Pencere Takkıltısı…

Edebiyat - 10 Eylül 2017 08:55 A A

Hafiz Rüstem

Birinci Hisse

Sovet dövründə qələmə aldığım bu hekayə düşünürəm ki, hələ də öz aktuallığını və əhəmiyyətini itirməyib və gələcəkdə də itirməyəcək. Burada özümdən asılı olmayaraq həmişə müasir və aktual olan rəhbər – işçi münasibətlərinə , işəgötürənlə işçi arasında subordinasiya məsələlərinə – ciddi ictimai-əxlaqi problemlərə toxunmuşam. Əsərdə şəxsən başıma gələn bu hadisənin təkcə fotosu, zahiri effekti – adi pəncərə taqqıltısı göstərilməyib, həm də bu taqqıltının daxili mahiyyəti, cəmiyyətə xəbərdarlıq mesajı öz əksini tapıb. Bu xəbərdarlıq avtoritar idarəçilik üsulunun acı nəticələri haqqında xəbərdarlıqdır. Bu köhnə, vaxtı ötmüş idarəçilik üsulu yaradıcı mühiti pozur, istedadlara, peşəkarlara fərq qoymur, hamını eyni arşınla ölçür, adi işçi ilə yaradıcı işçini eyniləşdirir və fərdiyyəti öldürür. Beləliklə, kimliyindən asılı olmayaraq şəxsiyyətə pərəstişi, xofu (ksenofobiyanı), qorxunu və nəticə etibarilə kütləvi kütləşməni, mənəvi cırlaşmanı, cılızlaşmanı, insanda daxili laqeydləşməni – zombiləşməni labüdləşdirir. Bununla da söz, fikir, yaradıcılıq atmosferini zəhərləyir, təkcə yaradıcı fərd deyil, ümumiyyətlə kollektiv təklənir və hətta hər biri ayrılıqda başçının, rəhbərin, işəgötürənin əlində oyuncağa – itaətkar maşına, robota çevrilə bilir ki, bu da nəhayət spontan etirazlara, qiyamlara, üsyanlara yol açır – cəmiyyəti itaətsizliyə, dövləti sarsılmağa vadar edir. Avtoritar idarəçi özündən başqa, özündən üstün nəinki şəxsiyyət tanımaq istəmir, hələ bir az da irəli gedib, şəxsiyyətləri, peşəkarları öz ambisiyalarının alətinə çevirməkdən də vəhşiyanə, şeytani zövq alır. Təcrübə göstərir ki, bu cür qeyri-qanuni , haram yollarla,vergilərdən yayınmaqla, başqalarının mal-mülkünü mənimsəməklə, işçilərin əməyini istismar etməklə qazandıqları çirkli pullar hesabına öz xeyirlərinə mürtəce qanunları legitimləşdirməklə fantastik varlanan, harınlaşan, quduzlaşan oliqarxlar tez-tez səlahiyyət hədlərini aşır, imtiyazlarından sui-istifadə edərək tabeliyindəki işçiləri bütün vasitələrlə kiçiltməyə, alçaltmağa, aşağılamağa sövq edir və ətrafında əsasən ləyaqətli şəxslərə deyil, ləyaqətsiz, qorxaq, yaltaq, riyakar ünsürlərə arxalanır. Bu avtoritar idarəçilik tendensiyası indi də bütün ictimai-siyasi sferalarda, o cümlədən bürokrat idarələrdə, məmurların fərdi iş üsullarında öz ömrünü sürməkdədir.

***

“Tanrının əlindədir ancaq yoxdan var edə
Bəndə nəkarədir ki, varı tarı-mar edə!

Rəhmətlik atam deyərdi ki, labüd, lazımlı varı yox edən yoxdan Var Edənin (yəni Tanrının) əzəl-axır labüd qəhr-qəzəbindən, ədalət mühakiməsindən qurtula bilmir – bu günahkar bəndə əcəli çatanda müdhiş ağrılardan yerində qıvrılaqıvrıla, əcaib səslər çıxara-çıxara, bəzən köpüklü qan qusa-qusa, “Kəlme-yi şəhadət” ə dili dönmədən, əzab və işgəncənin insan ağlına sığmayan formalarında canını tapşırır, hətta onu üzüqibləyə qoyub rahat ölməsinə şərait yaradanda da, yenə əzabla ölür, daha doğrusu, ziyankar, bəd it kimi ulaya-ulaya gəbərir. Bu dəhşətli aqibəti heç düşmənimə də rəva görməzdim. Halbuki əməlisaleh insan isə əksinə, son anda sanki təzə-tər qızılgül ətrini iyləyə-iyləyə, ruhu cənnət bağına uçan quş kimi bədən qəfəsini tərk edir, dünyasını sevinclə dəyişir. Xoşbəxt ölür. Füzuli demişkən, bu möhnət yurdundan azad olub Ərşin uçan bülbülünə çevrilir:

Bülbül-i ərşəm, Füzuli, mənzilim gülzar-i qüds,
Mən bu möhnət yurduna biixtiyar düşmüşəm.

Ancaq təəssüf ki, bu iki aqibətdən birincisini nəzərə almayan bəzi tamahkar vəzifə sahibləri hətta lazımlı, strateji iş yerlərini, ictimai obyektləri daha da böyüdüb inkişaf etdirmək əvəzinə, onları nəyin bahasına olursa-olsun şəxsi, özəl, daha dəqiq desək, murdar nəfslərinin qurbanına çevirirlər. Uzun illər ibtidai, orta, peşə və ali məktəblər üçün saysız-hesabsız dərslik, dərs vəsaitləri, ümumiyyətlə, pedaqoji-metodik ədəbiyyatların nəşrləri üzrə liderlik edən Azərbaycan Dövlət Tədris-Pedaqoji Ədəbiyyatı Nəşriyyatı “Maarif” 2004-cü ilin Novruz bayramının ertəsi günü – martın 23-də məhv edildi: 1959-cu ildən Azərbaycan SSR Nazirlər Sovetinin sərəncamı ilə yaradılıb fəaliyyət göstərmiş bu nəşriyyatın yerləşdiyi beşmərtəbəli bina özəlləşdirildi, hər tədris ilində ənənəvi nəşri nəzərdə tutulan (neçə-neçə milyon tirajlarla) dərslik ədəbiyyatlarının nəşr hüququ əlindən alındı, təcrübəli, peşəkar işçiləri küçələrə atıldı. Bəsirətli oxucu süjetini burada vaxtilə həqiqətən də real, başıma gələn hadisədən götürdüyüm məhz aşağıdakı bu hekayədə həmin idarənin bir zamanlar çox tanış və doğma olan binasını da, o binada keçən əsrin 80-ci illərinin bir iş günü ərzində cərəyan edən hadisəni də, o hadisənin iştirakçısı olmuş işçilərimizin müəyyən obrazlarını da görə bilər. Əslində “Maarif”in gələcək süqutu onun hekayədə qabardılan boğucu ab-havası və çatışmayan normal yaradıcı mühitindən, orada hökm sürən mənəvi-əxlaqi deformasiyalardan və bu deformasiyalara qarşı təkbaşına mübarizə aparmağın mümkünsüz olmasından aydın görünür. Yeni müstəqillik dövrümüzün kontrastına bax ki, keçmiş sovet dövründə vaxtilə əməkdaşlıq etdiyimiz demək olar ki, eyni işləri görən, eyniprofilli, eyniadlı “Prosveşeniye” nəşriyyatı hazırda da Rusiya kimi böyük bir ölkənin xüsusilə dərsliklərə olan tələbatını ödəyən, sabit gəlirli, geniş, zəngin kitab bazarına və maliyyə imkanlarına malik olan ən qüdrətli, ən öncül, köhnə olduğu qədər ən müasir, lazımlı iri nəşriyyat və poliqrafiya nəhənglərindən biri olaraq gündəngünə inkişaf edir”.

Haşiyə: O zaman “Space” telekanalının axşam verilişinə – “Nəbz” proqramına dəvət olunmuşdum (1997). Artıq Təhsil Nazirliyi ilə “Maarif” nəşriyyatı arasında ciddi insident yaranmışdı. Təhsil Nazirliyini – Əsgər Quliyev, “Maarif” nəşriyyatını mən təmsil edirdim. Nazir Misir Mərdanovun tapşırığı ilə Əsgər müəllim demək olar ki, əsassız arqumentlərlə bütün dərsliklərin nəşrlərinin bizim əlimizdə toplanmasından, antiinhisar qanunun tətbiq olunacağından hündür, gər səsilə danışırdı. Mənsə nəşriyyatın uzun illər boyu məhz Təhsil Nazirliyinin dərslik ədəbiyyatlarını vaxtında və yüksək səviyyədə yerinə yetirdiyindən təkzibedilməz faktları sadalayırdım. Sən demə, təhsil siyasətinin bir məqsədi də “Maarif”i məhv etmək və öz nəşriyyatlarını yaratmaq imiş. Buna da nail oldular. Ancaq yuxarıda xatırlatdığım kimi vaxtilə Rusiyanın əməkdaşlıq etdiyimiz eyniadlı “Prosveşenie” nəşriyyatı indi də fəaliyyət göstərir və nəhəng bir ölkənin dərslik nəşrlərini həyata keçirir. Orada Mətbuat və Poliqrafiya Nazirliyi də ləğv olunmayıb.

2011-ci ilin dekabrında “Prosveşenie” nəşriyyatının satışa qoyulması haqqında Rusiya Federasiyası Hökumətinin sərəncamı çıxdı.

2013-cü ilin sentyabrında Vladimir İliç Uzun “Prosveşenie” nəşriyyatının prezidenti oldu. Elə buna görə də hörmətli oxucular, milli strateji sahə olan bizim təhsillə Rusiyadakı təhsil arasındakı fərqi özünüz müqayisə edin.

***

Həmişə hər saatdan bir gələn, basabasla minmiş sərnişinlərin həddən ziyadə çoxluğundan və sıxlığından az qala şişib partlayan 14 saylı marşrut avtobusunun yarıtmazlığına görə Fazil bu gün də işə gecikirdi. Yenə də vaxtında gəlməyən, içi sərnişinlərlə dolu olan, asta sürətlə gedən bu qəsəbə avtobusu onun qanını qaraltmışdı.

Qəsəbədə yaşasa da, iş yeri şəhərdə idi. Hər iş gününün səhərisi ən azı yarım saatlıq məsafə qət etməli olurdu.

Hələ qəsəbədən çıxarkən hava da bozarmışdı. Abşerona məxsus həftələrlə əsən, toz-torpağı, zir-zibilləri göyə qaldıraraq istədiyi səmtlərə yamamaqdan bezməyən dəlisov xəzri də təzə-təzə baş qaldırırdı. Qışın oğlan çağı olsa da, qar yağacağı gözlənmirdi.

İllər köhnəsi olan rəngi solmuş mavi plaşının yaxalığını qaldırıb əllərini onun nimdaş, sürtülməkdən parıldayan ciblərinə salaraq soyuqdan büzüşə-büzüşə kənarlarında küləklərdən yırğalanan hündür, yaşıl zeytun ağaclarının boy-boya verdiyi şəhər küçəsinin astarı çıxmış kələkötür səkisilə iş yerinə tələsirdi. Tərslikdən iş portfelini də unudub evdə qoymuşdu.

Ancaq idarələrinə 4 – 5 ay bundan əvvəl təyin olunan, dəmir intizamı sevən yeni direktora bunu bəhanə gətirmək olmazdı. İş günü səhər saat 9-dan axşam saat 6-ya kimi davam etməliydi. Hər bir işçi bu iş vaxtı rejiminə riayət etməliydi. Bu rejimi pozanlar cəzalanır və stajı, xəstəliyi və digər səbəblər nəzərə alınmadan işdən xaric edilirdi. Göz gördüyündən qorxar deyiblər.

Haşiyə: Yaxşı bir restoranda “Maarif” nəşriyyatının Kimya-biologiya redaksiyasının redaktoru Səbiyyə xanımın qızı ilə məşhur bir rejissorun oğlunun toy mərasimi keçirilir. Bu mərasimdə hər iki tərəfin iş yoldaşları iştirak edirlər.Bu dəvətlilər arasında vaxtilə “Ekran-efir” Yaradıcılıq Birliyində, C.Cabbarlı adına Kinostudiyada çalışmış, bir neçə sənədli və bədii filmlərin ssenaristi olmuş, sonra həmin iş yerlərindən ayrılıb özü demiş, Maarif” nəşriyyatına məcbur “sürgün edilmiş”, Şəki əsilli, rusdilli redaktor Hikmət Seyidov da yer alır. O, öz oturduğu masasında əvvəlcə spirtli içkilərdən dilinə vurmadan (yəni tez sərxoş olmasın deyə) növbənöv ləziz yeməkləri doyunca yeyir və ayıq başla üstündən erməni konyakından gillədib cəsarətlənir və köhnə həmkarları qarşısında qısa , yanıqlı və tarixi bir nitq irad edir:

-Dostlar, əvvəla, kinoçularla naşirləri bu yeni qohumluq münasibətilə təbrik edir, hamıya, ilk növbədə təzə ailə quranlara cansağlığı və uğurlar diləyirəm!

İkinci də, nə gizlədim, sizi görəndə köhnə yaralarım qövr elədi, çox xoşbəxt günlərim kino lenti kimi gözlərim önündən keçdi. Düşündüm ki, artıq çox gecdir, “kino zəhəri” qanıma işləmişdir və mənim sağalmağım qeyri-mümkündür:

Bir işdi – gəlib başıma,
Düşmüşəm “Maarif” nəşriyyatına!

Bu xəbəri həmin toyda iştirak etməmiş nəşriyyatın əzazil baş redaktoru – sabiq komissar Rüstəm Hüseynova gecə ikən ildırım sürətilə çatdırırlar. Baş redaktor səhər iş başlar-başlamaz qırmızı daxili telefonla Hikməti işlədiyi redaksiyadan təcili qırmızı qulluğuna çağırır və aralarında salamlaşdıqdan sonra belə bir qısa və son dialoq olur:

-Hikmət müəllim, eşitdim ki, dünən toyda igidlik göstərmisən, nəşriyyatı qoz qabığına soxmusan. Bu deyilənlər doğrudur?

-Doğrudur, Rüstəm müəllim, ancaq hələ zəif deyiblər. Mənsə deyilənlərdən daha təsirli demişəm. Hələ işə gəlməzdən əvvəl dünənki paxmelliyimi davam etdirmək üçün bir bakal noxuddu çex pivəsi də içmişəm Sizə cəsarətlə məruzə etmək üçün. İstəyirsiniz, dünənki şahanə misralarımı sizin üçün də təkrar edim?

Bir işdi – gəlib başıma,
Düşmüşəm “Maarif” nəşriyyatına!

-Yaxşı şairliyin də varmış. Yəqin ərizəni də bu paxmelliyin üstünə əlavə etmisən.

-Bəli, Rüstəm müəllim, onsuz olmaz ki. Buyurun, bu da mənim rusca yazdığım işdən könüllü çıxmağım haqda hazır ərizəm. Siz sağ, mən də səlamət! – deyə Hikmət nəşriyyatla həmişəlik vidalaşmışdı.

Həmin ənənəvi nizam-intizam və prestij məsələsi bu günlərdə də baş qaldırmışdı. Bu qayda-qanunu pozan işçilərdən birinə – Sadiq Ağamalıya təzə direktor öz xahişi ilə işdən çıxması haqqında “ərizəsini” yazdırmışdı. Hərçənd Sadiq bəy yaradıcılıqla məşğul olduğuna görə bu idarədə tutduğu vəzifədən həqiqətən də öz xahişi ilə çıxıb ədəbi-bədii jurnallardan birinə ədəbi işçi keçmişdi. O, aşıq havalarını yaxşı impovizə etməyi və sazda məharətlə çalmağı bacarırdı. Hətta istəsəydi bu el sənətkarlığı ilə məşğul olar və hamıdan da yaxşı yaşaya bilərdi. Fazil fasilə vaxtlarında şeirləşərkən Sadiqə məşhur rus şairi Sergey Yeseninin Əliağa Kürçaylının tərcüməsində “Anamdan məktub” şerindən bu misraları da oxuduğunu xatırladı:

Heç xoşuma gəlmir ki,
Ki sən şair olmusan,
Ki axmaq bir peşənin
dalınca düşmüsən sən,
Bundan yaxşı olardı
Yapışaydın, ay oğul,
bir xışın dəstəyindən.

Sadiq də qələmlə çörəkpulu qazanmaq yolunu seçmişdi.

Keçmiş rəhbərliyin səhlənkarlığı və bəzi intriqantların pozuculuğu ucbatından nəşriyyatın adı “qara siyahıya düşmüşdü. Nəşriyyatı neqativ ünsürlərdən təmizləmək və onun əvvəlki şöhrətini geri qaytarmaq üçün təzə direktora geniş səlahiyyət verilmişdi. Yaş da qurunun oduna yana bilərdi.

Əslində çox da böyük olmayan bu idarədə siyasi terminlə desək, “komendant saatı” elan edilmişdi.

Bu kənardangəlmə direktorun nəşriyyata ayaq basdığı ilk gündən son dərəcə quru, ciddi görkəmi, daim düyünlü, açılmayan qaş-qabağı, indiyə qədər heç kəslə yaxınlıq etməməsi, bütün bunların əksinə, hal-əhval tutmağa, ağır zehni iş fasilələrində təzə çıxan məzəli lətifələri bir-birindən acgözlüklə eşidib qəşş edincəyə qədər gülməyə adət etmiş bəzi zarafatcılların da qəlbinə istər-istəməz, öz ağır səhmini əyləşdirmişdi.

Nəşriyyatın da daxili ab-havası bozarmışdı Öz stollarını itirməkdən qorxan redaksiya və şöbə müdirlərinin əksəriyyəti təzə direktorun – Sarxan müəllimin iradəsini robot kimi yerinə yetirir, işçilərinin üzürlü işə çıxmamalarını, ictimai nəqliyyatın nasaz işləyib-işləməmələrini və s. nəzərə almırdılar, ancaq direktordan icazə almalarını məsləhət görürdülər. Yüz səksən dərəcə bucaq altında dönən müdirə obyektiv vəziyyəti izah edəndə, himcimlə direktorun kabinetini göstərib işçisini başından edirdi: “Bu məsələ mənnik deyil, onnuqdu!”. Onnuğun, yəni direktorun qəbuluna girməyə cəsarət edəndə onun təzə işə götürdüyü sütül yaşına görə çoxbilən katibəsi də gözünü açıb yumunca qırğı kimi şığıyıb adamın başının üstünü kəsdirirdi ki, atam, anam, məndən inciməyin, icazəsiz olmaz, özü belə tapşırıb, adınızı qəbula yazdırın, növbəylə də tək-tək içəri keçin, yoxsa anamdan əmdiyim südü sonra burnumdan tökdürər. Bu zavallını eşidənlər çiyinlərini çəkib qalırdılar mat-məəttəl. Bu vaxta qədər ancaq müəlliflər üçün qəbul saatları təyin olunardı. Sarxan müəllimin kabinetinin qapısı üstündə yazılmış müəlliflərin qəbul saatları eynilə işçilərə də şamil edilmişdi. Bu qəbul hoqqabazlığı, bu rəsmiyyət Azərbaycan dili və ədəbiyyatı redaksiyasının nüfuzlu nəşriyyat redaktoru Fazilin istər-istəməz, kefini pozmuşdu.

O, adi texniki işçi deyildi, yaradıcı, nəşriyyatın siması olan qiymətli bir işçi idi. İdarədə barmaqla göstərilən Fazil redaksiyaya gələn üstü müsbət rəyli, redaktəli, hansı elmi titullununsa “Redaktə etdim, çapa gedə bilər” kimi ştamp sözlərini şəkkaklıqla vecinə almadan əsl həqiqəti üzə çıxarmaqda, əlyazmaları yazıldıqları mənbələr əsasında təftiş, yaxud saf-çürük etməkdə, onlara obyektiv rəylər yazıb tematik plana salmaqda, yaxud zəif əsərləri nəşrdən uzaqlaşdırmaqda bir ekspert kimi məşhur idi. Məhz Fazilin yazdığı rəylər əsasında müvafiq əlyazmalar ya nəşriyyat planına düşür, ya da bəzi müəlliflərin “xoruzlarını qoltuqlarına verib” geri yola salırdılar. Fazilin daşdan keçən rəyləri heç də göydəndüşmə deyildi. Onun bir nəşriyyat redaktoru kimi əsas vəzifəsi o idi ki, əvvəlcə redaksiyaya daxil olan, janrına və həcminə görə verilmiş vaxt ərzində redaktəsi məhz ona həvalə edilən hər hansı əlyazmanın ideya-məzmununu, dil- üslubunu, orfoqrafik səhvlərini, fikir təkrarlarını, plagiatlığını nəzərdən keçirsin, islah qeydlərini aparsın, əlbəttə ilkin redaktədən sonra dəvət etdiyi hər hansı müəlliflə səhvləri, mübahisəli məsələləri ikilikdə həll etsin. Eyni zamanda nəşriyyatın bir neçə il qabaqcadan tərtib edilən və hətta Moskvada təsdiqini tapdıqdan sonra nəşri nəzərdə tutulan əsərlərin tematik planına redaktə etdiyi hər hansı bir əsərin daxil edilib-edilməməsi haqqında daxili rəyini hazırlasın və rəhbərliyə təhvil versin. Mühüm, səriştəli redaktorluğu ilə nəşriyyatda və müəlliflər arasında kifayət qədər tanınmış Fazil, heç şübhəsiz, öz ləyaqətini bilən bir ağır-sanbal işçi kimi söz götürməyi də qətiyyən xoşlamırdı. Yeri düşəndə bu barədə hamıya görk olsun deyə obrazlı misal çəkərdi: “Mən heç atamdan da minnətli böyüməmişəm”. Çünki o, atasını vaxtsız itirmişdi. Onun haqqında belə bir qənaət də formalaşmışdı ki, Fazil inzibati cəhətdən nə qədər ipə-sapa yatmaz, islaholunmaz bir kadr idisə, ixtisas və peşəkarlıq cəhətdən bir o qədər əvəzolunmaz idi və bir azdan tabelin üstündən kabusu əskik olmayan yerli komitənin nümayəndəsi onu ikinci cəhətdən çox, məhz birinci cəhətinə görə qınayacaqdı – adını da artıq işəgecikənlər siyahısına saldırıb direktora təhvil verdiyini ona dərin hüznlə bildirəcəkdi.

Fazil bu cür təlx ovqatla iş yerinin yerləşdiyi əzəmətli, beşmərtəbəli binanın dəmir çərçivəli, şüşəli küçə qapısının on – on beş addımlığına çatmamış, hardasa ikinci mərtəbədən pəncərə taqqıltısı eşitdi. Dayandı. Taqqıltı gələn tərəfə boylandı. Pəncərə şüşələri buradan çəpəki istiqamətdə qaldığından heç kəsi ayırd edə bilmədi.

Xəzri artıq şiddətlənmişdi, yerdən qalxan tozanaq üz-gözünə təpilirdi. Bu tozanaq burulğanlarına düşən idarənin binası qarşısından paralel istiqamətdə geniş küçə və o küçənin ortasından da tramvay xətti keçirdi. 3-cü mikrorayonun bu “xəlvət” guşəsində çox nadir hal olsa da, yaxınlığında nəsə bir ins-cins gözə dəymirdi. Fərqinə varmayıb yenidən yoluna davam etmək istərkən, bu dəfə aydınca məhz onun üzərinə tuşlanan daha sürətli və şiddətli pəncərə taqqıltısının küçə qapısının üstündəki pəncərədən gəldiyi səmtə baxdı. Örtülü pəncərə şüşələri arxasından Dil və ədəbiyyat redaksiyasının təzə işçisi Ağabalanın “dirijorluq etdiyini” gördü. O, göz-qaş hərəkətlərilə şəhadət barmağını dirijor çubuğu kimi qaldırıb-endirərək nəyisə başa salmaqdan ötrü özünü dəridən-qabıqdan çıxarırdı. Buna “lal dili” də demək olardı. Ancaq Fazil indi nə bir not dili, nə də lal dili başa düşəcək halda deyildi: “Lənət kor şeytana! Düz yolunla getməyə də qoymurlar! Bu təzə, çuşka, marginal işçi də haçan başa düşəcək ki, veteranla belə danışmaq olmaz! Bu idarə mənim ikinci doğma yuvamdır və hər yumurtadan çıxana icazə vermərəm ki, mənimlə mimika ilə danışsın! Sözün var, söz danış! Yoxsa ağzını mumla!”.

Bir də bu mimikada, jestikulyasiyalarda hələ özünə də tam bəlli olmayan, nəsə əxlaqa müğayir, iyrənc, eybəcər bir şey vardı ki, stajlı bir işçinin izzətinəfsini, ləyaqətini onsuz da əzib-keçirdi: “Dayan bir! Sən hələ adamını yaxşı tanımamısan! Mənimlə necə danışmaq lazım olduğunu sənə öyrədərəm! Tutaq ki, özümdən asılı olmadan işə bir az gecikmişəm! Nə olsun ki, dünya dağılmayacaq ki?!” Fazil ikrahla əlini yelləyərək gözünü pəncərədən çəkib binanın ümumi giriş qapısından içəri daxil olmaq istərkən həmin qapıdan bayıra çıxan təzə, zabitəli direktorun daz başı qapının ağzında göründü. Nahaq yerə ona haçansa “hazır Kaltenbrunner” deməmişdi. Vəzifənin təsirindən bir az da şaxlaşan qəddi-qaməti, sarışın çöhrəsi, sarı qaşları, kirpikləri arxasından işıldayan iti, saymazyana gözləri, sol yanağında çapıq yeri onu “Baharın 17-ci anı”ndakı qəddar bir esesçiyə oxşadırdı. Təkcə qara mundiri çatışmırdı. Ancaq mundir əvəzinə qara qalstuklu ağ köynək üstündən qara kostyum geyinmişdi ki, bu da onu tabeliyində olan işçilərə heç də Kaltenbrunnerdən az qorxunc göstərmirdi.

Fazil bir anlıq nə irəli, nə də geri addım ata bildi. Gecikdiyinə, hər halda yaşca böyüklüyünə görə və ilk gündən münasibətləri korlamamaq xatirinə “Kaltenbrunner”ə salam verməyə məcbur oldu. O da elə buna bənd imiş kimi xüsusi əda ilə dik tutduğu başını yavaşca tərpətməklə, soyuq nəzərlərlə salamın cavabını verdi və xidməti maşınına doğru tələsdi.

Fazil isə qabağına uğursuz çıxmış direktorun qarasınca deyinə-deyinə idarənin düz ikinci mərtəbəsinə doğru yönəldi: “Xeyir ola? Bu keçəl Həmzə səhərin gözü açılmamış kimin üzəngisini basmağa gedir? Elə bil, anadangəlmə üzü turşuya qoyulub. Gəldiyi dünəndir, elə dünəndən də deyəsən, bizə borc verib ala bilmir. Yoxsa köhnə işçilərə təzə qayda-qanun dərsi keçmək istəyir? Onu başa salan lazımdır ki, bura mətbəə deyil, işçilərə ancaq icraçı mexanizmlər və çapçı dəzgahlar kimi yanaşsın. Bura həm də sehrli barmağı olan yaradıcı bir təşkilatdır ki, quru rəsmiyyəti, əmri, buyruğu, nizam-intizamı sevməz. Əksinə, lazım gəlsə təyin olunan, rəsmi rəhbəri də öz sehrli barmağına dolayar, sonra da həmin dolağı tərsinə fırlayıb özündən rədd edə bilər. Bəlkə Kaltenbrunner elə xam xəyala düşüb ki, açar zənciri kimi bizi artıq çeçələ barmağına sarımışdır? Bircə bu keçməz! Burda heç ala qarğa da bala çıxara bilməz! Lazım gəlsə, onu da özündən əvvəlkilərin getdiyi yolla “gəldiyi tərəfə” göndərərik!”.

Fazil elə hissə qapılmıdı ki, təsəvvüründə bir-birini əvəz edən mübaliğələrə yol verib mövcud Mənindən xeyli kənara çıxaraq fantastik Məninə qovuşduğunu tamamilə unutmuşdu. Bununla da hardasa, özünə böhtan atmışdı; axı Fazil bu idarədə işlədiyi cəmi-cümlətani on il ərzində bircə direktoru “gəldiyi tərəfə” yola salmışdı. Görünür, bu, onun həmin “dəstə”yə yenicə əmələ gəlməkdə olan hüsn- i rəğbətindən irəli gəlirdi.

Ardı var…

Edebiyat - 08:55 A A
BENZER HABERLER

HABER LİSTESİ

  • 01
    İran ve ABD, nükleer müzakerelere Roma’dan sonra Umman’da devam edecek
    ABD Başkanı Donald Trump anlaşma sağlanamaması halinde hava saldırıları düzenleyeceği tehdidinde bulunurken, İran da artan uranyum stokuyla nükleer silahlarını artırabileceğinin ipuçlarını veriyor. İran ve ABD arasında Tahran’ın hızla ilerleyen nükleer programına ilişkin müzakereler Cumartesi günü Umman’ın başkenti Maskat’ta yeniden başlayacak ve her iki taraftan teknik uzmanlar olası bir anlaşmanın ayrıntılarını belirlemeye çalışacak. Görüşmeler, ABD’nin yaklaşık […]
  • 02
    Naci Görür: 23 Nisan depremleri İstanbul depremini daha öne çekti
    Naci Görür, fay konuşmak yerine önemli olan konunun depreme dirençli kentler yaratmak olduğunu tekrarladı. Yer bilimci Prof. Naci Görür, Cuma günü yaptığı açıklamada 23 Nisan’da İstanbul’da meydana gelen 6,2’lik depremle ilgili, ”Bu son 23 Nisan depremleri İstanbul Depremini daha da öne çekti,” dedi. İstanbul’da Silivri açıklarında Çarşamba günü öğle saatlerinde meydana gelen ve 12:49’da çevre […]
  • 03
    İmamoğlu cezaevi hücresini çizdi: 19 Mayıs için Türk Bayrağı çağrısı yaptı
    Ekrem İmamoğlu, ‘Tüm Türkiye’ye çağrımı yineliyorum. 19 Mayıs’a kadar evlerde, iş yerlerinde, köylerde, şehirlerde, arabalarda, telefonlarda Türk Bayrağımız olsun,’ dedi. İstanbul Büyükşehir Belediye (İBB) Başkanı Ekrem İmamoğlu, tutuklu bulunduğu Silivri’deki Marmara Kapalı Cezaevi’ndeki hücresini çizdi. Renklendirilen çizim, İmamoğlu’nun sosyal medya hesabından paylaşıldı. İmamoğlu çizimle beraber şu notu paylaştı: “Ben odamı çizdim, arkadaşlarım da resmettiler. Hücremin […]
  • 04
    Merkez Bankası’nın yaptığı döviz satışı bir ayda 52 milyar doları aştı
    Merkez Bankası (TCMB), son iki yıldır rezerv biriktirmeyi öncelikli hedeflerinden biri haline getirmişti. Ekonomistler, İstanbul Büyükşehir Belediye (İBB) Başkanı Ekrem İmamoğlu’nun gözaltına alındığı 19 Mart’tan bu yana Türkiye Cumhuriyet Merkez Bankası’nın (TCMB) dövizi baskılayabilmek için yaklaşık 50 milyar dolardan fazla satış yaptığını hesapladı. İmamoğlu, 18 Mart’ta İstanbul Üniversitesi’nden aldığı diplomanın iptal edilmesinden bir gün sonra […]
  • 05
    Papa Francis’in cenaze töreni: Liderler Roma’da bir araya geliyor
    88 yaşında hayatını kaybeden Papa Francis’in cenaze töreni Cumartesi günü gerçekleşecek. Törene büyük bir kalabalığın katılması bekleniyor. Papa Francis’in Cumartesi günü yapılacak cenaze töreni öncesinde devlet başkanları ve ileri gelenler Cuma günü Roma’da bir araya geliyor. Vatikan, aralarında 50 devlet başkanının bulunduğu 130 delegasyonun katılımını teyit ettiğini açıkladı. ABD Başkanı Donald Trump ve Ukraynalı mevkidaşı […]