Bu Millet Nice Millettir?

-Edebiyat - 31 Ekim 2017 08:34 A A

Hafiz Rüstem

hafiz.1951@mail.ru

Bənzəmərik dünyada hər millətə,
Biz dözərik ölkədə hər zillətə.
Nuru boğub yol açarıq zilmətə,
Mindiyimiz kor yabıdan düşmərik,
Yadlara qul, doğmalara düşmənik.
M.Ə.Sabir

 

Nə İran, nə Rusiyada,
Öz torpağında, burada
Bu millət necə millətdir?
Bilmirəm ki, nə illətdir?
Rus ilə rusca danışır,
Fars ilə farsca danışır.
Öz dilini əskik sayır,
İngiliscə qırıldayır.
Xarici dil nə “dadlıymış”!
Desinlər istedadlıymış!
Guya ki, göydən enmədir,
Bəlkə qılıncdan dönmədir?
Zəmanəylə ayaqlaşır,
Qoçaq görür, qoçaqlaşır.
Köhnə həmşəriyə çəkir,
Sonra bəşəriyə çəkir.
Hara getsə, bazar gəzir,
Bəzən mərdimazar gəzir,
Azar gəzir, bezar gəzir.
Olur da quldur, hərami,
İtirir halal-haramı.
Hər çətinliyə uğraşır,
Hər bir şərtə uyğunlaşır.
Lazımsa, bərəmum olur,
Dönür buqələmun olur.
***
Hər xalqa qismət olmayan,
Asan şan-şöhrət olmayan
Dili – rəsmi dövlət dili,
Həyat dili, hikmət dili.
Dili – Dədə Qorqud dili,
Hava, su, torpaq, od dili.
Asiyanın hünər dili,
Fateh dili, hun ər dili.
İndi zaman qəlizləşib,
Bu xalq niyə cılızlaşıb?
Türk dilini armı bilir?
Heç dünyada varmı bilir
Bu dil qədər səyriyən dil?
Beynəlxalq dillərlə tən dil-
Bu “atbaşı yürüyən” dil?
Bu, “Divanü türk” dilidir,
Bu, Tanrının dərk dilidir,
Dünyanın böyük dilidir,
Yerli, qədim, kök dilidir.
***
Bunlar üçün nə fərqi var?
Təki sərvət qazansınlar.
Vəzifəliyə ov gedir,
Pullu üçün sinov gedir.
Öz qövmünə rəğbəti yox,
Dövlətinə hörməti yox.
Qədim Odlar diyarında,
Tutaq, bir yol kənarında
Rus görür, rusofil olur,
Fars görür, farsofil olur.
İndi başqa tələbdədir,
İngilis dili dəbdədir.
Öz dillərin unudurlar,
Özgə dilə üz tuturlar.
Öz dilinə yabançılıq,
Bu yaltaqlıq, yalançılıq
Bu xalqa sirayət edib,
Köləliyə adət edib.
Ki, tərk-i adət mərəzəst,
Misal-i mən biqərəzəst.
Bu xalq nə vaxt sağalacaq?
Yenə Şərqdən doğulacaq.
Yoxsa uçub-dağılacaq?
Axırımız nə olacaq?

1.“Divanu Luğati-t-Türk (ərəbcə: ديوان لغات الترك – Türk dilləri lüğəti) – türk dünyasının ilk ensiklopedik əsəri. XI əsrdə yaşamış böyük türk alimi Mahmud Qaşqarlı tərəfindən Bağdadda 1072 – 1074-cü illər arasında yazılan türkcə – ərəbcə lüğətdir. “Divanü türk” bu məşhur əsərin qısaldılmış adıdır.

2.Ki, tərk-i adət mərəzəst,
Misal-i mən biqərəzəst. – Adəti tərk etmək xəstəlikdir. Mənim misalım qərəzsizdir.

30 oktyabr 2017

AZƏRBAYCAN, AZƏRBAYCAN

Bu müqəddəs torpaq bizim,
Bu gerb bizim, bayraq bizim.
Bu məğrur himn ancaq bizim,
Bizə həsəd çəkir cahan,
Azərbaycan, Azərbaycan.

Nə əzizsən, ana vətən!
Dil açmışam sayəndə mən.
Öpüm qara gözlərindən,
Mən cisminəm, sən mənə can,
Azərbaycan, Azərbaycan.

Oğlun çoxdur, qızın çoxdur,
İqlim-iqlim ruzin çoxdur.
Şəhidin çox, qazin çoxdur,
Qanla suvarılmış Arran,
Azərbaycan, Azərbaycan.

Nə olsun, neftin, qazın var?
BMT-dən avazın var.
Nə qara alın yazın var!
Qarabağın işğal, viran!
Azərbaycan, Azərbaycan.

Azadlıqdan nə qazandın?
Öz içində özün yandın.
Ancaq çapılıb-talandın,
Vətəndaşın yoxsul, peşman,
Azərbaycan, Azərbaycan.

Gör, neylədi yadellilər?
Bu bir ovuc yad dillilər.
Maskalanmış bu “millilər”-
Bir-bir olsun sənə qurban,
Azərbaycan, Azərbaycan.

Nə saysızmış nankorların!
Ögeylərin, idbarların.
Bu dərdlərin, qubarların
Bitib-tükənər nə zaman?
Azərbaycan, Azərbaycan.

Bu qurduğun bir dövlətmi?
Başa bəla bir qismətmi?
Haqq istəmək cinayətmi?
Qiyamətin qopub, oyan!
Azərbaycan, Azərbaycan.

Arran – İslamdan əvvəlki dövrdə təqribən indiki Azərbaycan Respublikasının yerləşdiyi tarixi-coğrafi məkan.
30 oktyabr 2017

 

-Edebiyat - 08:34 A A
BENZER HABERLER