: “Əməlli-başlı gecikmişəm ki…”– deyərək mühərriki işə saldı, sürətlə geri-geri çıxıb ana yola düşdü, küçədən sel kimi axan avtomobillərə qarışıb şəhərin mərkəzinə doğru irəliləməyə başladı.
O, Məhərrəmi müayinə edərkən vəziyyətinin ağırlığını görsə də, hələ ki, özünə heç nə deməmiş, ona dərman axtarmaq bəhanəsiylə aralandığında sakitləşdirici içmiş, hamama girərək göz bulaqlarında toplanan inciləri sakitcə boşaldaraq əl-üzünü yuyub gəlmişdi… İndi yolboyu avtomobilinin altında əriyib gedən asfalta, ötüb keçdiyi avtomobillərə, sağından-solundan sürətlə geri qaçan insanlara, ağaclara, elektrik dirəklərinə baxdıqca gözlərindən ixtiyarsız sular boşalır, beyni Məhərrəmi, qəlbinin ilk və son sultanını, xəyallarının ağ atlı prinsini düşünürdü… Və o anı, artıq qəlbinə söz keçirə bilməyərək sevgisini etiraf etdiyi anı düşündüyündə ala gözlərindən başlayan təbəssüm qaymaq dodaqlarına, oradansa sanki yenə də orada, sinif yoldaşlarının içində, Məhərrəminin qarşısındaymış kimi qadınlıq iffətindən allanan yanaqlarına yayıldı.
– Ah, Maqa, Maqa, – deyə köks ötürüb, – sən illər öncə bronxit olmusan və mənim hələ indi xəbərim olur, – deyə öz-özünü danladı. Bu qızlara bax e, Məhərrəm haralardadı, nə işlə məşğuldur, – deyə hər kəsdən soruşduğumda da bircəciyi onun xəstəliyini deməyib. Axı hamısı bilir ki, bu sinifin yeganə həkimi mənəm, ən azından məsləhət almaq, yaxşı həkim soruşmaq üçün də olsa, mənə xəbər verməliydilər… Offf qızlar, qızlar, hamınızın canınızı alacağam, baxarsınız, – deyə öz-özünə gileyləndi.
Səbinə hələ Məhərrəmin axşamkı vəziyyətini görmədiyindən onun xəstəliyinin irəliləmə səviyyəsindən xəbəri yox idi. Əgər canından çox sevdiyi Yurisinin bronxlarının, demək olar ki, tamamən tıxandığını və sutkalıq brequal 50\250 kapsulaların yardımı ilə tənəffüs etdiyini bilsə, göz yaşlarını tuta bilməzdi… Yol çırağında dayanıb yaşılın yanmasını gözləyərkən dirsəkliyin qapağını qaldırıb ətir şüşəsini çıxardı, üstünə püskürdüb yerinə qoymadan ovcunda sıxdı…
Məhərrəmin ona bağışladığı bütün hədiyyələri yanında, üzərində, çantasında, ya da avtomobilində gəzdirirdi. Evə qoymağa, onlardan aralı qalmağa dözə bilmirdi sanki. Və xatırladı, ətir şüşəsini ona daha iki gün öncə, Qubada, doğum günündə, barmağındakı içi yazılı üzüyü səkkiz martda, qolundakı VMS marka arxası yazılı saatı isə son sevgililər günündə bağışlamışdı…
O, xəyallara dalmışkən yol çırağının qırmızı işığı sönmüş, sarı isə sürücülərə göz vuraraq sırasını yaşıla vermişdi….
Arxasında düzülərək hərəkətə davam etmək üçün yol çırağının yaşıl işığının yanmasını gözləyən avtomobillərin sürücüləri ard-arda siqnal verincə səksənib özünə gəldi, qaz pedalını sonacan sıxıb avtomobillə birlikdə irəli şığıdı…
Fərqində olmadan qaz pedalına yükləndiyindən sürət həddini aşan “Opel” çisələyən yağmurun altında şəhərin küçələrində ilğım kimi irəliləyir, avtomobilin pəncərəsinin açıq şüşəsindən içəriyə dolan külək saçlarını uçuşdurur, arabir üzünə vuran yağmur damlaları və maqnitofondan yayılan həzin musiqi onu alıb xəyallar aləminə aparır, Məhərrəmlə birlikdə keçirtdiyi xoşbəxt anların görüntüsü gözlərinin önündə canlanaraq bir-birini əvəz edirdi…
Nizami metrosu istiqamətində irəliləyərkən anidən piyada keçidindən keçməkdə olan piyadanı fərq etdi və onu vurmamaq üçün əyləci sonadək sıxıb sükanı sağa döndərərək qəzadan qaçmaq istədi. Lakin altmışlıq yolda yüz otuzla irəlilədiyindən yaş asfaltda dayanmayan avtomobil sürüşərək yolun kənarındakı işıqlandırma dirəyinə çırpıldı. Kəməri taxılı olmadığından ətalət qüvvəsinin təsiri ilə açılan hava yastığına rəğmən “Opel”in ön şüşəsindən çıxaraq öncə mühərrikxananın üstünə, oradan da yuvarlanıb səkiyə düşdü….
Təcili yardım avtomobili gəldiyində hər şey üçün çox gec idi. Həkim ona yaxınlaşaraq böyrü üstə yatan Səbinəni ehmalca arxasıüstə çevirdiyində dəhşətdən əti ürpəşdi…. Ön şüşəyə ilk alnı çırpıldığından Səbinənin alnı parçalanmış, zərbədən yuvasından çıxıan gözləri yanaqlarından axmış, burnu, almacıq sümükləri doğranmış və alt çənəsi sınaraq yerini dəyişib üzünün sağ tərəfinə keçmiş, boynu qırılmışdı….
Həkim Səbinənin qana bulanmış uzun ipək saçlarına dalğın-dalğın baxaraq yardımçısına dönüb:
– Qəza anında keçinib, cəsədi götürün, ölüxanaya təhvil verək, – dedi və dönüb təcili yardım maşınına tərəf irəliləyərkən gözucu fırlanaraq damı üstündə duran və ön hissəsi tamamilə dağılmış avtomobili, təkərlərin qəza anında asfaltda sürüşməsindən yaranan izləri incələməklə məşğul olan yol polislərini, ətrafdakı nəzarət kameralarını incələyən polis əməkdaşlarını, toplanan qələbəliyi və onları incələnən bölgəyə yaxınlaşdırmamaq üçün qırmızı lent çəkən polislərə baxıb köks ötürdü…
XII
Yuxudan ayıldığında qan-tərin içində idi. Qalxıb yatağın kənarında oturdu, özünə gəlmək üçün üz-gözünü ovxalayıb boynunu sağa-sola burub şaqqıldatdı: “Lənət şeytana, bu nə yuxuydu belə”, – deyib pəncərədən çölə boylandı, bir neçə saniyə yağan yağmura tamaşa etdi, öz-özünə, – indi meşədəki oylağımızda olmaqçün nələrdən keçməzdim, – deyib saatına baxdı, uzun-uzadı fit çalıb, – bu nədi, əməlli-başlı yatmışam ki, – deyib ayağa qalxdı, çəkələklərini ayağına keçirib hamama getdi, yuyunaraq sanki bayaq yuxusunda gördüyü qan ağzına dolubmuş kimi ağız-burnunu yaxalayıb mətbəxə keçdi, qurulanıb termosdan bir bardaq çay süzdü, soyuması üçün qoyub yataq otağına döndü, telefonu götürüb Səbinənin nömrəsini yığdı. Telefon sönülü olduğundan bir az gözləməyi qərara aldısa da, səbirsizlənərək təkrar-təkrar yığdı. Lakin robot eyni sözləri təkrar etməkdən yorulmurdu: “Telefon söndürülmüşdür və ya əhatə dairəsi xaricindədir, zəhmət olmasa bir azdan zəng edin” Nəhayət, səbirsizlənərək işini yığdı, oradan da istədiyi cavabı ala bilmədi. Qəbul otağındakı növbətçi xanım Səbinə həkimin bu gün işə gəlmədiyini dedikdə isə əməlli-başlı əsəbiləşdi:
– Necə yəni işə gəlməyib?
– Bilmirəm, müəllim, səhər müdirimizi yığıb icazə almışdı, bəlkə də, işi uzanıb.
– Nə icazəsi? Bunu dedi və bir anda Səbinənin səhər onu yoluxmaq üçün işdən icazə aldığını xatırladı.
– Bağışlayın, narahat etdiyimə görə üzr istəyirəm, lütfən Səbinə xanım işə gəldiyində ona deyin, Məhərrəmlə əlaqə saxlasın.
– Oldu, müəllim, deyərəm.
– Təşəkkür edirəm, – deyib “qapat” düyməsini sıxdı, telefonu divanın üstünə ataraq mətbəxə keçdi, kətildə əyləşib bardağı önünə çəkdiyində yuxusunu xatırladı, öz-özünə: “Yox, bu qızın başında bir iş var”, – deyib ayağa qalxdı, cəld hərəkətlərlə əynini geyinərək taksi sifariş edərək Səbinənin çalışdığı xəstəxanaya yollandı.
Yolda sinif yoldaşlarının yaratdığı “Watsapp” qrupuna: “Səbinə haralardadır? Xəbəriniz varmı?” – deyə yazaraq soruşdu, oradan da qaneedici cavab gəlməyincə, sevgilisinin yaşadığı mənzili yığdı. Lakin evdə də heç kim telefonu götürmürdü…
Xəstəxanaya çatanda öncə avtomobil dayanacağına boylandı, onun avtomobili burada yox idi. Dişlərini qıcırdadaraq:
– Offf, Səbinə, hara yoxa çıxdın axı, – deyib ümidsiz addımlarla pillələri qalxıb binaya daxil oldu.
– Zəhmət olmasa, qoruyucu maskanızı geyinin, – deyə səslənərək arxasınca gələn mühafizəçini əli ilə sovuşdurub qaçaraq pillələri çıxdı, sevgilisinin çalışdığı şöbəyə gəlib onun iş otağının qapısını yoxladı, bağlı idi. Dodaqlarını gəmirərək: “Hara getdi ki, bu qız?” – deyə öz-özündən soruşub gəldiyi kimi də qaçaraq pillələri enib yoldan keçən taksilərdən birini saxlayaraq tələsik əyləşdi və Səbinənin yaşadığı ünvanı dedi.
Yol boyu telefonu bir anlıq da olsa əlindən yerə qoymur, gah:”Yeni bir xəbər varmı?”- deyə “Whatsapp” qrupuna baxır, gah Səbinəni, gah da onun yaşadığı mənzili yığırdı…
Bayaqdan ürəyinə daman onu daha heç vaxt görə bilməyəcəyi hissi o qədər qüvvətli idi ki, yol üstə olan sevgilisinə bir an öncə yetişmək, onu son dəfə görə bilmək üçün çabalayır, bütün enerjisini sərf edirdi… Amma bütün çabaları boşa gedir, nə Sabişkasını, sevimli Sarışınını, biricik Kosmosunu tapa bilir, nə də onun harada olduğuna dair bir xəbər ala bilmirdi…
Evlərindən çıxdıqdan sonra bir an belə gözlərinin önündən getməyən Səbinənin qanlı üzü onu haldan-hala salır, dəhşətdən dəli olmaq dərəcəsinə çatdırırdı…
Öncə hara dönsə, gözlərinə görünən sevgilisinin qanlı üzü artıq yaxınlaşaraq onun üzünə söykənmişdi. Hər dəfəsində dəhşətlə üz-gözündən Səbinənin qanını sildikcə əslində gözlərindən boşalan yaşı silirdi.
Səbinəgilin məhəllələrinə çatdığında binanın alaqapısında toplanmış qələbəliyi, ağlaşan qohum-əqrəbalarını görüncə artıq gecikdiyi, bəlkə də, bir daha sevgilisini heç vaxt görə bilməyəcəyini anladı…. Mənzil başına çatıb dayanan taksidən enmir, oturduğu yerdəcə gözlərindən sular-sellər boşalır, boşalırdı…
Və göz yaşlarının arasında titrəyən dodaqlarında eynilə Səbinədə olduğu kimi, misralar dinirdi sakitcə:
Gedəcəm bu şəhərdən
Hara gəldi, necə gəldi
Cismimi atacam,
ruhumu satacam
Mələklərə, ya şeytana
Fərqi yoxdur kimdi alan
Yetər ki,canım qurtulsun onlardan
Sevgilimsiz qalan canım
Yalnız qalan bəxtsiz qəlbim…
-
Dr. Alper Akçam: Ben de varım demeliyiz!
-
ABD-İran mutabakat zaptı ortaya çıktı
-
BM açıkladı: 2027’de 2.4 milyon mültecinin yeni bir ülkeye yerleştirilmesi gerekecek
-
İsviçre Dışişleri: ABD-İran mutabakat zaptı Bürgenstok’ta imzalanacak
-
Lavrov: Türkiye’nin Ukrayna’yla ilgili diplomatik çabaları değerli
-
İran duyurdu: İsviçre’de ABD’yle ikinci tur müzakereler başlıyor
