Vantilatörsüz metro ve geçmiş direktörün milyonları…

13.07.2017 15:48

1.292 Kişi Okumuş

0 Yorum

Vantilatörsüz metro ve geçmiş direktörün milyonları…

Saadet Cahangir

Uşaqlıq illərinin məşhur “Metro” şeirini xatırlayırsınız, yəqin.  “Yer altında şəhər gördüm, yer altında nələr gördüm…” Məmləkətdə  bu qədər ağılalmaz hadisələri görüncə, uşaqlıq şeirlərinə də başqa anlam verməyə başlayırsan. O şeirlərdən üzü bu yana böyüyə-böyüyə gəldik, yerin altında, üstündə nələr görmədik ki… Bilirsiniz, istifadəyə verildiyi gündən  paytaxtın ən işlək nəqliyyat vasitəsi sayılır metro. Sovetlər zamanında da belə olub, indi də belədir. Amma o lənətlədiyimiz sovet dövründə bir nizamı vardı metronun. Normal ventilyasiya sistemi, soyuducular, qızdırıcılar yerli-yerində. Konveyer üsulu ilə dayanmadan işləyən və dövlət büdcəsinə yaxşı pul gətirən bu nəqliyyat vasitəsindən ölkə insanı da razıydı həmişə. Amma… Siz dünyanın hansı ölkəsində ventilyasiyasız xidmət göstərən metro təsəvvür edirsiniz? Bu problem haqqında on illərdir yazılır, deyilir, haray qoparılır, lakin kimsənin vecinə də deyil. Bu məsələnin həllinə böyük vəsait lazımdır. Bəhanələri bu olub hər zaman. Vəsait yoxdur, eləmi? Neçə vaxtdır ölkə gündəmindən düşməyən MTN işində metropolitenin keçmiş rəisi Tağı Əhmədovun adının necə hallandığını bilirsiniz. Dünən  həbsdə olan MTN generalı Akif Çovdarovun onun haqqında danışdıqları isə lap insanın qanını dondurur.  O, keçmiş rəisin mənimsədiyi böyük milyonları, onun saysız mülklərini, bank hesablarını, jetonları necə dörddə bir pay hesabı ilə saydığını açıb töküb ortaya. Hələ üstəlik deyib ki, bütün bunlardan prokurorluğun da, ölkə rəhbərliyinin də xəbəri vardı…

Açıq deyim, şəhərin bürkülü havasında hər metroya düşüb yol getməli olduğumda, ventilyasiyanın pulunu mənimsəyib, bizi havasızlıqda boğanlara lənət oxuyuram. Dünən bu oğurluq faktlarını oxuyandan sonra isə  daha əlim yerdən-göydən üzülüb. Bunlar bu qədər qansızlığı, yaramazlığı, vicdansızlığı necə edə bilirlər? Hər gün yüz minlər bu yeraltı nəqliyyatda boğula-boğula çörək arxasınca qaçarkən, bu qansızlar yerin üstündə necə rahat gəzib-dolaşırlar?  Onların haqqını utanmadan həzm-rabedən keçirən zaman, nə vaxtsa burunlarından gələcəyini düşünmədilərmi heç? Tağı Əhmədov yeni vaqonlar adına Rusiyadan köhnə vaqonlar alıb, rəngləyib sırıyırmış millətə. Jetonlardan dörddə bir pay hesabı ilə saydırıb, birinin pulunu qoyurmuş cibinə. Məmləkətə, ədalətə, qanunlara, qansızlara baxın! Keçmiş rəisin inadla “metrodan gediş haqqı artırılmalıdır” açıqlamalarını xatırlayıram.  “Azadlıq”a qarşı iddia qaldırıb, qəzeti böyük məbləğdə cərimələtməsini xatırlayıram. Yaxın məhkəmə proseslərinin birində Çovdarovdan 3 milyon pulunu geri istəməsini xatırlayıram. Bu ölkədə baş verən kriminal hadisələr cild-cild detektivlərin  mövzusudur. Yazıb “bestseller”lərdən yaxşı pul qazanmaq da olar.

Yəqin yazını oxuyub, düşünəcəksiniz ki, şəxsləri dəyişmək, onsuz da, heç nəyi dəyişmir. Ölkədəki rüşvət çarxı üstündə dönən sistemi dəyişmək lazımdır. Lazımdır, doğru. Elə biz də uzun illərdir onu deyirik. Sistemi kim dəyişməlidir? Aydan adam gətirib həyatımızı dəyişəcək deyilik ki, özümüz özümüzə gün ağlamalıyıq də. Ağlamasaq, başımıza gələnlərə çox ağlamalı olacağıq hələ. Elə bu yazını bitirib, yenə metroya tərəf gedəcəm. Dostlarımızın məhkəmə işinə görə düz 12 stansiya yol getməliyəm. Yenə havasızlıqdan boğula-boğula, məlum ünvanlara lənət oxuya-oxuya, bir gün ədalətin yerini alacağına inana-inana. Amma həm də ədalətin topal olduğunu düşünə-düşünə…

Azadlıq.info

İlgili Terimler :

YORUMLAR