FİDAN (Hikâye)

-Edebiyat - 27 Nisan 2018 07:54 A A

Zaur Muradhanlı

Azerbaycan Hikâyeleri

FİDAN

Birinci Bölüm / Birinci Hisse

Siqaretin kötüyünü barmaqlarının arasında əzişdirib ağzına atdı, dişlərinin
arasında saqqız kimi çeynəyib acı suyunu, ardınca da tüstüdən saralıb çirklənmiş
pambığını tüpürdü, sonra alnını qırışdıraraq başını yuxarı qaldırıb göyə baxdı, amma
qırmızımtıl tonlu qaranlıqdan başqa bir şey görə bilmədi. Dərindən bir ah çəkdi və
başı tağından qopmuş balqabaq kimi yuvarlanıb sinəsinə düşdü. Dişlərinin arasından
fısıldayaraq asta bir səslə donquldanmağa başladı:
– Belə də iş olar? Bu nə havadı belə? Yarpaq qımıldamır, bürkü də bir tərəfdən,
hələ ağcaqanadları demirəm…
Evə getmək istəyirdi. Amma taqəti yox idi. Yorğun və halsızdı. Oturduğu
yerdəcə çöküb qalmış, söz keçirə bilmədiyi ayaqları bekarçılığın verdiyi yorğunluqdan
qum kisəsinə dönmüş, bədənini daşımaqdan aciz qalmışdı.
Əlləri ilə dizlərinə dəstək verib hıqqana-hıqqana sallağı oturduğu yerdən qalxdı,
biyara gedən kəndli kimi könülsüz bir-iki addim atıb divarı tapdı, amma ilk
addımındaca pilləkənə ilişib səndələdi. Şeytanın lənət payını göndərdikdən sonra
özünü topladı və qalan üç pilləni də çıxıb evə girdi. Yataq otağına getmək istəyirdi,
amma qəhvəxananı keçib açıq duran qapıdan keçmək istərkən yenə də ehtiyatsızlıq
etdi və bu dəfə də iki qapının arasındakı ensiz divarın sərtliyini alnı ilə yoxladı. Divar
möhkəm çıxmışdı: zərbənin təsirindən alt çənəsindəki dişlərinin yerindən oynadığını
düşündü. Əli ilə əvvəlcə alnını ovuşdurdu, sonra da ön dişlərinin yerində olub-
olmadığını yoxladi. “Bu gün lap keyliyim tutub”-deyə düşündü və başını bulayıb yataq
otağına girdi. Otağa girər-girməz burnuna vuran tünd qoxunun nə olduğunu
anlamağa çalışdı, digər tərəfdən də ehmalca irəliləyib əl havasına çarpayısını
taparaq yatağına uzandı.
Getdikcə şiddətlənib artan qoxu nəfəsini tıncıxdırır, əsəblərini yerindən
oynadırdı. Sanki bir nəfər başının üstündə durmuşdu və ara vermədən bu qoxunu
üstünə püskürdürdü. Canını qurtarmaq üçün çarpayının başındakı dəsmalı çəkib
burnunun üstünə atdı, amma faydasını görməyincə dönüb üzüstə uzanaraq başını
balıncın altına soxdu, lakin getdikcə artıb şiddətlənən iydən canını heç cür qurtara
bilmədi. Sonda dözə bilməyib bağırmağa başladı:
– Ana, ay ana, kim vurub bu qədər ətiri? Qoxudan başım çatladı axı…
O biri otaqdan incə, məlahətli və şəfqət dolu qadın səsi eşidildi:

– Nə ətir?
Səs getdikcə yaxınlaşdı və anası içəri daxil oldu.
– Bilmirəm, otaği ətirləyiblər, ya da kimsə burda ətirlə çimib.
– Hanı, qoxu gəlmir axı burdan?
– Necə gəlmir? Ay ana, mənim iydən basım çatlayir, sən deyirsən nə qoxu!
Qadın çarpayının kənarında əyləşib təravətini itirməmiş əlləri ilə onun başını
oxşamağa başladı, incə barmaqlarını gur saçlarının arasına keçirib uzanmış tüklərinə
doladı.
– Nə olub sənə? Niyə əsəbisən?
– Heç, ana, əsəbi deyiləm, havadandı, ya nədən, bilmirəm, bu gün yaman
əzginəm, elə bil ətimi döyüb yığıblar dərimin içinə… Bütün oynaqlarım da bir tərəfdən
sızıldayır. Gəldim səki günortanın istisində beş dəqiqə huşdanam, içəri girən kimi
burnuma vuran iy məni hövsələdən çıxardı.
Anası onun sümüyü çıxmış yanaqlarını, çənəsini barmaqları ilə oxşaya- oxşaya:
– İstəyirsən keç o biri otaqların birində yat, vacib deyil ki, burda yatasan,
ventilyatorun da üzünü üstünə tərəf qoymusan, xəstələnərsən, – dedi və qalxıb üzü
çarpayıya tərəf duran ventilyatoru yana çevirdi.
– Yox ana, burda yatmaq istəyirəm, sadəcə, bu nə qoxudu, bilmirəm, ya sənin
burnun tutulub, ya da mənim başım xarab olur, öz-özümə iy alıram.
Dikəlib oturaraq şalvarının cibindən siqaretini çıxarıb yandırdı, əyilib yerdən
külqabını tapıb dizinin üstünə qoyduqdan sonra, yana əyilib ehmalca anasının
çiynindən öpdü və asta səslə danışmağa başladı.
– Ana, sən doğrudan qoxu hiss eləmirsən?
Anası:
– Yox, başına dönüm, bilmirəm axı nə qoxsudu, həm bu gün atan tezdən evdən
çıxandı, hələ gəlməyib, evdə olsa da, bilirsən, onun ətirlə arası olmaz. Murad da bizə
gəlməyib ki, deyəm o vurub.
Külqabını anasına verib ayağa qalxdı, “Həyətə düşmək istəyirəm”-deyib,
otaqdan çıxdı. Anası onun ardınca səslənərək:
– Gözlə, mən də gəlim, Günaygilə gedək, – dedi
– Getmirəm, gedirsən, özün get!
– Yaxşı, onda həyətdə otur, tum gətirim çırtlayaq. Anası bunu deyərək
çarpayının ayaq tərəfindən dolanıb keçdi, otağın pəncərəsini açdı ki, havası
dəyişilsin.
– Off ana, heç nə istəmirəm!
– Yaxşı, mən neynim onda?
– Heç, ana, nə var ki, nə edəsən?
Qəhvəxananı keçib eyvana çıxdı, yoxlaya-yoxlaya şəpitlərini tapıb ayağına
keçirtdi, pillələri enib çeşmənin başına gəldi. Bir az dayanıb don-don ətrafını
dinlədikdən sonra əl-üzünü, boyun-boğazını yuyub ağzını-burnunu yaxaladı.
Hava nəinki sərinləməmişdi, hətta elə bil bir az da isinmişdi. Bu gün neçənci
dəfə idi ki, sərinləmək üçün çeşmənin altına girib yuyunur, amma bir faydasını görə
bilmirdi. Hər dəfə yuyunandan iki-üç dəqiqə sonra dərisi yenə də yapışqanlaşır, sanki
bir az rütubətin, bir az da çirkli havanın əsəri olan şəffaf yapışqan məxsusi olaraq onu
canından bezdirmək üçün bütün bədəninə yayılırdı. Əlini bir-birinə, ya da qoluna,
bədəninə toxundurduqca əti çimçəşir, öz-özünə deyinirdi:
– Axı, mən hara gedim bu zəhrimara qalmış havanın əlindən? Belə də iş olar?
Burdan yuyunursan, ordan elə həmən yapışqansan ki, yapışqansan…
Həyətdə bir az gəzişdikdən sonra bürküyə daha artıq dözə bilməyib agır
addımlarla qayıdıb evə girdi. Bu dəfə qonaq otağına gedəcəkdi, televizoru açıb
idman kanallarından birini tapmaq, son yenilikləri dinləmək istəyirdi, amma şeytan
hərləyib yenidən yataq otağına saldı. İçəri girər-girməz bayaqkı qoxu təkrar vurdu.
“Bəlkə pəncərəni açım otağın havası dəyişsin”, -deyə düşündü və gedib pəncərəni
tapdı, açıq idi. Öz-özünə fikirləşdi:
– Belə də iş olar? Pəncərə də açıqdı. Amma merata qalmış iy heç azalmayıb ki,
azalmayıb.
Qayıdıb uşaq otağına, anasının yanına girdi. Anası paltarasanın yanında,
döşəkcənin üstündə bardaş qurub əyləşmiş, Quran oxuyurdu. Oğlunun gəldiyini
görüb dayandı. Sol əlinin baş və işarət barmaqları ilə qulpundan tutduğu gözlüyünü
çıxarıb:
– Çay istəyirsən, gətirim?
– Yox ay ana, sağ ol, istəmirəm.
– Onda gəl otur, Quran oxuyum, qulaq as.
Anası hər gün azərbaycanca Qurandan bir neçə səhifə oxuyar, o da dinləyərdi.
İndi də əlində oxuduğu ərəbcə Quranı ehtiyatla yerinə qoydu. Bu Quran ona
atasından, atasına da öz atasından qalmışdı. Xəttat tərəfindən yazılmış Quran
olduqca gözəl tərtib edilmiş, dəri ilə cildlənmişdi. Qara rəngli cildinin üzərində basma
yazılarla ərəbcə bir şeylər yazılmışdı. Bilmirdi, bunlar ya Qurandan hansısa bir ayə,
yaxud da xəttatın adı və kitabın qələmə alındığı tarix də ola bilərdi. Amma indi
Quranın cildi görünmürdü, çünki anasi onu qəzet kağızından kəsdiyi əlavə üzlüyə
bükmüş, bu yolla da həm qiymətli cildini aşınmaqdan qorumaq, həm də Qurani-
kərimə ehtiramını göstərmək istəyirdi. Onun bu müqəddəs kitaba qarşı hər anı
hörmətlə, sevgiylə dolu idi. Bu sevgi o qədər yüksək səviyədə idi ki, hansısa bir
səbəbdən kitabın yerini dəyişmək üçün götürsə belə, dodaqlarına yaxinlaşdıraraq
öpmədən yerinə qoymaz, ayrıca dəstəmazsız olduğu anlarda dünya dağıla ona
toxunmazdı.
Azərbaycanca Quranı götürdü, qaldıqları yeri tapıb oxumağa başladı.
Anası əllisinə nərdivan dayamış, bəstəboy, incə bir qadin idi. Gözləri
zəiflədiyindən son vaxtlar gözlük taxardı, amma iri qəhvəyi gözləri gəncliyindəki kimi
gözəl və çəkici idi. Saçlari əvvəlki kimi topuğuna düşməsə də, əndamına gözəllik
qatacaq uzunluqda idi.
Küçəyə çıxarkən daim başında olan örpəyi evdə Quran oxuyanda da örtərdi.
İndi də həmişəki kimi bardaş qurub əyləşmiş, əlindəki Quranı ehtiramla tutaraq
oxuyurdu.
Bir az dinlədikdən sonra səbri çatmadı, sakitcə yerindən qalxıb qonaq otağına
getdi. Televizoru açıb idman kanallarına çevirdi. Amma maraqlı bir şey tapa bilmədi.
Əslində maraqlı xəbərlər var idi, sadəcə olaraq heç biri onun diqqətini çəkmirdi, çünki
televizoru açarkən də, kanalları bir-bir çevirib yoxlayarkən də cismən qonaq otağında
olmağına baxmayaraq xəyalı çoxdan uzaqlara uçub getmişdi; bayaqdan bəri yataq
otağına girdikcə burnuna vuran qoxunun səbəbini araşdırmaqda idi.
Bu qoxunun səbəbi nə ola bilərdi? Ya da onun iyindən boğulacaq kimi olduğu,
amma anasının qətiyyən hiss etmədiyi bu qoxunun səbəbi nə idi? Bütün varlığı ilə bu
suala cavab axtarır, tapa bilmirdi…
Məchul bir şey qədər insanın beynini qurcalayan, zehnini məşğul edən ikinci bir
şey varmı bu dünyada? Balaca uşaqdan ahıl insanadək hamı yaradılışdan genlərinə
işləmiş təbii bir instinktlə bilinməyəni araşdırmağa, pərdənin qarşısında deyil, məhz
arxasında nə olduğunu öyrənməyə can atır. İndi onun da durumu belə idi, burnuna
vuran iydən çox bu iyin hardan və yaxud nədən, ya da hansı səbəbdən
qaynaqlanması ilə maraqlanır, cavab tapa bilmədiyi suallar onsuz da zəif əsəblərini
yerindən oynadaraq özündən çıxmasına səbəb olurdu…
Oturduğu yerdə sakit dura bilmirdi, hər zaman əsəbiləşəndə, ya da
həyəcanlananda olduğu kimi, yenə də elə bil ürəyi sıxılır, havası çatmırdı. Ayağa
qalxıb otaqdan çıxdı, həyətə düşmək istəyirdi ki, anası çağırdı.
– Nolub axı sənə? Nə girib-çıxırsan?
– Nə bilim, ay ana, bu gün nəsə sıxılıram, elə bil qırx arşın quyunun dibinə
düşmüşəm, ürəyim çırpınır, nəfəsim çatmır, boğuluram.
– Bəlkə xəstələnmisən?
Bunu deyib yaxınlaşdı və əlinin arxasını oğlunun alnına söykədi.
– Yox, ay ana, niyə xəstələnim ki?
– Ağzını aç baxım, boğazın gəlməyib ki?
Anasi dedisə baxmadan əl çəkməyəcəyini bildiyindən sakitcə ağzını açdı.
– Əməlli aç, dilini də yatırt! Elə bil uşaqsan!
Anası bunu deyərək şəhadət barmaği ilə dilinin üstündən basıb yatırtdı.
– Baho, boğazın nə gündədi? İki tərəfli şişib hədəqədən çıxıb, qoy soda gətirim
silim.
– Yox, lazim deyil.
– Ürək döyüntüsünün də, boğulmanın da səbəbi artıq ətinin şişməsidir, gəl silim,
az keçməz, düzələrsən.
– Başa düşürsən ana, mənim nəfəs darlığım qırtlaqdan deyil, elə bil sinəmin
üstündə ağırlıq var. Nəfəsi də o tıncıxdırır, ürəyimi də o sıxır.
– Ay bala , başına dönüm, bəs mən necə eliyim? Sən de, mən də eliyim.
– Sən narahat olma, yəqin bir azdan keçib gedər.
Bunu deyib qonaq otağına qayıtdı, kresloda büzüşüb oturdu.
Əyləşdiyi yerdəcə sağ tərəfinə dirsəklənib ayaqlarını altına yığdı, gözlərini
yumub düşünməyə başladı…
Qərarsızdı, nə edəcəyini bilmirdi, ani bir həkətlə ayağa qalxıb həyətə doğru
addımladı, lakin evin qapısından dönüb qayıtdı, “Bəlkə, daha iy çəkilib?” -deyə
düşünmüş olacaqdı ki, bu düşüncəsinin doğru olub-olmadığını yoxlamaq üçün yataq
otağına girdi.
Astanadan bir addım atıb içəri keçdi və elə oradaca dayandı, nə irəli getməsinə,
nə də otağın havasını qoxlamasına ehtiyac yox idi, çünki elə bayaqdan açıq duran
qapıdan içəri ayağını qoyar-qoymaz həmən qoxu burnuna dolmuş, naşatır spirti kimi
beyninə, əsəblərinə işləmişdi…

Qayıdıb qonaq otağına keçdi, özünü üzüqoylu divanın üstünə atdi. Nəsə
olmuşdu, ya da olacaqdı, bunu intiusiyası ilə hiss edir və qorxurdu. O, həyatı boyu
“Hər şeyin pisini fikirləş, yaxşısı onsuz da sənindir” prinsipi ilə yaşamışdı. İndi də elə
həmən prinsiplə düşünürdü ki, bu da onu daha çox qorxudurdu. Bu müəmmanın
əvvəl-axır ortalığa çıxacağını, ətir qoxusunun hardan gəldiyinin aydınlaşacağını bilirdi
qəlbində, ancaq onu qorxudan məsələnin digər tərəfi idi. Qapı və pəncərənin açıq
olmasına rəğmən heç cür azalmayan bu qoxunun xoş olmayan hansısa bir hadisənin
xəbərçisi ola biləcəyindən qorxurdu və elə içində yaşadığı narahatçılığın da əsas
səbəbi bu idi…
Qalxıb oturdu, dirsəklərini dizlərinə söykəyib başını əllərinin arasına aldı, heç nə
düşünmək istəmir, bütün xoş olmayan fikirləri beynindən qovmağa çalışırdı, ancaq
boşuna…
Bu lənətə gəlmiş qoxu nəyin xəbərçisi ola bilərdi? Qoruma instinkti ilə öncə
ailəsini, yaxınlarını düşündü, onların hansınınsa başı üzərində qara buludlar
dolaşdığını fikirləşdikcə dəhşətə gəlir, dəli kimi olurdu. Amma kimin və hansı təhlükə
qarşısında ola biləcəyini tapa bilmir, öz-özünə “Yox, bunun ailəmizlə nə əlaqəsi?”
-deyə düşünürdü.
Bəs bu qoxunun səbəbi nə ola bilərdi axı? Düşünməkdən və gözləməkdən
başqa çarəsi yox idi. Bu çarəsizliyi ona əzab verir, əli-qolu bağlı oturub gözləmək
qüruruna toxunurdu.
Günlər bir-birini əvəzləyir, suallarına cavab tapa bilmirdi. Düşünməkdən başı
çatlayacaq kimi olur, bəzən əllərinin arasına aldığı başını partladacaqmış kimi sıxır,
gah da saçlarından tutub hərdən bir tərəfə elə çəkirdi ki, görən olsa, deyərdi bəlkə
özünü sürükləyib harasa aparmaq istəyir.
Qoxu barəsində anasına inanmamış, öncə qardaşını, daha sonra atasını yataq
otağına çağırmışdı. Ancaq onlar da bir şey hiss eləməmişdilər. Arada bağrı
çatlayacaq kimi olur, ona elə gəlirdi ki, başına hava gəlir, ya dəli olub, ya da olacaq.
Necə ola bilərdi axı, onun hiss elədiyi, hətta iyindən boğulacaq kimi olduğu qoxunu
başqa heç kim hiss eləməsin? Həm də bu qoxunun evdə yalnız bir otaqdan gəlməsi
də təsadüf ola bilməzdi. O əslində yaddaşının dərinliklərində bu iyi tanıyr, amma heç
cür anşıra bilmirdi. Ən kiçik bir ipucu və ya bu iyi xatırladan bir xatirə qırıntısı tapa
bilsəydi, gerisi corab söküyü kimi gələcəkdi. Amma iş də elə ipin itmiş ucunun
tapılmasında deyildimi? Bəzən böyük kəşflər kiçicik təsadüflərə bağlı olur. Hər gün
minlərcə insan bu təsadüfləri yaşasa da, onlar gün üzünə çıxarılmadığı üçün min illər

boyu gözləyirlər. Olsun Arximedin evrikası, ya Nyutondan qabaq neçə-neçə
insanların başına nə almalar düşmüşdü… Amma cazibə qüvvəsi kəşf olunmaq üçün
məhz onu gözləmiş, əsrlər boyu onun yoluna baxıb durmuşdu və ya Albert
Eynşteynin “Necə olub indiyə qədər kəşf etmək kimsənin ağlına gəlməyib”-deyə
təəccübləndiyi dünya tarixini dəyişdirən kəşfi – nisbilik nəzəriyyəsi…
İndi də Ceyhunun bu iyin səbəbini tapması az qala öz kiçik miqyasında o kəşflər
qədər əhəmiyyətli hadisə olacaqdı.
Sonda ağlına parlaq bir fikir gəldi. Beynini burğu kimi dəlib duran suallara
məntiq yönündən yaxınlaşmağı, məsələni ümumiləşdirmədən xüsusiləşdirməyə
getmə yolu ilə çözməyi qərara aldı. Öncə iyin mənbəyini tapacaq, məhz hansı
şüşədən yayıldiığını dəqiqləşdirəcəkdi.
Əlinin içi ilə alnına vurub:
– “Necə olub ki, neçə gündü bu mənim ağlıma gəlmir”, -deyə öz-özünə
donquldandı. Tələsik oturduğu yerdən qalxıb yataq otağına keçdi, bədənnüma
güzgünün önündəki ətirləri bir-bir götürüb iyləməyə başladı və sonunda axtardığını
tapdı: bu iy əlindəki içi boş ətir şüşəsindən gəlirmiş. Şüşəni də tanımışdı. Boğazına
qırmızı lent bağlanmış balaca dördkünc kişi ətri… Burnuna yaxınlasdırıb təkrar-təkrar
qoxladı. Həmin qoxu idi. “Allahım, necə ola bilər?” -deyə düşündü. Gözlərini yumub
şüşəni qəlbinin üstünə sıxdı.
Bu ətir şüşəsini sevgilisi bağışlamışdı ona. Həm də ad günündə….Bağrından bir
inilti qopdu: “Aman Tanrım, olmaya Lamiyəmin başında bir iş var?”
Boş şüşəni dodaqlarına götürüb öpdü, öpdü…, sanki şüşənin soyuq səthini deyil
də, sevgilisinin qor dodaqlarını öpürdü. Ehtirasla, sevgiylə, insan adlı məxluqun əks
cinsə qarşı duya biləcəyi ən ülvi, ən uca hisslərlə öpürdü şüşəni. Sonunda dayandı,
ovuclarında tutduğu boş şüşəni yanaqlarına sürtdü, sonra təkrar qəlbinin üstünə
sıxıb:
– “Allahım, onun başında bir iş var”, -deyə içindən keçirtdi. Gözləri bahar buludu
kimi dolmuşdu, boğazında düyünlənmiş qəhər qırtlağını yandırıb yaxırdı. Səyriyən
dodaqları bir şeylər pıçıldamağa çalışır, amma nə dəyəcəyini bilmirdi…
Gözlərinin önündən xatirələr film şəriti kimi axıb keçirdi. Lamiyəni ilk gördüyü
an yaddaşının dərinliklərində canlandı.
İllər öncə idi, bir payız günü, oktyabr ayının sonları idi. Yaydan qalma bir gün
vardı. Günəş öz qızmar nəfəsi ilə qış yuxusuna hazırlaşan təbiəti oxşayıb
xumarlandırır, saralmaqda olan yarpaqlar tökülməyə tələsmədən budaqlarında
tənbəl-tənbəl yellənirdilər.
Mərkəzi hərbi poliklinikaya müayinədən keçməyə getmişdilər. Terapevtdən
aldıqları blank əsasında bir-bir şöbələrə girib müayinə olunurdular. Növbə
laboratoriyanın idi. Qapını döyüb içəri girdi. Qan analizi vermək üçün müvafiq
masaya yaxınlaşdı, qırmızı üzlüklü dəmir stulda əyləşdi, sol əlini qan alması üçün
tibb bacısına uzatdı, sağ əlindəki blankı masanın üstünə qoymaq istəyirdi ki, göz-
gözə gəldilər. Tibb bacısının iri ala gözləri o qədər şəffaf, o qədər dərin idi ki, bir an
bu dərinlikdə boğulacağını düşündü. Gözlərini gözlərindən çəkə bilmir, uzun
kirpiklərinin arxasında həbs olunub qalmaq istəyirdi.
İçində nə isə isti bir şeyin axdığını hiss elədi. Oturduğu yerdəcə quruyub qalmış,
sanki əfsunlanmışdı. Tibb bacısının ipək saçları, iri badamı gözləri, balaca burnu,
incə dodaqları, yumru sifətini tamamlayan zərif çənəsi, qardan daha ağ və buzdan
yonulmuş kimi şax xələti, incə əlləri, uzun barmaqları onu özünə valeh eləmişdi. Ona
elə gəlirdi ki, həyatında daha öncə bu qədər cazibədar qız görməmişdi. Dili-dodağı
qurudu, buraya niyə gəldiyini unutdu.
Tibb bacısı uzanılı qalmış əlinin barmaqlarından tutub özünə çəkdi, son
buğumunun dibindən sıxıb iynə ilə ucunu deşdi. Çıxan bir-iki damla qanı çəkib şüşə
borucuğun içinə doldurduqdan sonra bayaq deşdiyi yeri spirtli pambıqla silib, adını,
soyadını jurnala qeyd etdi və:
– Günortadan sonra cavabı götürərsiz -dedi.
O hələ də oturduğu yerdəcə donub qalmış, nə edəcəyini bilmirdi. Qalxıb
getsinmi, gözləsinmi? Qərar verə bilmir, yarıaçiq dodaqları və heyranlıqdan
çıxacaqmış kimi bərəlmiş gözləri ilə gözəllik ilahəsinə tamaşa edirdi.
Artıq aşiqdi, sevirdi, sanki tibb bacısının əlindəki iynə barmaqlarını deyil, qəlbini
deşmiş, bütün qanını axıdaraq, yerinə eşq şərbəti doldurmuşdu.
Tibb bacısının soyuq səsi onu özünə gətirdi:
– Xahiş edirəm, bir az tələsin, növbədə başqaları var.
Qalxıb otaqdan çıxarkən gözləri eşqdən kor olmuş, beyni həyəcanına yenilmiş,
əzalarına söz keçirəməz olmuşdu. Öncə qapıda rastlaşdığı digər tibb bacısına
toxunub qovluqda gətirdiyi sənədləri dağıtdı, daha sonra astanaya ilişib səndələdi,
nəhayət otaqdan çıxmağa müvəffəq oldu. Başqa şöbəyə keçmədən birbaşa həyətə
çıxdı, cib yaylığını çıxarıb tərini quruladı. “Nə gözəl qızdı!”, -deyə düşündü. Cib
yaylığını qatlayıb cibinə qoyurdu ki, blankı laboratoriyada unutduğu yadına düşdü.

“Off, Allahım, mən lap çulitirənin biriyəm ki”,-deyə düşündü. Bir tərəfdən də bu
unutqanlığına sevinirdi. Çünki laboratoriyaya qayıdıb onunla kəlmə kəsmək, aşiq
olduğu gözəl camalına tamaşa eləmək fürsəti doğmuşdu. Geri qayıdıb qapını döydü,
içəri girib:
– Bağışlayın, xanım, mən blankımı burda unutmuşam, -deyəcəkdi, amma yenə
göz-gözə gəldilər, kəkələdi, dili nə istədiyini deyə bilmədi. Tibb bacısı gülümsədi:
– Blankınızı axtarırsınız?
– Bəli.
İki addım atıb tibb bacısının ona doğru uzatdığı blankı aldı, mızıldanaraq
təşəkkür etmək istədi, bacarmayacağını görüb tələsik otaqdan çıxdı.
Bilmirdi ki, öz düşdüyü vəziyyətə ağlasın, ya gülsün. Dəhlizlərdə gəzişərkən və
ya digər kabinetlərin önündə sırasını gözləyərkən barmaqları ilə blankı oynadır,
hərdən də dodaqaltı deyinirdi:
– Mən nə qədər də utancaqmışam, heç özümün xəbərim yoxmuş. Bu nədi?
Ayıb olsun sənə Ceyhun, bir qızın gözəlliyi qarşısında dizlərin titrəyir, dodaqlarından
bir busə ehsan eləsə, yəqin qəlbin dayanar…

Devam edecek… Ardı var… 

(52/orta)
-Edebiyat - 07:54 A A
BENZER HABERLER