KİMDİR GÜNAHKAR?!

Genel - 8 Ocak 2018 11:06 A A

Aslan İsmayılov

“Nə etməli” sualından əvvəl, zənnimcə, hamımız “günahkar kimdir” sualına cavab axtarmalıyıq. Əminəm ki, 99% insanlarımız dərhal hakimiyyət rəsmilərinə tuşlayacaqlar. Əsla! Demək olar ki, bütün günahlar bizdə, yəni xalqdadır. Ona görə ki, hakimiyyətdəkilər də Azərbaycana BAŞQA PLANETDƏN gəlməyib, bizim içimizdən çıxıblar. Sual edəcəksiniz ki, bəs onda nə üçün hər gün hakimiyyət rəsmilərini tənqid edirsən? Ona görə ki, hakimiyyətdə olanlar vəziyyəti, yəni xalqın düşdüyü ağır durumdan çıxmasını daha tez və effektiv yaxşıya doğru dəyişə bilər. Bunu qonşu Gürcüstanda Mixail Saakaşvili və komandasının timsalında əyani gördük və sübuta ehtiyac yoxdur. Heç kim deməsin ki, gürcülər bütövlükdə bir xalq olaraq bizdən qürurlu və ağıllıdırlar. Əsla yox, həyatının 15 ilini Gürcüstanda yaşamış, gürcü xalqını yaxşı tanıyan birisi kimi bunu deyirəm və istənilən mübahisədə təsdiq edə bilərəm. Biz xalq olaraq əsrlər boyu qonşulardan qat-qat ağır basqılara məruz qalmağımıza, bölünməyimizə baxmayaraq bütün sahələrdə (oğurluqdan başqa) onlardan güclüyük. Əksəriyyət azərbaycanlılar Vətəndən xaricə çıxan kimi uğurlu və bacarıqlı insana çevrilir. Yazının həcminə görə konkretliyə girmirəm. Keçmiş SSRİ dövrü qanuni oğruların siyahısı var idi. SSRİ-də yaşayan yüzlərlə millətlər arasında siyahının az qala yarısından çoxunu gürcülər, yaxud Gürcüstanda anadan olmuş müxtəlif xalqlar təşkil edirdi. Buna baxmayaraq hakimiyyətə gələn, məramı xalqına qulluq etmək olan M.Saakaşvili və komandası, arzusu oğru olmaq olan gürcü xalqı ilə həqiqi hüquqi Dövlət qurdu. İllərdir yeni hakimiyyət Saakaşvili komandasının formalaşdırdığı xalqı dəyişmək istəsə də hələ ki, heç nə alınmır, onlar artıq Avropanın bir hissəsidirlər. İllərdir gördüyüm odur ki, bizim hakimiyyət ya bunu istəmir, ya da bacarmır. Deməli çıxış yolu ancaq xalqın özündədir. Çıxış yolunu tapmaq üçün isə boşuna özümüzü tərifləmək yox, nöqsanlarımızı bilməli, sadalamalı və onların aradan qaldırılması uğrunda çalışmalıyıq.

Yenə “Aslan İsmayılov ulduz xəstəliyinə tutulub, hamıya ağıl verir” deməklə kifayətlənməyin, ən azından dediklərim haqqında düşünün, ola bilər ki, səhv edirəm. Ancaq bunu qaraguruhçuluqla yox, arqumentlərlə göstərin. Əminəm ki, bu nöqsanları çoxlarından fərqli olaraq daha qabarıq görməyim tək mənim yaşım, keçdiyim çətin, mürəkkəb həyat yolu ilə bağlı deyil. Bu, əsasən onunla bağlıdır ki, Azərbaycanda demək olar ki, yaşamamışam. Körpə ikən Gürcüstana getmişəm, 17 yaşından isə Rusiyada yaşamışam. Azərbaycana artıq 31 yaşımda Rusiyada fəhləlik, tələbəlik, hakimlik və məhkəmə sədrliyi təcrübəsindən sonra dönmüşəm. Bakıda yaşadığım 28 il ərzində heç cür buradakı mühitə alışa bilmədim, həmişə özümü sanki yad kimi hiss etdim. Xarakterimin formalaşmasında Rusiyadakı mühitin rolu həlledici olub. Əsasən də Krasnodar Kompressor zavodunda tornaçılıq etdiyim 3 il xarakterimdəki sərtliyi formalaşdırıb. Bircə epizodu Sizinlə bölüşüm. 1976–cı ilin yaz ayları səhər işə gələndə gördüm ki, işçilər yığışıb nəyi isə çox emosional formada müzakirə edirlər. Dinlədikcə anladım ki, SSRİ-nin müdafiə naziri Andrey Qreçko rəhmətə gedib və onun yerinə SSRİ kommunist partiyasının siyasi bürosunun üzvü Fyodor Ustinov təyin edilib. Fəhlələr də narazılıq edirlər ki, nə üçün müharibə keçmiş marşal Yakubovski dura-dura partiya funksioneri müdafiə naziri təyin edilib. Bir az sonra sex rəisi gəldi və fəhlələrdən işə başlamağı tələb etdi. Mənə tornaçılıq sənəti öyrətmiş, yəni müəllimim olmuş Kovalenko Mixayil Petroviç az qala sex rəisini döyəcəkdi. O, məcbur olub sexdən çıxdı. Beləcə günortaya qədər fəhlələr SSRİ rəhbərliyinin qərarına etiraz etdilər. Buna görə də sonralar kimsə təqib olunmadı. İşlədiyim 3 il ərzində bu tip epizodlar çox olmuşdu. İnsanlar qorxmadan öz fikirlərini bildirirdilər. Hakim, məhkəmə sədri işlədiyim müddətdə də rəhbərlikdə təmsil olunan şəxslərin qərarına etirazımı daim açıq bildirmişdim. Buna görə heç kim məni qınamamışdı. Əksinə, bu addımlarıma görə hörmət edirdilər. Azərbaycana gəldiyim ilk günlərdən isə tam başqa mühit gördüm. Respublika Prokurorluğunda keçirilən iclaslarda adi tənqidi çıxışımdan sonra işçilərin az qala yarısı mənə salam vermədi, sanki bir pis iş görmüşdüm. Mənə hörmət edənlər isə bunun yolverilməz olduğunu dedilər. Yəni rəhbərlik haqqında ancaq tərif demək lazımdır.

İndi isə keçim konkret mətləbə. Günahımız nədədir və hansı pis xüsusiyyətlərdən əl çəkməliyik. Ola bilsin bu mövzuda daha geniş, ətraflı, tutarlı yazılar var. Ancaq dərindən bilmədiyimdən öz gördüklərimi yazacağam. Normalda isə bu mövzuda sosioloqlar, psixoloqlar, siyasilər araşdırma aparıb kitablar yazmalıdırlar. Çalışıb bir yazıda qısa fikirlərimi Sizə çatdıracam. Daha əyani olsun deyə çox hallarda özümün bilavasitə rastlaşdığım halları nümunə gətirəcəm.

QORXAQLIQ. Böyük rus mütəfəkkiri Mixail Afanasieviç Bulqakov deyib: “qüsurların ən pisi qorxaqlıqdır”. Bəli, heç kim məndən inciməsin, biz çox qorxaqıq. Koroğlu, Babək nəvələriyik deməklə faktdan yaxa qurtara bilmərik. Biz əziləndə də haqqımızı tələb etməkdən qorxuruq, özü də tankdan, topdan yox, məmurdan, məmurlar isə özlərindən vəzifəcə böyüklərdən qorxurlar. Etiraz edənlərdən xahiş edirəm, bir imkan edib TV-lərdə vətəndaşların məmurlar qarşısında dayanmasına və böyük çinli məmura iki əyilib hesabat verən kiçik məmurlara baxsınlar. Heç cür anlamaq istəmirik ki, məmur bizim ağamız deyil, bizim hesabımıza maaş alan, dolanandır. Biz yer kürəsində bəlkə yeganə millətik ki, haqqımız insafsızcasına pozulanda məmura sərt etiraz bildirmək əvəzinə canımıza qəsd edirik. Mən hələ qorxaqlıqdan balalarından, doğmalarından imtina edib hakimiyyətə tərif yağdıranları demirəm. Elə bu günlərdə paylaşdığım videoda onlarla mənzilə girişin çox hissəsinin bağlanıb obyekt tikildiyini göstərmişdim. Çəkiliş zamanı hamı narazılıq etdi, ancaq heç kim qorxusundan kameraya danışmaq istəmədi… Qorxaqlığımızı etiraf etməyib, buna min cür don geyindirməkdə isə ustayıq. Bu halı demək olar ki, dəfələrlə öz həyatımda görmüşəm. Hər dəfə hakimiyyətlə münasibətlərim kəskinləşəndə ətrafımdakıların qeybə çəkildiyini dəfələrlə gördüm. Prezidentlə görüşəndən sonra məni məclislərinin başında oturdanlar az sonra heç salam da vermədilər. “Sən bizim elin qürurusan” deyən birisini oğlumun toyuna dəvət edəndə “vaxtım olarsa gələrəm” dedi. Özü də bu halı tək vəzifəli, pullulardan deyil, özünə ziyalı deyənlərdən də gördüm.

BİGANƏLİK. Bircə “Dəvə gördünmü, heç izini də görmədim” atalar sözü nəyə deyərsən dəyər. Yəni, yanında adam öldürsünlər özünü görməməzliyə, bilməməzliyə vur. Rusiyadan evimi 5 nömrəli xəstəxananın yaxınlığına dəyişmişdim. Daha prestijli mənzillər təklif olunsa da seçimimin səbəbi yaşıllıq olmuşdu. 90-cı illərin ikinci yarısı ətrafda yerləşən yaşıllıqları qırmağa başladılar. Nə qədər desəm də səsimə səs verən olmadı. Növbə həyətimizə çatdı. Naxçıvan xanı Vasif Talıbov həyətimizdə uşaqların oynadığı meydançada tikintiyə başlamaq istədi. Hər yerdə olduğu kimi əvvəl həmin ərazini hasarlamağa başladılar. Müqavimət göstərmək istədim. İcra Başçısı, Bələdiyyə sərdindən tutmuş hamı ilə az qala əlbəyaxa oldum. Onlar hasarladılar, mən sökdüm. Bu proses bir neçə ay çəkdi. Hər dəfə qonşulara irad bildirirdim ki, hasarlamağa başlayanda qoymayın. Hamı isə özünü görməməzliyə vurdu. Yeganə Səlminaz bacı hər dəfə hasarlamağa başlayanda zəng edirdi ki, “təcili gəl yenə başladılar”. Həmin həyətdə ən azından min nəfər ailə başçısından tək Səlminaz bacı yanımda oldu. Az qala belə davam etsə xəstəlik tapacağam deyə həmin həyətdən köçdüm. Az sonra həmin ərazidi “Divan” otel tikildi. Bax beləcə hər yerdə. Çoxmərtəbəli binaların pəncərələrinin beş metrliyində heç bir sənədsiz binalar ucaltdılar, uşaqlar üçün nəzərdə tutulan meydançaları, uşaqları oxuduqları məktəblərin futbol meydançalarını da tikinti obyektlərinə çevirdilər, səslərini çıxaran olmadı. Torpaqlarımız uğrunda şikəst olmuş Qarabağ qaziləri haqsızlıqdan özlərini yandırdılar, arayış ala bilmədiklərindən özlərini mərtəbələrdən atdılar, biz isə özümüzü görməməzliyə vurduq. “Əşşi, nəyinə lazımdır”, “bu mənlik deyil”, “onsuz da məndən heç nə asılı deyil” və bu kimi ifadələr isə biganələr ordusunun şüarına çevrilib və milləti uğurla uçuruma aparır…

FÜRSƏTÇİLİK, YIXILANA BALTA VURMAQ. Bax bunu yaxşı bacarırıq. Başqalarının problemlərindən maksimum yararlanmaqda xüsusi istedadımız var. Minlərlə ailə yaşayan böyük məhəllə köçürülür. İnsanlar yığışırlar ki, haqqımız təmin olunmasa yox deyəcəyik. İşbazlar hərəyə beş, on min əlavə təklif edən kimi sakitcə şələ-şüləmizi yığıb, qonşuya aldığımız məbləği də demədən gecə ikən gizlincə köçürük.

Milli Onkologiya Mərkəzi ilə bağlı yazılarımdan sonra haqqımda təqiblər başladı. Bəziləri bundan da qazanmaq yolunu tapdılar. Günlərlə, illər əvvəl çap olunmuş, yeni yazdığım yazılarımı təhlil etdilər və hakimiyyətdən tələb etdilər ki, “Aslan İsmayılov Vətənə xəyanət edir”, “Prezidentliyə namizəd olacaq”, “Facebook səhifəsində yüz minlərlə izləyicisi var, onu tutun”. Hətta Cinayət Məcəlləsinin maddələrini də göstərdilər.

Fazil Məmmədov, Ziya Məmmədov, Eldar Mahmudov vəzifədə olanda onlara, tək özlərinə deyil, həm də çoxdan rəhmətə getmiş valideynlərini dahi deyib tərif edənlər, adlarını balalarına qoyanlar bu gün onları çarmıxa çəkmək üçün növbəyə düzülüblər. Özləri də tam əmindirlər ki, onların yerinə gələndən də pay alacaqlar.

PAXILLIQ. Bu sahədə tayımız yoxdur. Çoxlarınız bilsəniz də qısaca bir lətifə də danışım. Erməni, gürcü və azərbaycanlıları böyük quyuya doldururlar. Bərk-bərk tapşırırlar ki, erməni və gürcülər olan quyunun ağzını yaxşıca bağlayın. Azərbaycanlılar olan quyuya isə heç nə lazım deyil. Səbəbini də deyirlər. Erməni və gürcü bir-birinə kömək edib çıxa bilərlər. Azərbaycanlılar isə özləri, kimsə birinci çıxmasın deyə, ayaqlarından tutub qoymayacaqlar. Azərbaycanda kiminsə haqqında fikir soruşanda müsbət rəy almaq çox müşkül məsələdir, xüsusilə peşə sahibləri arasında. Gənc tarzən Şəhriyar İmanovun istedadı haqqında bir neçə yazımı və ifasını paylaşdım. Şərhlərdə məzmunca oxşar olan, Şəhriyarın çox istedadsız biri olduğunu göstərən onlarla yazı elə qocaman həmkarı tərəfindən təşkil olundu. Azərbaycanda az-çox tanınmış onlarla hüquqşünas haqqında yüzlərlə müsbət yazılarım, müsahibələrim olub. İndi oğul istərəm ki, bir nəfər hüquqşünasın haqqımda müsbət fikir söylədiyini mənə göstərsinlər. Bu sahədə o qədər murdarlıqlar görmüşdüm ki, bu yaxınlarda məni heyrətə gətirəcək bir xoş hal gördüm. Bu günlərdə oğullarımın dostunun toyu idi. Toyda aşıq Avdı sazda ifa etdi. Foyedə oturub söhbət edən zaman aşıq bizə yaxınlaşdı. Söhbəti aşıq Ədalətdən saldım. Aşıq Avdının gözlərinin dolduğunu görüb nə olduğunu soruşdum. Aşıq Ədalət haqqında o qədər gözəl danışdı ki, çaşmışdım. Məhz bu münasibətə görə təşkil edib, Avdı haqqında sağlıq da dedim.

MƏDDAHLIQ – YALTAQLIQ. Bax bu sahədə dəqiq analoqumuz yoxdur. Bəzən belələrinə baxanda insan onların yaltaqlığına yox, o sözləri tapmaq və ifadə etmək məharətinə təəccüblənir. Bu xasiyyət artıq hakimiyyətin dəstəyi ilə çoxlarının çörək ağacına çevrilib. Artıq toylarımızda “tamada” vəzifəsi olan kimi rayonlarımızda “yaltaq” vəzifəsi də var. Yuxarılar rayona gələn kimi bu yaltaqlar ən hörmətli söz sahibinə çevrilirlər. Sıravi vətəndaş cəhənnəm, bu sahədə vəzifə, pul sahibləri xüsusi istedad göstərirlər. Bir neçə il bundan əvvəl BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov haqqında yazımda bir epizod var idi. Yazılarından birində A.Məhərrəmov demişdi ki, Ulu Öndər Heydər Əliyev mənə etdiyi yaxşılığı atam etməyib. Mərhum Heydər Əliyevin bu sözlərə heç bir ehtiyacı yox idi, əvəzində A.Məhərrəmov bu sözləri ilə ömürlük yadımda qaldı. Ömrü boyu hesab etmişəm ki, insan üçün ən böyük yaxşılığı həyat verməklə ana, ata edib və onlardan da Uca heç kim ola bilməz. Akademik isə başqa fikirdədir. İndi bu biçarə millət mənə –

adi vətəndaşa inansın, yaxud sadaladığım reqaliyaları olan Abel Məhərrəmova?! Yaltaqlıq o dərəcədə inkişaf edib ki, bu barədə artıq lətifələr, ən istedadlı yaltaqlar haqqında isə videolar yaranıb.

MÖVQESİZLİK. Vaxtilə Heydər Əliyev “mövqeyinizi bildirin” deyəndə bu sözü tez–tez işlətməsinin səbəbini başa düşmürdüm. İndi anladım ki, bu çox vacib sözdür. Məhz mövqesizlik bacarığı bir çoxlarının uzun illərdir vəzifədə qalmalarını təmin edib. Keçmiş sovet filmində – səhv etmirəmsə “Çapayev”də bir epizod var idi. Bir nəfərin papağının içi bolşeviklərin, bayırı isə ağ qvardiyaçıların rəmzini daşıyırdı. Bu qüvvələr tez–tez qalib, məğlub mövqeyində olduğundan filmin həmin qəhrəmanı hansı tərəf qalib olurdusa papağının üstünü onların rəmzi olan tərəfə çevirirdi. Bu gün hakimiyyətdəkilərin çoxları A.Mütəlibov, Ə.Elçibəy, H.Əliyev hakimiyyətində vəzifədə, Milli Məclisdə olanlardır. Tək keçmiş cəbhəçi Cavid Qurbanovun keçdiyi azəryol, dəmiryolu demirəm, həyat yoluna baxsanız dediklərimi görərsiniz. Eyni vəziyyət də müxalifətdədir. Bu illər ərzində neçə dəfə bir birinə qanlı düşmən olub, sonra dosta çevrildilər, neçə partiya, neçə rəhbər dəyişdilər. Elə xalq da həmin vəziyyətdədir. Vəzifəlini asıb-kəsən onu görən kimi əziz qohumuna çevrilir, 5 dəqiqə əvvəl arxasınca olmazın təhqirləri yağdıran dərhal təriflər deməyə başlayır. Elə uzun illər normal insani qaydalara riayyət olunması üçün mübarizə apardığım “Hyatt Regency” mehmanxanasının idman zalında “Aslan müəllim, Allah sizi qorusun, nə yaxşı ki, varsınız, bunların əllərindən istirahətimiz əzaba çevrilib” deyənlər, sonra haqqımda “donos” yazdılar. Mehmanxana rəhbərliyi haqqımda “donos” yazanların siyahısı ilə tanış olmağı təklif edəndə razı olmadım ki, ehtiyac yoxdur. İdman zalına qayıtdıqdan sonra qaydanı pozanlarla çay içən birisi yenidən gizlincə mənə yaxınlaşıb “xoş gəldiniz, Aslan müəllim” deyəndə zarafatla soruşdum ki, niyə haqqımda “donos” yazmısan?! Dərhal cavab verdi ki, “Aslan müəllim, mənə başqa siyahıya imza atdırdılar, demək məni aldadıblar”. Özü də bunu gözünü qırpmadan dedi…

YALANÇILIQ. Şəxsi maraq naminə gözümüzü qırpmadan yalan danışmaq vərdişimiz barədə hələ 1904-cü ildə rus tarixçisi Veliçko “Qafqaz” kitabında yazıb. İstintaq və məhkəmələrin qanunsuz qərarlarının əksəriyyəti məhz yalançı şahidlərin məhsuludur. Haqqa, ədalətə, hadisənin necə baş verdiyinə yox, kim pul verir onun da dediklərinə şahidlik edirik. Heç fikirləşmirik ki, axı biz hamımız bu yalanın qurbanı oluruq. Yalan danışmaq artıq qəbahət yox, normadır. Özü də bəziləri yalanı insana elə təkidlə deyirlər ki, bəzən insan özü də çaşır. Bu yaxınlarda köhnə “İnturist” mehmanxanasının yanında 5 hektar sahədə 650 Xan Çinarı əkdim. Ona qədər bir neçə gün həmin sahəni zibillikdən təmizlədim, sahənin relyefini uyğun vəziyyətə gətirdim. Bu iş bir neçə gün çəkdi, onlarla texnika, canlı insanlar işlədi. Bir müddətdən sonra həmin sahədə tərəfimizdən park salınmasına razılıq verən “kulinar”, Səbail Rayon İcra Hakimiyyətinin başçısı bəyanat yayıb bildirdi ki, həmin parkı onlar salıb, mən yalan danışıram. Yaxud, bu günlərdə paylaşdığım yazıda göstərdiyim hal. Bütün Azərbaycan bilir ki, bölgələrdə olan Olimpiya komplekslərində bütün xidmətlər pulludur. Gənclər və İdman naziri Azad Rəhimov isə bütün Azərbaycana elan etdi ki, həmin idman komplekslərində bütün xidmətlər pulsuzdur. Vəzifə sahiblərinin hansı əminliklə “Azərbaycan xalqı avropalılardan yaxşı yaşayır” deməsinə bir baxın. Demək biz artıq “ayıbdır” sözünü leksikonumuzdan çıxarmalıyıq.

ALLAH KƏRİMDİR! Uca Allaha sevgim sonsuzdur. Başqaları kimi Allaha ancaq işim düşəndə yox, varlığıma görə hər gün minnətdarlığımı bildirirəm. Ancaq bu söz birləşməsini heç sevmədim. Hansı problem ortaya çıxırsa hamı bir ağızdan deyir ki, “Allah Kərimdir”. Elə yəqin buna görə lotoreya lətifəsi peyda olub. Bilməyənlər üçün təkrarlayım. Bir nəfər gecə-gündüz Allaha yalvarır ki, ay Allah mənə maşın ver. Bir gün Allah dözməyib deyir ki, heç olmasa get bir lotoreya al ki, mən də sənə maşın verə bilim. Bu gün biz bu lətifədəkindən də pis vəziyyətdəyik. “Səndən hərəkət, məndən də bərəkət” deyimini də artıq anlamırıq və başa düşmək istəmirik ki, Uca Allah bizə layiq olduğumuzu verir. Hakimiyyəti, yaşadığımız güzaranı və s. Bu gün ən çox əzilən, az maaşlı müəllim və həkimlərdir. Bu da hakimiyyətin günahı deyil, tumanlarında bülleten daşıyıb seçki qutularını dolduran müəllim və həkimlər özləri həmin güzaranı qazanıb. Düz deyiblər ki, “Allah bəndə deyil ki, barmaq basıb göz çıxarda”. Hamıya haqq etdiyini verir.

İCTİMAİ QINAĞIN YOX DƏRƏCƏSİNDƏ OLMASI! Bəli, normal cəmiyyətin ən vacib atributu olan ictimai qınaq yox dərəcəsindədir. Az-çox varsa o da qurşaqdan aşağı məsələlər barədədir. Məhz ictimai qınaq olmadığından haqqımızı yeyib, bizi dilənçi gününə salan, milyardlar toplayan məmurlar ordusu bizdən oğurladıqlarını gözümüzə soxurlar. Yolun ortasında qəza siqnalını yandırıb tanışı ilə əyləncələrini müzakirə edənə irad tutmaq əvəzinə quzu kimi tıxaclarda qalırıq, bu tərbiyəsizliyə etiraz edənə dəstək vermirik, bu barədə irad bildirəndə də “əşşi olan şeydir” cavabını alırıq. Əminəm ki, bizlər dedi-qodular, qeybətlər qədər ictimai qınağa diqqət yetirsək tamam başqa mühitdə yaşayardıq və daha yaxşı güzaranı haqq edərdik. Biz isə qanunu tələb edənlərə, haqlarının qorunmasında israrlı olanlara mənasına varmadan “demoqoq” damğası vururuq. Demoqoq sözü isə heç də pis ifadə deyil və haqqını tələb edən deməkdir.

“MIZ” QOYMAQ! Bəli, yanılmadınız. Çox işlənməyən ifadə olsa da bu sahədə də püxtələşmişik. İnsanlar bir çox hallarda söhbətin, hadisənin mahiyyətinə varmadan hökmən mənfi fikir bildirməyi özlərinə peşə və borc hesab edirlər. Özü də bunu edənlər bir qayda olaraq böyük dünyagörüşə malik olmayan, mütaliədən və konkret işlərdən uzaq olanlardır. Bunlar əməllərinin ziyanlı olmasından, yaxşı iş görmək istəyənləri necə diksindirdiklərindən də xəbərsizdirlər. Bu günlərdə şair Ramiz Rövşəni Leyla Əliyevanın gənc yazarlarla təşkil etdiyi tədbirə qatıldığı üçün az qala xalq düşməni elan etdilər. Heç kim Ramiz Rövşənin şəxsiyyətini, xalqa olan münasibətini nəzərə almadı, bu addımı atmaqda onun məqsədini belə araşdırmaq istəmədilər. Niyyət mız qoymaq yox, saf olsaydı tədbirin sırf yaradıcılıqla bağlı olduğunu, Ramiz Rövşənin hakimiyyətlə xalq arasında bir bağlantı yaratmağa çalışmasını, gənc yazarları müsbət istiqamətə yönləndirmək istəyi nəzərdən keçirilərdi. Yox, mız qoymaq yarışı keçirildi və əminəm ki, bu, hörmətli şairə təsirsiz ötüşmədi, onu bir daha diksindirdi. Elə Facebook səhifələrimdəki yazılarıma olan “bunun da işi gücü yoxdur”, “bekarçılıqdan bilmir nə etsin”, “artistlik edir” və bu kimi şərhlərin necə ürəkbulandırıcı olduğunu deməyə ehtiyac duymuram.

Bir daha Park söhbətinə qayıdıram. Park hazır olduqdan sonra onun necə ərsəyə gəlməsi, hansı məqsədlər üçün nəzərdə tutulması barədə video paylaşdım. Əlbəttə, əksəriyyət lazımi dəyər verdi. Ancaq sözün əsl mənasında ürəkbulandırıcı şərhlər də oldu. Məsələn, bəziləri yazdılar ki, “necə oldu ki, şəhərin o gözəllikdə olan yerini kiməsə veriblər”, “hansı əsaslarla icazəsiz Park saldınız”, “hansı əsaslarla o boyda sahəni zəbt etdiniz”, “hansı pullarla o Parkı salıbsınız”, “niyə oğlunuzun və gəlinizin adını qoyubsunuz” və s. və i.a. Doğrudanmı o sualları verənlər şəhərin ən görkəmli yerində özbaşına, icazəsiz o boyda iş gördüyümə inandı?! O sahənin uzun müddət sahibsiz, zibilxana olmasını bilən yox idimi?! Ölkənin milyardlarını talayan vəzifəlilərə quyruq bulayanlar nə tez heç bir vəzifəsi olmayan bir vəkilin pullarını saymağa başladılar?! O Parkı salanda məqsədimin bu təşəbbüsün yayılmasına, ölkənin yaşıllaşdırılmasına çalışmağım, uzun illər yaşıllıqlarla bağlı fəaliyyətim bəlli deyildimi?! Hansısa maraq olmadan (konkret halda ancaq mənəvi maraq) bu təşəbbüsün yayılma şansını hesablayan oldumu?!

İLANI SEYİD ƏHMƏD ƏLİ İLƏ TUTMAQ. Nöqsanları hamı görür, ancaq heç kim əlini daş altına qoymaq istəmir. Özü də bu, keçmişdən gəlir. Bu barədə qədimdən gələn bayatılarımız da var. Özü də necə: “Samovarı alışdırın, Maşa verim, qarışdırın, Yarım məndən küsüb getdi, Onu mənlə barışdırın”. Mən yox, başqaları etsinlər. Küsülü yarımızla da özümüz barışmaq istəmirik, kimdənsə xahiş edirik ki, əvəzimizə etsin. Bu günkü müxalifətə münasibətim bəllidir və bu günkü durumumuzda ənənəvi müxalifətin də rolu olduğunu dəfələrlə demişəm. Ancaq onlara ən çox irad tutub yol göstərənlər, onlardan hansısa addım tələb edənlərin özləri bir addım belə atmayıblar. Elə özümə minlərlə ağıl verən olub ki, hansısa addım atım. Deyəndə ki, bunu sən də edə bilərsən, dərhal dillər əzbəri “mənim balalarım var” cavabını alırsan. Sanki mənim balalarım yoxdur, yaxud onlar kartofdurlar. Ən pis təsir edən isə “Aslan müəllim, heç Prezidentin ünvanına bir söz demirsən?” sualıdır. Bir JEK müdirini tənqid etməyə ehtiyatlanan mənə ağıl verib Prezidenti söyməyi tələb edir. Cəmiyyətdə bir süstlük, ətalət, məsuliyyətdən qaçmaq, imdad diləmək, başqalarına üz tutmaq, fəaliyyətsizlik var.

YERLİBAZLIQ, QOHUMBAZLIQ. İlk dəfə bu sualla 1989-cu ildə Azərbaycan Respublika Prokurorluğuna gələndə rastlaşıdm. Otağıma girən birinci adam soruşdu: “Qağa haralısan?” Bunun da qədim kökü var. Biz bəlkə yer kürəsində yeganə millətik ki, göydə uçan quşdan da soruşuruq: “Haralısan, haralı Durna?” Bütövlükdə xalqı və fərd olaraq hər birimizi məhv edən bu xüsusiyyət qədər ziyanlı bir şey görmədim. Ölkədə bu tendensiya o qədər kök salıb və o qədər ziyanlıdır ki, belə davam edərsə Vətənimizdə bölgələr,

millətlər arası davanın da şahidi olacağıq, özü də qanlı davanın. Hamımız “hakimiyyəti ermənistanlılar və naxçıvanlılar zəbt edib” söhbətini hər gün eşidirik. Reallıq isə odur ki, rüşvətxorun, haqq yeyənin məkanı, milləti olmur. Bu gün hakimiyyətə müxalif fikrinə görə həbsdə olanların əksəriyyəti ermənistanlı, yaxud naxçıvanlıdır. Yerindən, millətindən asılı olmayaraq vəzifə və pul işartısı gələndə bu ziyanlı, heyvani hisslər hamımıza qənim kəsilir. Bu gün bizneslə məşğul olanların ən çox ziyan çəkdikləri məhz qohum-əqrabalarıdır. Məhkəmələrdə yüzlərlə qohumların bir-birini aldatması prosesləri gedir, yenə biznes ortaqları da qohum-əqrəba olur. Bu bəla artıq qanunun qəti qadağan etdiyi, qohumların dövlət qulluğunda birgə işləməsinin yolverilməzliyini təsbit edən hüquq normasını da formal söz yığınına çevirib. İstənilən vəzifə sahibinin başçılıq etdiyi iş yerini araşdırsanız ancaq qohum-əqrəba görəcəksiniz. Artıq siyasətə də yeni “qudalar hakimiyyəti” termini gətirmişik.

NƏFSİN QURBANI. Bizim həqiqətən aciz olduğumuz bəlkə yeganə məfhum Nəfsimizdir. Kaş başqa sahələrdəki istedadımız nəfsə qalib gəlməkdə də olaydı. Çox şey qazanardıq. Hər birimizin içində “Qızıl Antilop” (bilməyənlərin eyni adlı cizgi filminə baxması çox məsləhətdir) arzulayan birisi var. Həqiqətən rəhmətlik Elçibəy dediyi kimi tankın, topun qarşısında dayanan xalq, pulun, sərvətin qarşısında dayana bilmir. Tarix boyu nəfsin gətirdiyi bəlalardan bəhs olunsa da ibrət götürmək istəmirik. Uzağa getmirəm, bu yaxınlarda Ziya Məmmədovun, Cahangir Hacıyevin, Fazil Məmmədovun yaşadıqlarını göz önünə gətirin. Bəla da orasındadır ki, bu gün vəzifəsindən istifadə edib sərvət toplayanlar aqibətlərini bilə-bilə adıçəkilənlərin yolunu gedirlər. Hələ bu yolun həsrətini çəkənləri, bunun üçün cilddən-cildə girənləri demirəm. Nəfsin adıçəkilənlərin özlərinə və bizə hansı bəlaları gətirməsinə baxmayaraq bu gün də onların yolu ilə gedib sərvət toplamaq arzusunda olanlar və onların sahib olacağı qazana yaxın durmaq istəyənlər növbədə yüzlərlədir. Bu yaşımda çoxlu sayda var-dövlət, villa sahibləri tanıyıram ki, ciddi psixoloji sıxıntılar içində dünyanın ən bədbəxt insanlarıdırlar. Biz nəfsimizə balalarımızı da qurban veririk. Vəzifədə qalmaq, vəzifə almaq, sərvət toplamaq üçün qız alırıq, qız veririk. Bununla da ən əziz olan balalarımızı da ailə xoşbəxtliyindən məhrum edirik. Bundan böyük rəzalət, bədbəxtçilik nə ola bilər?! Kasıbımız da, varlımız da kasıbın mərd oğlunu, ləyaqətli qızını yox, varlının balasını axtarır və nəfsimizə görə özümüz cəhənnəm, balalarımızı da bədbəxt edirik.

VİCDANSIZLIQ, İNSAFSIZLIQ nəticədə ALLAHSIZLIQ. Əminəm ki, vicdan, insaf olan hər qəlbdə Allah da var. İlk ikisi yoxdursa o qəlbdə Allah da yoxdur. Hər insanın Allahı birinci növbədə onun içində olan vicdanı, insafıdır. Bu sahədə artıq heç bir əndazə qalmayıb. Özü də bu vicdansızlığı, insafsızlığı imkansızlara qarşı məharətlə işlədirik. Bu yaxınlarda heykəl məhbuslarına prokuror 10 il azadlıqdan məhrumetmə cəzası istədi. Bunun özü törədilmiş əmələ görə istənilən cəzanın bütün əndazələri aşması idi. Hakim Ənvər Seyidov isə, gələcəkdə vəzifədə qalıb daha çox sərvət toplamaq üçün bir az da irəli gedib gənc oğlana 11 il azadlıqdan məhrum etmə cəzası təyin etdi. Bu isə artıq vicdansızlıq, insafsızlıq yox, Allahsızlıqdır. Maraqlı tərəfi odur ki, nə qədər Allah adını tez-tez çəkirlərsə, özlərini hacı, namaz qılan, oruc tutan adlandırırlarsa, əməlləri də bir o qədər pis olur. Biz Yer kürəsində bəlkə də Allahın adını ən tez-tez çəkən xalqıq, ancaq bizim qədər də Allahın buyurduğunu pozan ikinci xalq yoxdur. Bəlkə Allaha rüşvət vermək istəyən yeganə millət də bizik. Bakıda baş kəsib rüşvət hesabına sərvət toplayanların Həccə gedib, qayıdıb rüşvətin miqdarını ikiqat artırmalarını başqa cür başa düşmürəm. Bazarda Polşa kartofu satan da Allahın adına and içib onu bizə Gədəbəy kartofu kimi sırıyır.

MƏDƏNİYYƏTSİZLİK, HƏYASIZLIQ. Bunu addımbaşı hər yerdə görmək olar. Birinci növbədə də TV-lər, KİV-lər sanki bu xüsusiyyətlərin təbliğində yarışa giriblər. Yollarda, ictimai yerlərdə – idman zalları, nəqliyyat vasitələri, parklar, mağazalarda 10 dəqiqəyə yüzlərlə mədəniyyətsizlik, həyasızlıq nümünəsini görmək olar. Təəccüblüsü də odur ki, buna qarşı irad bildirənləri müdafiə etmək əvəzinə qınaq obyektinə çevirirlər. Bu dəqiqə mədəni, təvazökar insana “əfəl”, mədəniyyətsizə, həyasıza isə “bacarıqlı” deyirlər. Artıq həyasızlığı peşəyə çevirib milyonlar sahibi olanlar da var. Onlara da xüsusi istixana şəraiti yaradan hakimiyyət və imkanlı şəxslərdir. Hafiz Hacıyev, Mürvətli Həsənli kimiləri bu sahənin öndə gedənləridir. Bunlar üçün həya, namus, ləyaqət də satdıqdadır.

UNUTQANLIQ. Bu bizim tarixi xəstəliyimizdir. Hər şeyi tez unuduruq. Uzaq yox, yaxın 30 ilə baxsaq nələr görmərik. 1990-cı ilin əvvəllərində bu xalqın mübarizlik ruhunu öldürənlər, xalqa xəyanət edənlər yəqin ki, yaxın zamanlarda Prezident seçkilərində iştirak edəcəklər. Ən azından bu günlər Rəhim Qazıyev ilə baş verənlər bir daha bunu göstərdi. Kimliyindən asılı olmayaraq heç kimin haqqının pozulmasını istəmərəm, o cümlədən R.Qazıyevin də haqqını qoruyanları qınamıram. Ancaq bu yolda az qala ondan milli qəhrəman düzəldənləri isə heç cür anlamıram. Unutqanlığlımızdan yəqin ki, oxşar addımları Etibar Məmmədovun, Surət Hüseynovun da haqqında atacağıq. Əvəzində bu torpaq üçün qan tökənləri, şikəst olanları heç xatırlayan da yoxdur. Yadınızdadırsa bir vaxtlar Qarabağ Əlillər Cəmiyyəti var idi. Kimlərin bu gün onların taleyindən xəbəri var. Heç kimin!

DÖZÜMSÜZLÜK. Nə qədər acınacaqlı olsa da hakimiyyətin etdikləri haqsızlıqlara qarşı, törədilmiş konkret hadisələrə, əməllərə qarşı dözümlü olan xalq, başqa fikrə qarşı çox dözümsüzdür. Biz mübahisə etməyi yox, dalaşmağı bacarırıq, ona görə də istənilən müzakirəni məharətlə davaya çeviririk. “Sumqayıt SSRİ-nin süqutunun başlanğıcı” kitabımın heç bir vərəqini də oxumayanlar məni “erməni cəsusu” adlandırırlar. Xüsusilə din sahəsindəki fikirlərimiz dərhal düşmənçilik kimi qəbul edilir. Mübahisə edib ortaq məxrəc heç vaxt axtarmırıq.

ZİYALI QITLIĞI. İstənilən cəmiyyəti inkişafa aparan ziyalı təbəqəsi yox dərəcəsindədir. Zənnimcə ziyalı tək universitetlər bitirən, savadlı olanlar deyil, ictimai maraqları öz maraqlarından üstün tutan, ətrafında baş verən haqsızlıqlara etiraz edən, öz müstəqil fikrini hakimiyyətə baxmadan söyləyən, hərəkətlərində, söylədiyi fikirlərdə insanları müsbətə doğru yönləndirmək istəyənlərdir. Bizdə isə bunları deyənlər çox az, adının qarşısında hökmən ziyalı sözünün yazılmasını istəyənlər isə həddindən artıq çoxdur.

Bu yazı bir oturuma yazıldığından əhatəli deyil, bunu yəqin ki, məzmundan da görürsünüz, ancaq səmimi və xoş niyyətlidir. Mənə “xalqını bəyənmir” deməyin! Xalqımla fəxr edirəm! Və özümü də qüsursuz saymıram.

Pis və yaxşı cəhətlər bütün xalqlarda vardır. Başqa xalqlar kimi Azərbaycan xalqının da mənfi və müsbət, yaxşı və pis cəhətləri vardır. “Bunu oxuyanlar bizə nə deyərlər?!” də deməyin. Müsbəti, mənfisi, qəhrəmanı, satqını, istedadlısı, istedadsızı, ağıllısı, dəlisi və s. hamısı bizimdir. Ancaq onların içindən yaxşıları seçib təqdir etməli, pisləri isə qınamalıyıq. Əgər evimizdə zibil varsa və evə qonaq gələcəksə, onlar görməsin deyə zibilin üstünü örtməməliyik, zibili təmizləyib atmalıyıq. Qonşular görəcəksə, qoy görsünlər. Ağıllı qonşu qınamaz, axmağın isə dediklərinə fikir verməməliyik. Gizlədilən hər şey çürüyür, üfunət verir, xəstəlik mənbəyi olur! Qorxmaq lazım deyil, zibillərimizi təmizləyək. Ancaq özümüzün nöqsanlarımızı təmizləməklə normal cəmiyyət, dövlət qura bilərik. Yoxsa yüz il buna qədər olduğu kimi, yüz illər sonra da Həsən bəy Zərdabini, Cəlil Məmmədquluzadəni, Mirzə Ələkbər Sabiri yada salıb deyəcəyik ki, biz heç dəyişməmişik ki…

Aslan İsmayılov

5 yanvar 2018-ci il

Genel - 11:06 A A
BENZER HABERLER

HABER LİSTESİ

  • 01
    Fransa, İngiltere ve Kanada’nın Gazze uyarısı: İsrail’in kredisi tükeniyor mu?
    İsrail, 7 Ekim 2023’teki Hamas saldırılarının ardından çoğunluğu ABD tarafından finanse edilen, tedariği sağlanan silahlarla savaşa girdi. Diğer müttefikleri de İsrail’e kendi yöntemleriyle aynı derecede etkili bir destek verdiler: Çoğunluğu İsrailli sivillerden oluşan 1.200 kişinin öldürülmesi ve 251 kişinin rehin olarak Gazze’ye sürüklenmesi karşısında duyulan dehşete dayanan derin bir iyi niyet ve dayanışma kredisi. Artık […]
  • 02
    Hindistan’da Türkiye’ye boykot çağrıları
    Hindistan ve Pakistan arasında yaşanan çatışmanın ardından, Hindistan’da Türkiye’ye yönelik boykot çağrılarının kapsamı genişliyor. Hindistan Ticaretçileri Konfederasyonu (CAIT) 16 Mayıs Cuma günü Yeni Delhi’de Türkiye ve Azerbaycan ile tüm ithalat ve ihracatı durdurma kararını görüşmek üzere ulusal bir konferans düzenliyor. Hindistan, ulusal güvenlik endişelerini gerekçe göstererek Türk havacılık firması Çelebi’nin havaalanlarında faaliyet göstermesini yasakladı. Çelebi […]
  • 03
    BM: Üç ay süren İsrail ablukasının ardından yardım tırları Gazze’ye girdi
    İsrail, Gazze’nin ikinci en büyük kenti Han Yunus’u boşaltma emri verirken, kara ve hava saldırılarını da genişletti. Daha önce savaşta büyük yıkıma uğrayan kente yönelik yeni bir operasyon başlatıldı. Birleşmiş Milletler (BM), İsrail’in yaklaşık üç ay süren ablukasının ardından ilk yardım TIR’larının Gazze’ye girdiğini doğruladı. İsrail’in Gazze’ye insani yardım koordinasyonundan sorumlu savunma birimi Cogat’a göre, […]
  • 04
    Çin’in yeni ‘drone ana gemisi’ ilk test uçuşu için gün sayıyor
    Tam kapasiteyle çalıştığında, Jiu Tian adlı bu insansız hava aracı, düşman hava savunma sistemlerini etkisiz hale getirmek için birlikte hareket edecek 100’e kadar küçük drone’dan oluşan devasa bir sürüyü serbest bırakabilecek. Çin’in 100’e kadar küçük drone’u aynı anda havaya salabilen yeni bir drone taşıyıcısı (ana gemisi), devlet televizyonu CCTV’nin haberine göre önümüzdeki günlerde ilk test […]
  • 05
    Fırtınalar ve kasırgalar ABD’nin orta kesimlerini vurmaya devam ediyor: En az 20 ölü
    ABD’nin orta kesimlerinde etkili olan şiddetli fırtına ve kasırgaların ardından, Teksas’tan Kentucky’ye kadar uzanan bölgelerde temizlik ve kurtarma çalışmaları sürüyor. Son dört günde yaşanan hava olaylarında 20’den fazla kişi hayatını kaybetti. St. Louis’te Cuma günü yaşanan kasırganın yaklaşık 5.000 binaya zarar verdiği ve 1 milyar doları aşan maddi hasara yol açtığı belirtiliyor. Belediye Başkanı, federal […]