İçtimaî – Siyasî Etüdler (Triptix)
Hafiz Rüstem
I. DİALOQLAR
(Dollar qalxır, evlər yıxılır)
-Elə ki, qalxır dollar
Can verir milli pullar.
Bu fövqəl dövlət pulu,
Dünya pulu, dərd pulu!
Yenə inflyasiya!
Yaxud devalvasiya!
Rüblük inflyasiya,
Cütrəqəmli qasırğa!
Tornado kimi ancaq,
Yıxacaq, dağıdacaq!
Elə ki, dollar qalxır,
Bu cür evlər yıxılır!
Heç emissiyalar da
Köməyə çatmır burda.
Antiinflyasiya
Tədbirləri yox amma.
“Analoqsuz inkişaf”
Əzəldən qeyri-şəffaf.
Növbəti ikiüzlük,
Beynəlxalq dələduzluq!
Düşür kursu manatın,
Yox mənası həyatın!
Bu milli faciədən
Qazanc güdürlər həmən!
Xalqın seçdiyi guya,
Siyasi bir mafiya.
-Yenə qalxır qiymətlər!
Bütün mallar, xidmətlər.
10 faiz, 50 faiz,
Səbəbsiz, səs-səmirsiz.
Maaşlar, təqaüdlər
Yerində sayır hədər.
Hər bank bir qarətçimi?
Hər bir əmanətçini –
Soyub-talan eləyir,
Yerlə yeksan eləyir.
Bütün banklar da onsuz
Hakim bir nəslə məxsus.
Milli sərvətlər burda
Hamısı inhisarda!
Məəttələm bu qədər
Mal-mülkü neyləyirlər?
Xaricə daşıyırlar,
Kraltək yaşayırlar.
Firon da bu cür, inan
Xalqa tutmayıb divan!
Ac qoyub rəiyyəti,
Atmayıb ədaləti.
Puça çıxır ümidlər,
Faizlər, kreditlər.
İnsanı girov kimi,
Şikar kimi, ov kimi
Öz cəngində saxlayır,
Yer də, göy də ağlayır…
-Qiymətlər bazarında,
Dünya birjalarında
Bu süni məzənnələr,
Haram izafi dəyər
Milyonlar qazandırır,
Həm əksinə, “yandırır”.
Doğru yalançı olur,
Müflis milyonçu olur.
Mallar “od tutub yanır”,
Ahlar ərşə dayanır.
Qiymətlər quduzlaşır,
Yaşamaq ucuzlaşır.
-Yenə Tarif şurası,
Gizli, pərdəarxası
Qiymətləri qaldırır,
Yumurtanın qiymətin
Prezident saldırır!
Guya bu əlahəzrət
Xalqa göstərir “xidmət”.
Bu rəhbər sayəsində,
Onun himayəsində
Ağ günə çıxmışıq biz,
Oymuş son köməyimiz,
O, ölkədə varımız,
Bircə xilaskarımız!
Tanrı onu əyməsin!
Ona bəd göz dəyməsin!
Kommunal xidmətlərin
Oynayır qiymətləri.
Anlamır ekspertlər
Qiymətləri marketlər
Hansı əsasa görə
Qaldırır birdən-birə?
Guya bazar qanunu
Tələb eləyir bunu.
Düşəndə maya dəyər
Enəcəkdir qiymətlər.
(Ölmə, eşşəyim, ölmə!
Yemə, içmə, üzülmə!”)
İnzibati tədbirlər
Hər şeyi alt-üst edər.
Dövlət yox, ancaq bazar
Qiymətləri nizamlar.
Gözə görünmür fəqət,
Adı çəkilən dövlət?
-Bazar deyir: gəl bəri,
Pulunu say, müştəri!
Olmasa mənfəətim,
Zay olacaq “zəhmətim”.
Bax, aşağı-yuxarı
Bu, qiymətin axırı!
Bundan aşağı yer yox!
Boş çənəni yorma çox!
Malın üstə etiket,
Pulun yoxsa, çəkil, get!
Oğurluq et, bankı yar!
Bəxtin olsun sənə yar!
İşsizliklə yoxsulluq,
Xalqı yıxıb biryolluq.
-Xalq da həmin xalq deyil,
Fəal, üzüağ deyil.
Öz haqqın tələb etmir,
Doğru bir yolla getmir.
Taleyini düşünmür,
Şaxtalarda üşümür.
Alov qarssa da, yanmır,
Qəsdən yatıb, oyanmır.
Sabir demiş: “Ölüb, ə!”
Bunlara nə olub, ə?
Əlləri, cibləri boş,
Qafaları da sərxoş.
Meyxana döşəyirlər,
Sözləri kövşəyirlər.
-Əqidəsiz, məsləksiz,
İşıqlı gələcəksiz
Ancaq sütül, gənc qəlblər,
Şagirdlər, tələbələr
Rüşvətxor cəmiyyətdə,
Bambılı bir dövlətdə
Sanki işıq saçırlar,
Qəlbimizi açırlar.
-Telekanalizasiya,
Teleseriallar guya
Ya da teleşoular,
Hədyan dedi-qodular.
Başqatma, başgirləmə,
Tiryəki mürgüləmə.
Bu mütrüb manıslarla,
Onlarla təmaslarla
Bütün günü əylənib,
Çəkilənib, piylənib.
Ancaq tüstü-dumanla,
Ya növbənöv idmanla
Legionerlər ilə,
Missionerlər ilə
Qalib gəlib züy tutmaq,
İnsanları yatırtmaq..
İşğal ərazilərin,
Bütün həyat tərzlərin
Məqsəd: yaddan çıxartmaq,
Olan hər şeyi satmaq!
Guya ki, tolerantlıq,
Əslində bir toranlıq.
Əvvəllər dinlər məgər
Bir-birinə dözmürdülər?
Bu termin şüar olub,
Dillərdə qabar olub.
Multikulturalizm,
Nimdaşlaşmış bir …izm
Ortaq mədəniyyətlər,
Gizli, qara niyyətlər…
Pərdəsi altda ancaq
Dövlət dilin alçaltmaq!
Türk xalqına bir nifrət!
Türk dilinə xəyanət!
-Yenidən dollar qalxır,
Yenə evlər yıxılır.
Manat AZN olur,
Xeyir yox, ziyan olur.
Əziz, sevimli vətən,
Niyə sən bu gündəsən?
Hanı sənin şadlığın?
Adicə azadlığın?
Hanı normal güzəran?
O xoşbəxt Azərbaycan?
Nəhəng neft, qaz sərvəti,
Milyardlar səltənəti.
Vətən alveri ilə,
Mədən alveri ilə
Bu korrupsiyalarla,
İnvestisiyalarla
Adı hallanan dövlət,
Tükdən sallanan dövlət!
Yad liderləri ilə,
Milyarderləri ilə
Yalançıları ilə,
Talançıları ilə
Dilənçilərilə
ancaq tanınan diyar,
bəxtin olsun sənə yar!
- SİYASƏT BİZLİK DEYİL
-Mən müəllim babayam,
Siyasət mənlik deyil.
Fənnimdən dərs deyirəm,
Bu, üzgörənlik deyil.
-Siyasətə çəkməyin,
Soruşmayın mən kiməm?
Sağlığın keşiyində
Duran adi həkiməm.
-Nə siyasət? İşimdə
Mən bir qara fəhləyəm.
Bir şair-jurnalistəm,
Sadə qələm əhliyəm.
-Siyasət aləmində
Karam, koram, lalam mən.
Noxtamdan yapışana
Eşşəktək hambalam mən.
-Milləti süründürən
Bürokrat məmuram mən.
Siyasətlə işim yox,
Rüşvətlə məşhuram mən.
-Torpaq ilə əlləşən
Kəndliyəm, fermerəm mən.
Öz sevdiyim peşəni
Dədəmə vermərəm mən.
-Sizə də məsləhətim
Demə ki, sizlik deyil.
Daim saxta keçirilən
Seçkilər bizlik deyil.
-Onsuz eyni sülalə
Tutub hakimiyyəti,
Oyuncaqtək oynadır
Bu zavallı milləti.
-Bütün müxalifətə,
Xalqa tələ qururlar.
Düşünən beyinləri
Birbəbir susdururlar.
-Siyasət şeytan işi,
Siyasətdən qorxuram.
Bu oyuna girməmiş,
Mən oyundan çıxıram.
-Özgə rollar oynayan
Aktyoram, artistəm.
Siyasətçi deyiləm,
-Dindaram!
-Ateistəm!
-Əqidəli şəxsləri
Şərləyib incidirlər.
Yaxın adamlarını
İşdən məhrum edirlər
-Soruşmayın ədalət
Zəfər çalmır, kiməm mən?
Siyasi sifarişə
F… hakiməm mən.
-Hakimiyyət mənbəyi
Guya xalqdır deyirlər.
Qanunu saqqız kimi
Ağızda çeynəyirlər.
***
O deyir: mənə nə dəxli?
Bu deyir: mənə nə dəxli?
Onun, bunun sözləri
Ana vətənə nə dəxli?
Siyasət mənlik deyil,
Siyasət sənlik deyil.
Demək, o, bizlik deyil,
Demək, o, sizlik deyil.
Beləcə siyasətə
Həmişə kəm baxmışıq.
Tale ixtiyarına
Vətəni buraxmışıq.
Mühüm bir zərurəti
Nəzərdən qaçırmışıq.
Milli bəxti, qisməti
Yadlara tapşırmışıq.
III.BU HÜNDÜR, DAŞ HASARLAR
Hansı gerizəkalı,
Düşünüb iddialı,
Olsun mozaikalı,
Həm aqlaylı barılar?
Bu hündür, daş hasarlar.
İdeyatək sürülüb,
Məsləhətmi görülüb?
Səliqəylə hörülüb,
Bütün yoldan kənarlar,
Bu hündür, daş hasarlar. .
Bu terminə, ada bax,
Dayağa, imdada bax!
Hələ istinada bax!
“Yuyulur” günahkarlar,
Bu hündür, daş hasarlar.
“Çölü bəzək, içi təzək”
Köhnə məsəldəki tək.
Bunamı sevinəcək?
Görəsən, bəxtiyarlar?
Bu hündür, daş hasarlar.
Gözəl ilə eybəcər
Arasında bu çəpər.
Yamaq kimi görünər,
Gizlənməz aşkarlar!
Bu hündür, daş hasarlar.
Hamı Haqqın qulları,
Fərqli həyat yolları.
Görəndə yoxsulları,
Ağrımazmı kübarlar?
Bu hündür, daş hasarlar.
Bir rədd, bir xətt tanımaz,
Keçilməz sədd tanımaz.
Uçar, sərhəd tanımaz,
Xəyallar qatar-qatar..
Bu hündür, daş hasarlar…
Hafiz RÜSTƏM
Barlı qəsəbəsi,
26 – 28 avqust 2017
-
Han Ayvaz Adıgüzel: Cumadan arta kalan-4
-
Sağlık Bakanlığı: ‘Gemiden tahliye edilen 3 vatandaşın hantavirüs testi negatif’
-
İran’dan Avrupa’ya Hürmüz uyarısı: ‘Savaş gemisi göndermeyin’
-
Akbelen direnişinin simge ismi Esra Işık tahliye edildi
-
Amerika basını: ABD siyasetinde yeni normal, iktidarın hızla değişmesi
-
Prof. Dr. Barış Doster: İsrail’in ABD üzerindeki etkisi ve ABD’nin açmazları…
