Kama (Qeme)

03.07.2018 21:25

1.665 Kişi Okumuş

0 Yorum

Kama (Qeme)

Zaur Muradhanlı

Azerbaycan Hikâyeleri

Kama (Qeme)

Tunar on iki – on üç yaşlarında şən, zarafatcıl bir oğlan idi. Hər kəslə zarafat etməyə bir bəhanə, hər şeyə gülməyə bir səbəb tapardı. Hətta  o qədər güləyən idi ki, tay-tuşları adını Çöpəgülən qoymuşdular. Hər şeyə həm səbəbsiz gülür, həm də elə ürəkdən qəhqəhə çəkirdi ki, gözlərindən yaş gəlməyənədək dayanmazdı. Belə hallarda ya diz üstə çökər, ikiqat olan bədəni titrəyə-titrəyə hər əzası yerindən oynar, ya da qarnını yumruqlaya-yumruqlaya özünü yerə-yurda çırpardı. Qaraqabaq adam olan atası onun bu xasiyyətini heç sevməz, “Artıq böyük oğlan oldun, bəs ciddi olmağı nə vaxt öyrənəcəksən?” – deyib boş yerə güldüyündə hirslənərdi. Əslində heç anasının da o barədə atasından geri qalan yanı yox idi. Arada tərs-tərs baxıb:

– Arvad kimi nə dişlərini ağardırsan, özünü kişi kimi apar! – deyə acıqlanardı.

Ailələri yeddi nəfərdən ibarət idi. Atası, anası, o, iki bacısı və iki də qardaşı. Tunar nə böyük olan bacılarına, nə də kiçik olan qardaşlarına çəkməmişdi. Bir əldəki beş barmağın hamısı bir olmur ki… Bacıları utancaq, dindirməsən, dinməyən adamlar idilər. Zarafatla-zadla da o qədər araları olmazdı. Qardaşları isə atasına çəkmişdi, elə bil fırt eləyib kişinin burnundan düşmüşdülər. Onun kimi qaraqabaq, qaşları daima düyünlü, burunları sallaq gəzərdilər. Bu iki qardaşa ətiacılıqlarından dolayı qonşuları Kəmalə xala “Məhkəmə surat” ləqəbi qoymuşdu. Amma Tunar bir başqa adamdı:  pələqulaq, şappan dodaq və düymə gözləri ilə çirkinlikdə tayı tapılmazdı. Saçdan çox pişik gəvənini xatırladan və ensiz alnına tökülən saçları, tırtır otlamışcasına seyrək qaşları və toy çomağına oxşayan uzun burnu hazırcavablığı ilə birləşib ortaya mükəmməl bir satirik əsər çıxarırdı. Gülərüzlü, xoşxasiyət və sözəbaxan olması sifətinin çirkinliyini nəinki örtürdü, hətta onu insanlara daha da sevimli göstərirdi. Kiçik şeylərlə xoşbəxt olmağı bacarır, sevinmək üçün illah da böyük bəhanələr axtarmırdı.  Arada sol əlinin işarət barmağı ilə burun dəliklərini qurdalayaraq tapıb çıxardığını sağ əlinin içində eşələyə-eşələyə çatma qaşlarının altındakı düymə gözlərindən  anasına bic bir baxış göndərər, zarafatla:

– Anacan, mən bir tağam eee,.. sizin içinizə düşmüşəm. Qədrimi bilin ki, köküm kəsilməsin, – deyərdi.

Anası onun bu zarafatına zarafatla cavab verərdi:

– Sənin kimi tağın başına dönüm, hər yaşına bir ağac əkəcəyəm, – deyə onun yanağından bir çimdik alar, ya da qulağını burub bağırtısını salardı.

İyun ayı idi, məktəblər tətilə çıxmış, iki aylıq ara verilmişdi. Günaşırı quzularını qabağına qatıb otarmağa aparan Tunar kəndin önündəki dağların ətəklərinə gedər, burada palıd meşələrinin başlanğıcındakı çəmənliklərdə, seyrək kolluqlarda, meşənin içindəki talalarda quzuları otarır, axşam çağı evə qaytarırdı. Keçən il quzu otarmağa özündən balaca qardaşı ilə gedərdi, bu il isə bir az böyüdüyü üçün bir gün təkcə o, ertəsi gün də o biri iki qardaşı quzuları otarırdı. Həyatlarından razı idilər. Niyə də razı olmasınlar ki?! Hər dağa gəldiyində özü ilə gah adını bilmədiklərindən fil daşşağı adlandırdıqları qolf topunu, gah da çilingağac gətirər, yoldaşı olmasa da, öz-özünə oynayıb başını qatar, arabir də seçib yığdığı kiçik yumru daşlarla qəcəmə daş, yeddi daş oynardı. Ən çox sevdiyi oyunladan biri də bıçaqla oynamaqdı. Gah öz-özüylə oynayıb məşq edər, gah da kənardan durub ağaclara bıçaq atar, atdığı bıçaqlar hədəfə saplandıqca sevinib bağırar, yan keçdikdə və ya ağaca batmadıqda isə bıçağı günahlandırıb danlayardı.

Günorta vaxtları quzularını sulayıb ağaclardan birinin kölgəsində yatırtdıqdan sonra arabir köpəyi ilə meşənin içlərinə gəzməyə gedər, dərdiyi moruq, böyürtkən, çiyələkdən doyunca yeyər, hələ üstəlik bacı-qardaşları üçün də götürərdi. Bəzən isə mühəndisliyi tutar, dərənin kənarından çıxan bulağın yan-yörəsini palçıq və kiçik daşlarla hovuz şəklində tikər, içinə toz-torpaq tökülməsin deyə üstünə çalı-çırpı düzdükdən sonra səliqə ilə kəsdiyi çimlərlə örtüb gizləyərdi. İşini bitirdikdən sonra əsərinə qürurla baxıb söyüd qabığından düzəltdiyi novdan axan su ilə yuyunar, ağzını novun ucuna dayayıb diyunca su içərdi. Bəzən oyun oynamağa o qədər aludə olurdu ki, bir də başını qaldıranda artıq günəşin batmaq üzrə olduğunu görər, yan-yörəsinə boylanıb öncə köpəyini çağırar, sonra da onunla birgə quzularını axtarmağa gedərdi.

Bu dəfə gələndə atasının qəməsini götürmüşdü.  Uşaq ağlı ilə meşənin başlanğıcındakı kolluqların ətrafında bitən gəvənlərin kökünü qazıyıb çıxaracaq, içindəki nazik ağ liflərlə sarılı qələm kimi

yoğun və kəhraba rəngli yağları yeyəcəkdi. Gəvən yağı yemək də keçən quzu növbəsində ağlına gəlmişdi. Öz-özünə çilingağac oynarkən vurduğu çiling gedib iri bir gəvən kolunun dibinə düşmüşdü. Tunar da çilingini götürmək istərkən gəvənin yoğun qara gövdəsindəki çatlardan sızıb quruyan yağları görmüş, bir-ikisini qırıb ağzına atmışdı. Düzdü, bu yağlar quruduqları üçün o qədər də ləzzətli deyildilər, amma yenə də olsun, onun hələ qışdan damağında qalan tamı oyatmağa yetmişdilər.

Hər qış atası ilə kəndin quzey  tərəfindəki qumsal təpələrə gedirdilər. Atası orda sıx bitən gəvən kollarını çəkəcəklə çəkib kökündən çıxarar, Tunarla qardaşı köklərindən tutduqları gəvənləri sürüyüb bir yerə toplayardılar. Atası kifayət qədər gəvən çəkdikdən sonra gəlib ocaq yandırar və bir yerə toplanmış gəvənləri ütərək tikanlarını yandırardı. Tunar və balaca qardaşı qızışıb alovlanan gəvən kollarının başında sevinclə atılıb-düşər, soyuqdan keyləşən əllərini alovun sarı-qırmızı dillərinə uzadıb piano çalırmış kimi hərəkət edirərək qızışdırar, isinən ovucları ilə üşümüş burunlarını, qulaqlarını və  pörtmüş yanaqlarını ovuşdurardılar.

Gəvən çəkməyə getmək hər nə qədər ataları üçün zəhmətli iş olsa da, onlarçün əyləncədən başqa bir şey deyildi. Buna görə də, qar yağdıqdan sonra gəvənə gedəcəkləri günü iplə çəkər, atası “Hazırlaşın, sabah çölə gedəciyik!” – dediyində isə sevinclərindən nə edəcəklərini bilməzdilər. İldə bir, ən çoxu iki dəfə  gəvən çəkməyə gedərdilər, amma onda da xeyli toplamadan dönməzdilər. Atası güclü-qüvvətli adam idi və çəkəcəyini gəvən koluna keçirdimi, o kolun işi bitdi deməkdi. Hətta arada elə olurdu ki, atasının uzun addımlarla tez-tez gəzərək çıxardığı kolları iki qardaş çatdırıb toplaya bilmir, yorulub əldən düşürdülər.

Günorta yeməklərini çöldə yeyərdilər. Atası qarsız güneylərdən topladığı küləşi yığıb yandırar, balalarını da başına yığıb nahara oturardı. Ərzaq çantalarında analarının axşamdan qaynadıb qoyduğu beş-altı yumurta, bir-iki dilim pendir və çörəkdən başqa bir şey olmazdı. Amma yenə də bu onlara dünyanın ən ləziz yeməyi kimi gələr, soyuqdan titrəyən balaca əlləri ilə dürməklədikləri çörəyi yeyər, o biri tərəfdən də burunlarını çəkə-çəkə az qala  ocağın içinə soxulardılar.

Axşama qədər çalışmaq xoşlarına gələrdi, üşüməyin də elə bil öz ləzzəti var idi.

Toran düşənə yaxın ataları topladıqları gəvənləri dörd böyük bağ halında bağlayar, sonra bu bağları eşşəyin belinə yükləyər, çəkəcəyini zincirindən boynuna asar, yemək çantasını da Tunara verər, evə gələrdilər. Yorğun-arğın işdən qayıdanda bacıları onları bir başqa mehribanlıqla  qarşılayar, islanmış çəkmələrini, corablarını soyunmalarına kömək edib kömür sobasının başına keçirər, qızınmaları üçün çaylarını süzüb önlərinə qoyardılar. Belə vaxtlarda özünü önəmli biriymiş sanan Tunar var gücü ilə burnunu yuxarı çəkərək əlini sinəsinə vurub bacısına:

– Əmir nömrə bir: “Çayımı soyut!”, sonra dönüb digər bacısına:

– Əmir nömrə iki: “Corablarımı geyindir!” – deyə əmirlər yağdırar, bacıları sözünə baxmadıqda saçlarından tutub çəkişdirər, yanaqlarından dişləyib:

– Nətərdi sözə baxmamaq? -deyə soruşardı.

Əlbəttə, dəcəlliyi heç də cəzasız qalmazdı. Cəzasını da bacılarının özləri elə ordaca verər, köməkləşib yerə yıxdıqları Tunarın saçlarını yolar, burnunu, qulağını dartaraq bağırtısını evə salardılar. Səs-küyə hövlank otağa girən anası:

– Qudurmusuz? İndi sizi ağıllandıraram! –deyib cəld addımlarla sobaya tərəf gedər, sobanın sümbəsini götürər, işlərini bilən uşaqlar da qurd görmüş quzu sürüsü kimi qaçıb dağılışardılar.

Sözsüz, analarının məqsədi onları sümbə ilə döymək deyildi. Onun qədər həlim xasiyyətli bir ana övladlarını istəsə belə bu cür cəzalandıra bilməzdi. Onun sümbəni götürüb “İndi sizə ağıllandıraram!” deyərkən özünü zorlayıb sifətinə verdiyi ciddi və qəzəbli ifadə olmasaydı, uşaqlar qaçıb dağılışmaz, o da ən çox şuluq salana məcburən bir-iki sümbə çəkməli olardı. Amma bəxtindən, ciddilik və qəzəblənmə nömrəsi hər dəfə işə yarayırdı və uşaqlar da sümbə yemədən qaçıb dağılışır, amma bir-iki dəqiqə sonra yenə sobanın başına dönürdülər.

Hər gün inək sayına görə gəvənlərdən bir neçəsini əvvəlcə axar suda yaxşıca yuyar, daha sonra kötüyün üstündə döyüb əzər, sonra da balaca-balaca doğrayar, axşam yatmadan öncə inəklərinə verərdilər. Sadəcə boğaz və ya sağılan inəklərinə verməzdilər, çünki gəvən südü acılaşdırır, bu da inəyin balasının zəhərlənməsinə səbəb olurdu. Bir də ətliyə gedəcək mallarına verməzdilər ki, əti acı olmasın.

Atası gəvəni döyüb doğrayanda arabir götürdüyü kökünü bölər, içindən çıxan yağı yeyərdi. Nəsə xoşlayırdı, bu yağın tamında bir qəribəlik vardı.

Ətrafında gördüyü gəvən kolları Tunarın tamahını oyatmış, ürəyi yağ istəmişdi. İndi ələ-ovuca sığmayan qəməni gətirməkdə də onun məqsədi gəvənlərdən birinin kökünü qazıyıb çıxarmaq, yağından yeyib nəfsini öldürməkdi. Kolların yanına çatar- çatmaz gəvənlərdən bir-ikisinin dibini açıb kökünü qazdı, çıxardığı yağdan bir az yeyərək gözünün  qurdunu öldürdükdən sonra qardaşlarına aparmaq üçün bir balaca da toplayıb bulağın başına enərək yemişan kolundan asılmış ərzaq çantasına qoydu. Daha sonra başı həmişəki kimi, köpəyi ilə oynamağa qarışdı. Axşam gün batana yaxın meşəyə dağılmış quzularını topladı, dərəyə enib ərzaq çantasını götürdü ki, evə qayıtsın. Elə bulağın başından yenicə aralanmışdı ki, qəməsini xatırladı. Qeyri- ixtiyari əlini atıb ciblərini yoxladı, sanki o böyüklükdə qəmə cibinə yerləşəcəkmiş kimi… Amma boşuna, ciblərində heç nə yox idi. Çiynindən endirdiyi boş ərzaq çantasını başı aşağı çevirdi, amma orda da nahardan öncə qoyduğu gəvən yağından başqa bir şey yox idi. Nə edəcəyini bilmirdi, dönüb ətrafına boylandı, yaxınlıqda kimsə yoxudu, gözlərini köpəyinin gözlərinə zilləyib sanki ondan kömək istəyirmişcəsinə zəif bir səslə:

– Atam öldürəcək, – dedi.

Sonra dönüb bayaq gəvənlərin dibini eşələdiyi yerə qaçdı. Gümanı ora gəlirdi, yəqin elə hardasa oralarda unutmuş olacaqdı. Qəməni tapmasa, evə qayıda bilməzdi. Atasından qorxurdu, çünki atasının bu qəməni yadigar saxladığını, hətta evdə belə istifadə edilməsinə icazə vermədiyini yaxşı bilirdi.

Amma neyləsin ki, o hələ sadəcə bir uşaqdı və bütün uşaqlara xas qadağan olunmuşa qarşı hədsiz maraq hissi onda da var idi. Və elə bu maraq onun qanına girmiş, bir günlük olsa belə, özünü bu qiymətli əşyanın sahibi kimi görmək istəyi üstün gəlmiş, qəməni xəlvətcə yerindən götürüb otlağa gətirməsinə səbəb olmuşdu. İndi gördüyü oğurluq işin cəzasını çəkməyə hazır olmalı, ya da yerin deşiyindən də olsa, qəməni tapıb çıxarmalı idi.

Qəmə əmisindən yadigardı. Uzun illər öncə tutulan əmisi həbsxanada olarkən  düzəltmiş, onu yoluxmağa gedən atasına hədiyyə etmişdi. Həbsxanadan çıxdıqdan sonra cəmisi ikicə il yaşayan əmisi evlənməyə macal tapmadan özü ilə gətirdiyi xəstəlik üzündən vəfat etmişdi. Ardından onu xatırladacaq bir şey qalmamışdı. Sadəcə, atasına bağışladığı bu qəmə qalmışdı. Əlbəttə, bütün bunlar nəinki Tunar doğulmamışdan, hətta atası evlənməmişdən çox daha öncə olmuşdu. Amma atası yenə də mərhum qardaşından qalan tək əşyanı göz bəbəyi kimi qoruyur, sadəcə ən hörmətli qonaqlar xahiş etdikdə divardan asıldığı yerdən, xalçanın üstündən götürüb onlara göstərirdi.

Qəmənin qəhvəyi boyalı qəbzəsində tünd və açıq çalarlar bir-birini əvəzləyib özəl bir dalğalı fon yaradırdı. Qəbzənin içi bir qədər oyulmuş və o oyuqda müxtəlif rəngli şüşələrlə əmisi ilə atasının adlarının baş hərfləri yazılmışdı. Qəmənin tiyəsi təkağızlı idi və ta bıçağın ucunadək qızıl balığın pulcuqları kimi iç-içə keçən naxışlı halqalarla bəzədilmişdi. Tiyənin ağızlığı elə bir ustalıqla itilənmiş və bülövlənmişdi ki,  ülgüclə bəhsə girərdi.

İndi Tunar atasının göz bəbəyi kimi qoruduğu və evdə ən dəyərli əşya kimi saxladığı bu qəməni gətirib dağın başında, bir qarış hündürlüyündəki otların içində itirmişdi. Nə edəcəkdi? Necə tapacaqdı?  Bu barədə heç nə bilmirdi, bildiyi tək şey vardı: atasının qəməsini tapmadan evə getməyəcəkdi. Əgər getsəydi və atası da hər axşam qonaq otağına girəndə etdiyi kimi, ilk öncə divara vurulmuş xalçanın üstünə baxıb qəməni orda görməsəydi, vay halına! O zaman onu kim qurtaracaqdı atasının əlindən? Çünki o yalnız qaraqabaq deyildi, həm də olduqca əsəbi idi. Çox tez özündən çıxar, sözünün qabağına söz deyəni vurub şil-küt edərdi.

Evdə acıqlandığı zaman anasına bağırıb-çığırar, dişlərini qıcaya-qıcaya söyüb sayardı. Bacılarını döyməzdi. Onlara sadəcə olaraq tərs-tərs baxıb dişlərinin arasından ilan kimi fısıldayaraq:

– Rədd olun gözümün qabağından, it küçükləri, – deyər  və qızlar bu baxışları  görüb, atalarının lopa bığlarının örtdüyü qalın dodaqlarının altından çıxan o fısıltılı səsi duyduqları an döyülmüşdən betər olardılar. Qorxudan tir-tir əsən bacılar evin bir küncünə qısılar, başlarını aşağı salıb sakitcə oturardılar. Sanki ataları üzlərinə baxsa, onların gözlərində görəcəyi hər hansı bir ifadə və ya mimikaya hirslənə biləcəyindən qorxar, çağrılmayınca başlarını yuxarı qaldırmaz, ifadəsiz baxışları  ilə qəzil palazın üstündəki naxışları saymağa davam edərdilər.

Balaca qardaşlarını da döyməzdi ki, onlar hələ uşaqdırlar. Nə qədər büruzə verməməyə çalışsa da, kiçik oğlanlarını digər övladlarından çox sevdiyini bəlli edər, axşamlar yanında oturdub iri əlləri ilə oxşayar, onlarla yalandan güləşib uduzardı. Amma Tunara qarşı belə deyildi. Evdə işə buyurulacaq biri olsa, öncə Tunar yada düşərdi və o sevilib oxşanmazdı, çünki “Sən böyüksən, artıq balaca deyilsən!” – deyərdilər. Böyüklər acıqlanıb birini döymək istədikdə yenə Tunar var idi. Çünki o artıq böyümüşdü  və anasının yun çubuğu, atasının iri əlləri ilə endirdiyi zərbələrə dözə bilərdi. Uzun sözün qısası, evdə biri əsəbiləşsə və birini cəzalandırmaq istəsə, tabaq həmişə Tunarın başında partlayardı.

İndi də evə qəməsiz dönərsə, atasının iri əlləri ilə qəşəngcə “oxşanacağını” bilirdi, hətta bəzən olduğu kimi, atasının sol biləyinə dolanmış kəmərinin kürəyində ildırım tək şaqqıldayaraq qıvrılıb açılacağından şübhəsi yox  idi. Bu səhnə bütün dəhşəti ilə gözlərinin önündə canlanır, cılız bədəni şaxta vurmuşcasına tir-tir əsirdi. Hələ indiyədək bu qədər qorxduğunu xatırlamırdı. Qorxunun gətirdiyi acizanə itaətkarlıqla  nənəsindən öyrəndiyi bütün duaları oxuyur, Allahı və adını bildiyi digər müqəddəsləri adbaad çağıraraq yardım istəyir, qəməni tapmasına kömək etmələri üçün yalvarırdı.

Ərzaq çantasını çıxarıb atdı, gəvənlərin dibini oyub köklərini çıxardığı yerə doğru qaçdı. Köpəkləri də onun bu halından bir şey anlamadan ardınca qaçır, hürə- hürə kol-kosun diblərinə  dürtülür, sanki o da itiyini axtarırdı.

Kiçik bir yoxuş sonu görünməyən yola dönmüş, bayaqdan üzüyuxarı qaçmasına baxmayaraq bitmək bilmirdi ki, bilmirdi. Artıq taqəti tükənmiş, dizlərində güc qalmamışdı. Elə təngnəfəs olmuşdu ki, sürətlə qalxıb enən köksünün indicə  partlayacağını sanardın.

Qaçırdı, həm də dəlilər kimi, gözü ayağının altını görmədən, kola-kosa ilişə-ilişə, yıxıla-dura qaçırdı… amma heç cür iki addımlıq yolu başa vura bilmirdi ki, bilmirdi. Qorxunun gətirdiyi dəhşətlə böyüyən gözlərində sonsuzluğa qədər uzanan yol o an ona o qədər uzaq görünürdü ki, yoxuşun heç vaxt bitməyəcəyini sandığından ürəyi partlayacaq kimi olurdu. Zamansız və məkansız idi, boşluğa düşmüş qu tükü kimi havada ağır-ağır uçur, cismindən ayrılmış ruhu onu tərk edib getmiş, ortalıqda dolanan quru cəsədi təkbaşına qalmışdı.

Əslində o balaca yoxuşu bir neçə saniyədə qaçıb bitirmiş, qəməni itirdiyini düşündüyü yeri axtarmağa başlamışdı belə. Sadəcə həmən anda onunçün zaman durmuş, saniyələr axmaz olmuşdu. Hər an bir ildən daha uzun gəlir, həyatın durduğunu zənn edirdi.

Dəlicə qorxu ilə axtarırdı qəməni, qan basmış gözləri bərəlib hədəqəsindən çıxmış, sel kimi axan yaş gözlərinin önünə pərdə çəkib kor etmişdi. O ağlamırdı, gözlərindən başlayan leysan yağmuru novça əvəzi yanaqlarından, ağzından, burnundan axıb bir-birinə qarışır, çənəsindən aşağı süzülürdü.

Artıq hava qaralmağa üz tutmuşdu, amma o hələ də axtarırdı. Nə axtardığını bilmədən, yanınca o tərəfə, bu tərəfə qaçıb heç nə anlamadan onu təqlid edən köpəyini də, quzularını da unudaraq axtarırdı. Nəyi itirdiyini belə unutmuşdu artıq. Yaşlı gözlərinin önündə atasının düyünlənmiş qaşları, əsəblə səyirən dodaqları və kəmərini sarıdığı sol biləyindən başqa heç nə görmürdü. Tunarın o ankı axtarışı ancaq Həcərin Mərva və Səfa dağları arasında qaçaraq su axtarması ilə müqayisə oluna bilərdi. Təkcə bir şey fərqli idi: biri övladı

üçün su, digəri canından qorxduğu üçün itiyini axtarırdı. Məqsədləri fərqli olsa da, məsumluqları və istəklərinə çatma arzuları eyni səviyyədə idi.

Artıq günəş uzaq dağların ardında gizlənir, günbatana səpələnmiş qızılı şəfəqlərini də toplayıb evinə, anasının qoynuna dönürdü.  O hələ də axtarırdı, özündən keçmiş halda, ağlayaraq, dua edərək, Allaha və tanıdığı bütün müqəddəslərə yalvarıb hamısını köməyə çağıraraq axtarırdı. Hər an keçdikcə dar ağacına bir az daha yaxınlaşan məhkum kimi hədəqədən çıxan gözləri, keyləşən beyni və müqəvvaya dönən ruhsuz cismi ilə axtarırdı. Toran düşdüyündə hələ də tapmamışdı, amma artıq nə axdardığını da tamam unudub meşənin başlanğıcındakı alçaq və seyrək kolluqların, gəvənlərin arasında səbəbini bilmədən ora-bura qaçırdı. Artıq ağlamırdı, gözündən axan yaş yanaqlarında donmuş, qızaran gözləri baxsa da, heç nə görməz olmuşdu. Sadəcə hıçqırırdı və niyə hıçqırdığını da bilmirdi. Arabir əsməcə tutmuş kimi şaqqıldayaraq bir-birinə dəyən dişləri sınacaq kimi olur, amma sağlam olduqlarındandı, ya nədənsə sınmırdı.

Quzuları qeyri-iradi olaraq, instinktlə evin yolunu tutalı çox olmuşdu. Vəfalı köpəyi arxa ayaqları üstünə çökərək dilini bir qarış çıxarmış, ləhləyə-ləhləyə ona baxırdı. Heç vaxt görmədiyi bu mənzərədən çaş-baş qaldığı bəlli idi. Amma nə edə bilərdi ki?

Yorulmuşdu, bəlkə də yorğunluğunu duya biləcək qədər anlaqlı durumda olsaydı, dizləri qatlanar, olduğu yerdə yıxılıb qalardı. Amma artıq ayaqları beynindən əmir almırdı. Odur ki, yorğunluq hiss eləmirdi, hətta ona elə gəlirdi ki, puçu burulmuş saat kimi, vaxt tamam olmayınca dayana bilməyəcək.

Umudsuzluğunun zirvə nöqtəsində idi. Ölüm anı yetmiş məhkumdan fərqsiz idi artıq. Heç nə onu qaçılmaz sonluqdan qurtara bilməz, heç kim atasının qızmış aslan kimi kükrəməsinin qarşısına çıxıb onu müdafiə edəcək cəsarəti göstərə bilməzdi. Ən pisi isə hər kəsin onu qınayacağı, “Günah özündədi axı, ay bala, sənin nə işin qalmışdı atanın qəməsiynən ki, indi də qara tuluğa dönəsən?” – deyəcəkdi. Hətta arabir ona elə gəlirdi ki, artıq bu sözləri deməyə başlayıblar belə… Özündən böyüklər, anasının rəfiqələri, qoca qarılar, qarşısına çıxan hər kəs ona acıyır və eynən yuxarıdakı cümləni təkrar edib dururdu.

Anidən gözü bir qadına sataşdı. Arxası ona tərəf oturmuşdu, sadəcə qara çadrasından başqa heç nə görünmürdü. Onu gördüyü an beynində şimşək çaxdı, bayaqdan niyə bu dağın başında dönüb durduğunu xatırladı. Tez yanına qaçıb soruşmaq istədi:

– Xala, mənim qəməmi görmədin?

Elə ona yaxınlaşan anda qəfildən gördü ki, qəmə bir az irəlidə, kəsilmiş gəvənin altındadır…

Gəvənin altında qəmənin qəbzəsi gözünə dəydiyi an hər

şeyi unutdu, indicə gördüyü çadralı qadını da, evə getməli olduğunu da, quzuları da… Belə itikləri tapanda insanın içini bürüyən sevinc dalğasını heç cür cilovlamaq olmaz. Indi o da bu vəziyyətdə idi. Elə ordaca, qəmənin yanındaca dizi üstə düşdü, balaca əlləri ilə götürdüyü qəməni öpməyə başladı…

Köpəyinin hürməsi onu özünə gətirdi. Ayağa qalxıb ətrafına göz gəzdirdi, heç kim yox idi. Quzuları dərənin ayağından kəndlərinə doğru gedən son dönəməcdə görünürdü. Qaçıb ərzaq çantasını götürdü, bərk-bərk qucaqladığı qəməsini sinəsinə sıxaraq quzularının ardınca yüyürdü.

Quzuları gec gətirdiyi üçün atası acıqlandı, amma döyülməkdənsə, tərs baxış daha yaxşı idi. Axşam heyvanları rahatladıqdan sonra hər kəs evə yığışanda ağlamaqdan qan çanağına dönmüş gözlərini, şişib qızarmış sifətini görməsinlər deyə birbaşa qardaşları ilə bərabər yatdığı kəllə otağa keçdi. Bəxti gətirmiş, toranlıqda kimsə ona fikir verməmiş, buna görə də, vəziyyətini anlamamışdılar. Qəməni isə bacısına verib heç kimə demədən yerinə asmasını xahiş etmişdi. Bir şey yemədən yatdı, gecə yarısı hövlnak yuxudan oyanıb anasıgil yatan otağa keçdi, yorğanı qaldırıb onun yanına girdi. Anası yuxulu-yuxulu soruşdu:

– Niyə yerində yatmırsan?

– Bilmirəm.

– Dur, dur, get yerində yat!

– Ana, nə olar, qoy yatım burda.

– Offf!.. Tunar, yorğunam, səs də eləmə, atan ayılar.

Ikisi də susdu, otağı atasının xorultusu bürümüşdü və xorultu elə ucadan gəlirdi ki, səsi pəncərələrdən keçib həyətdə də eşidilirdi.

– Ana, bilirsən bu gün nə oldu?

– Nə?

– Mən dağda bir arvad gördüm…

– Nə arvad?

– Çadralı bir arvad…

Anası ona sarı dönüb dirsəkləndi, sonra əlini alnına, boyun-boğazına sürtüb istiliyi olub-olnadığını yoxladı.

– Harda gördün?

– Quzu otardığım yerdə.

– Ona görə yubandın?

– İnanmırsan, ana?

Sonra başına gələn əhvalatı danışdı. Tunarı dinlədikcə həyəcandan gözləri böyüyən anası onu özünə tərəf çəkib qucaqladı, bağrına basıb üstünü yorğanı ilə örtdü, saçlarını oxşayıb alnından, yanaqlarından öpdü. Tunar anasının gözlərindən süzülən damlaların yanaqları ilə aşağı yuvarlanıb onun üz-gözünü islatmasını hiss elədi, pişik balası kimi cəldcə irəli soxulub qollarını anasının boynuna doladı.

– Ana, ağlama, sən niyə ağlayırsan?

– Heç bilirsən, sən kimi görmüsən?

– Nə bilim, çadralı bir arvadıydı, heç üzünü görmədim ki…

– O Həzrəti Zeynəb imiş, ya da Fatimeyi – Zəhra…

Anası bunu deyərkən qulaqdan dolma din bilgisinin köməyi ilə oğlunun Allah qatında qorunduğuna inanır, onun hələ günahsız bir uşaq olduğu üçün dualarını Allahın eşitdiyini, bəlkə də qəmənin yerini göstərmək üçün bir mələk göndərdiyini düşünürdü. O, bir ana olaraq bu hadisədən, oğlunun duasının Allah qatında qəbul edilməsindən nə qədər qürurlandısa da, bərk-bərk tapşırdı ki, bunu gizli saxla, heç kimə söyləmə!

– Yaxşı, ana, heç kimə demərəm.

– Əgər desən, bir də duan qəbul olmaz, nə vaxtsa çətinliyə düşsən, daha heç vaxt elə mələklər köməyinə gəlməz.

– Yaxşı, ana, söz verirəm, heç kimə demərəm.

Bir neçə saniyə sonra ağır keçən günün yorğunluğundan gözləri qapanan Tunar anasının qoynunda mışıl-mışıl yatmaqdaydı. Bu dəfə anasının yuxuları qaçmışdı. O, oğlunun saçlarını yavaşca oxşayır, onun başına gələn möcüzəni düşünərək dərk etməyə çalışırdı.

İlgili Terimler :

YORUMLAR